22 Oktyabr 2019, Çərşənbə axşamı - 15:16

Yeni Range Rover Evoque avtomobilini təqdim edirik: İstər şəhərdə, istərsə də şəhərdən kənarda lüks SUV

Yeni Range Rover Evoque avtomobilini təqdim edirik:  İstər şəhərdə, istərsə də şəhərdən kənarda lüks SUV

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:10 - 13 May, 2019

Orijinal lüks kompakt yolsuzluq avtomobili daha da təkmilləşib. Özünü həm şəhərdə, həm də şəhərdən kənarda evindəki kimi hiss edən yeni Evoque modeli hibrid-elektrik mühərrikləri seçimi ilə Range Rover ailəsinə qoşulur.

Range Rover Evoque

Lüks kompakt SUV bazarına təqdim edilmiş, dünya üzrə satışları 772 096-nı keçmiş və 217-dən çox beynəlxalq mükafata layiq görülmüş yeni Range Rover Evoque orijinal avtomobilin mürəkkəb təkamülündən ibarətdir. Misilsiz Range Rover irsini müasir texnologiyalarla bir araya gətirən, Britaniyada dizayn edilmiş, layihələndirilmiş və istehsal edilmiş bu avtomobil müasir müştərilərin ehtiyaclarını qarşılayır.

  • Oyunun qaydalarını dəyişən “Britaniya”lı SUV: orijinal və dəbdəbəli şəhər yolsuzluq avtomobili seqmentinə yeni standartlar diktə edir.
  • Eksteryerin dəqiq dizaynı ağlınızı başınızdan alacaq, dəbdəbəli interyer isə vaz keçilməz komfort bəxş edəcək.
  • Qənaətcil gözəl: 48 Volt gücündə elektrik enerjisi ilə çalışan effektiv hibrid mühərrik MHEV, 3 silindrli PHEV, 3 və 4 silindrli benzin və dizel mühərriki Ingenium yanacağa qənaət etməyə imkan verir. Rahat və dayanıqlı materiallar da öz yerində.
  • Təbiilik: Avtomobilin yeni dizaynı onun sakit, səlis və rahat hərəkət etməsinə imkan verir və ən sərt qlobal təhlükəsizlik tələblərinə cavab verir.
  • Məkanın mükəmməlliyi: Arxa sərnişinlərin rahatlıqla oturması üçün daha çox yer, qolf çubuğu dəstinin yerləşdirilməsinə belə imkan verən daha böyük yük yeri və kiçik əşyalar üçün daha böyük saxlanc yeri.
  • Sürücüyə mükəmməl görüntü imkanı verən SUV: Dünyanın ilk “Ground View” texnologiyası avtomobilin kapotunu sürücü üçün görünməz edir, yüksək əksetmə qabiliyyətinə malik video ekranı isə sürücünün oturacağından arxa görünüş güzgüsünün görünməsində inqilaba yol açır.
  • Gizli dərinliklər: “Innovative Terrain Response 2” texnologiyası şəhər küçələrindən dağ zirvələrinə qədər hər yerdə ehtiyaclarınızı qarşılayır və hava şərtlərindən asılı olmayaraq istədiyiniz yerə getməyinizə imkan verir.
  • Hər yerə bağlantı: “Apple CarPlay” smartfonunuzla, 4G WiFi hotspot internetlə, InControl Remote isə avtomobillə bağlantı qurmağınıza imkan verir.

Range Rover Evoque

Jaguar Land Rover şirkətinin qlobal marketinq direktoru Finbar Makfall bildirir: “Biz səkkiz il öncə bazarın yeni seqmentini yaratdıq və dünya bizdən nümunə götürdü. İndi biz lüks kompakt yolsuzluq avtomobili anlayışını kökündən dəyişmişik. Əsasında dizayn və imkanların dayandığı, ən son texnologiyalarla təchiz edilmiş yeni Range Rover Evoque ehtiyaclarınızı heç vaxt olmadığı kimi qarşılayır və şəraitdən asılı olmayaraq istədiyiniz yerə getməyinizə imkan verir.”

Orijinal avtomobilin tanınmış dizaynına əsaslanan yeni Range Rover Evoque Range Rover ailəsinə xas olan gözoxşayan səlis dam xətti və yuxarı doğru uzanan orta üfüqi xətti ilə seçilən fərqli kupe şəkilli siluetə malikdir.

Avtomobilin mükəmməl həcmi və proporsiyaları onun 21 düymlük disklərlə bir araya gələrək güclü və dinamik ab-hava yaradan gözəçarpan kənar xətləri və böyük təkərüstü oyuqları ilə birlikdə gözoxşayan təəssürat bağışlayır.

Ultra-nazik Matrix LED əsas fənərlər kimi qiymətli elementlər avtomobilin ön və arxa işıqlarının qrafikasını daha mürəkkəb edir. Gizlədilmiş qapı dəstəkləri avtomobilin səlis, hamar görünüşünə rəng qatır, axarlı istiqamət göstəriciləri isə brendin nişanını formalaşdırır. Əlavə olaraq təqdim edilən R-Dynamic detalları və cilalanmış mis aksentlər avtomobilə təkrarolunmaz cazibə qazandırır.

Range Rover Evoque

Avtomobilin daxilində əsaslı şəkildə düşünülmüş dizayn lakonik səthləri və sadə xətləri diqqətlə seçilmiş premium materiallarla bir araya gətirərək lüks, minimalist və rəqəmsal kabinə yaradır. Dəri materialların premium alternativi olaraq Kvadrat yun qarışığı və Dinamica® zamşası, habelə Eucalyptus və Ultrafabrics™ materialları kimi təkrar emal edilmiş plastikin istifadə edildiyi texniki parçalar təklif olunur. Kabinə sərnişinlərin rahatlığı, sağlamlığı və xoşbəxtliyini təmin edən sakit və rahat dizayna malikdir. Kabinədə yeni, daha sürətli proqram təminatından istifadə edilən qoşa sensor ekranlı Touch Pro Duo sistemi, 16 mövqeli oturacaqlar və geniş daxili məkanı tamamlayan hava ionlaşması sistemi var.

Land Rover şirkətinin baş dizayn direktoru Cerri Makqovern bildirir: “Range Rover Evoque 2010-cu ildə debüt etdikdə kompakt yolsuzluq avtomobilləri dünyasını dəyişmişdi. Yeni model də xələfinin bu təkrarolunmaz yolunu davam etdirəcək. Bu güclü xarakterə malik avtomobil baş gicəlləndirən və insanı gülümsəməyə vadar edən zəriflik və əyləncəni özündə birləşdirir.”

Range Rover Evoque

Avtomobilin sahəsi, demək olar ki, dəyişməyib, lakin hazırkı model Land Rover-in yeni qarışıq materiallı Premium Transverse Architecture həllinə əsaslandığından, daxili məkan əvvəlkindən daha genişdir. Uzun təkər bazası arxa sərnişinlər üçün yerin 20 mm artmasını və kiçik əşyalar üçün saxlanc yerinin daha geniş olmasını təmin edir. İndi daha geniş əlcək qutusu və mərkəzi qutuda planşetlər, əl çantaları və butulkaları asanlıqla saxlamaq mümkündür. Yük yeri 10% daha böyük (591 litr) və daha genişdir. Bura yığılmış uşaq arabası və ya qolf çubuqları dəstini rahatlıqla yerləşdirə bilərsiniz. Üstəlik ikinci sıradakı yığılan 40:20:40 oturacaqlar qatlandıqda yük yerinin tutumu 1383 litrə qədər artır.

Avtomobilin yeni dizaynı 48 voltluq yüngül hibrid motorla elektrikləşmə üçün hazırlanmışdır. Bundan başqa, təqribən 12 ay sonra enerji mənbəyinə qoşula bilən hibrid modeli də təklif ediləcək. Yüngül hibrid güc ötürməsi Land Rover avtomobillərində ilk dəfə istifadə olunur və mühərrikə quraşdırılmış kəmər ötürücülü işəsalma generatorunun sayəsində sürətin azalması zamanı bir qayda olaraq itirilən enerjini toplayaraq və onu döşəmənin altındakı akkumulyatorda saxlayaraq işləyir. 17 km/saatdan (11mph) aşağı sürətdə hərəkət zamanı sürücü əyləci basdığı halda mühərrik sönür. Avtomobil hərəkətə başlayarkən saxlanılan enerji mühərrikin sürət yığması və yanacaq sərfiyyatını azaltmaq üçün istifadə edilir. Nəticə intensiv hərəkət zamanı səlis, sakit və səmərəli ötürücü və effektivliyin artırılmasıdır.

Range Rover Evoque

Dörd silindrli Ingenium benzin və dizel mühərrikləri ilə təqdim edilən yüngül hibridlərin CO2 emissiyaları cəmi 149 q/km, yanacaq sərfiyyatı isə 50,4 mpg (5,6 l/100 km) təşkil edir (NEDC Ekvivalent sınaq prosedurlarına əsasən). Müştəri qabaq ötürücülü 150PS dizel mühərrikini seçdiyi halda avtomobilin karbon qazı emissiyaları cəmi 143 q/km həddində olur. Növbəti il məhsul çeşidinə daha böyük effektivliyə malik enerji mənbəyinə qoşula bilən hibrid elektrik avtomobili (PHEV) modeli və üç silindrli benzin Ingenium mühərriki də əlavə ediləcək.

Hər qarışı ilə Range Rover avtomobili olan kompakt SUV bütün hava şərtlərində hər yerə hərəkət etmək imkanı verir. Yeni Evoque Tam Ötürücülü İdarəetməyə, habelə effektivliyin artırılması üçün “Driveline Disconnect”ə malik ikinci nəsil Aktiv Transmissiyaya və rahatlıq və manevretmə qabiliyyətinin optimal tarazlığını təmin etmək üçün Adaptiv Dinamiklərə malikdir. “Terrain Response 2” ilk dəfə tam ölçülü Range Rover avtomobillərində istifadə edilən texnologiyadır. O, avtomobilin hərəkət etdiyi səthi avtomatik olaraq müəyyən edir və parametrləri müvafiq şəkildə tənzimləyir. Bunun sayəsində Evoque hazırda 600 mm-dək sudan keçə bilir (əvvəl 500 mm idi).

Range Rover avtomobillərinə xas olan sürücünün yüksək mövqeyi seqmentdə bir ilk olan, HD video ekranına çevrilən “ClearSight” arxa görünüş güzgüsünün sayəsində rəqəmsal eraya da gəlib. Sərnişinlər və ya iri əşyalar arxaya görünüşün qarşısını kəsirsə, sürücü sadəcə güzgünün aşağı hissəsindəki düyməni basır və avtomobilin yuxarısındakı kamera avtomobilin arxasını yüksək əksetmə qabiliyyəti ilə nümayiş etdirir. Ekran geniş (50 dərəcəlik) görünüş sahəsi və ala-qaranlıq şərtlərdə yüksək görüntü imkanları təmin edir.

Range Rover Evoque

Yeni Range Rover Evoque kapotun görünüş sahəsində olmamasını təmin edən “Ground View” texnologiyasına malik olan ilk avtomobildir. Bu texnologiya kameradakı görüntünü yuxarıdakı sensor ekrana proyeksiya edərək sürücüyə avtomobilin qabaq aşağı hissəsinə 180 dərəcəlik görüş sahəsi verir. Bu texnologiya avtomobil çətin yerlərdə dayandırarkən, şəhər mərkəzində səkinin kənarı ilə hərəkət edərkən və ya kələ-kötür ərazilərdə səfər edərkən çox faydalıdır və Land Rover tərəfindən 2014-cü ildə nəzərdən keçirilmiş Transparent Bonnet texnologiyasının reallaşdırılmış formasıdır.

Jaguar Land Rover şirkətinin məhsulların layihələndirilməsi üzrə icraçı direktoru Nik Rocers qeyd etdi ki: “Avtomobillərin əsasında mühəndislik və texniki inqilab durur. Avtomobilin tam yeni dizaynı həm enerji mənbəyinə qoşula bilən, həm də yüngül hibrid sistemlərə əsaslana bilər. Bu zaman korpusda yalnız qapı petlələri olduğu kimi qalır. Sərt xətlərə malik kuzovdan maksimum səviyyədə istifadə etmək üçün əhəmiyyətli şəkildə dəyişdirilmiş şassi Range Rover avtomobillərinə xas olan rahat və səlis səfər təcrübəsini təmin edir.”

“İndi Evoque həmişəkindən daha ağıllıdır. Məlumat-əyləncə sistemimizin əsasında duran proqram təminatı müştərilərin daha intuitiv idarəetmə imkanlarına sahib olması üçün təkmilləşdirilmişdir. Bundan başqa, biz smartfonların avtomobilə maneəsiz qoşulması üçün Apple CarPlay və Android Auto sistemlərini də əlavə etmişik.

Evoque sürücünün seçimlərini öyrənmək üçün süni zəka alqoritmlərindən istifadə edən və bort köməkçisi kimi hərəkət edən Ağıllı Parametrlərə malik olan ilk Land Rover avtomobilidir. Evoque oturacağın mövqeyi, musiqi və iqlim parametrləri ilə yanaşı, sürücünün rahatlığını artırmaq üçün sükan sütununu da idarə edə bilər.

Jaguar Land Rover şirkətinin Evoque modelinin yaradılması və istehsalına 1 milyard dollar sərmayə qoyması Birləşmiş Krallığın avtomobil sənayesini dəstəkləyir. Bura şirkətin Britaniyada, Heylvud, Mersisaydda yerləşən istehsal zavodunda müasir istehsal kompleksinin yaradılması üçün sərf etdiyi 110 milyon dollar vəsait də daxildir.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 326
Teqlər , ,
Paylaş

logo