Tsunoda: 2025-ci ildə həyatdan zövq almağı dayandırmışdım

Keçən il Yuki Tsunoda mövsümün əvvəlində Red Bull Racing komandasında Liam Lousonu əvəzləmişdi və Maks Ferstappenin komanda yoldaşı olmuşdu. Yaponiyalı sürücü Beyond The Grid podkastında həmin hadisələri xatırlayarkən, komanda yoldaşı ilə müqayisədə nəticələrin olmamasının psixoloji baxımdan onun üçün nə qədər ağır keçdiyini danışıb.

Yuki Tsunoda: “Heç bir şübhə yoxdur ki, 2025-ci il karyeramın ən ağır mövsümü olub, amma çox şey öyrənmişəm.

Adətən yaxşı yemək yemək və ya xoşladığım hansısa işlə məşğul olmaq mənə kifayət edib və yarışlar arasında tez toparlanmışam. Amma ötən mövsümün ikinci yarısında hər şey dəyişdi. Evə qayıdanda özümü tamamilə tükənmiş hiss edirdim. Adətən xoş bir şeydən sonra enerjim bərpa olunurdu, amma həmin vaxt bu baş vermirdi. Sadəcə enerji yox idi, yarışlar isə biri-birinin ardınca davam edirdi.

O qədər eniş-yoxuş yaşamışam ki, bir məqamda, ümumiyyətlə, həyatdan zövq almağı dayandırdığımı başa düşmüşəm. Düşdüyüm vəziyyət artıq mənə əvvəlki kimi xoş gəlmirdi və yəqin ki, Formula1-dən də ilk üç ildə aldığım həzzi almırdım.

Bu, çox ağır dövr olub. Özümü anlamağa və vəziyyəti dəyişmək üçün nə edə biləcəyimi başa düşməyə çalışmışam. Özümə sual verirdim ki, yaxşı yemək və buna bənzər şeylərdən başqa məni daha nə xoşbəxt edir. Adətən bu, dostlar olur, amma dostlarımın çoxu Yaponiyadadır. Onda başa düşmüşəm ki, bütün bu vaxt ərzində evdən çox uzaqda olmuşam. Yəqin, Formula3-də ilk ili keçirdiyim vaxtdan bəri bu barədə, ümumiyyətlə, düşünməmişəm.

Başa düşmüşəm ki, bu özümün həll etməli olduğum problemdir. Psixoloq, məşqçi və başqa insanlar mənə çox kömək edib, amma mövsümün ikinci yarısında təqvim çox sıx olub, buna görə də bütün bunlar xüsusilə çətin keçib. Eyni zamanda, bu il mənə özümü istənilən başqa mövsümdən daha yaxşı tanımağa imkan verib”.

2026-cı ildə Yuki Racing Bulls-a qayıtmaq imkanı əldə edib, çünki Ayzek Həcər biləyindən zədə alıb və onu Liam Louson əvəz edib. Tsunoda hesab edir ki, ötən il dəf etdiyi çətinliklər bu mövsüm ona daha yaxşı çıxış etməyə kömək edir.

“Düşünmürəm ki, nə vaxtsa yenidən 2025-ci ildəki kimi təzyiq və çətinliklərlə üzləşəcəyəm, – deyə Yuki sözünə davam edib. – Hazırda ciddi sınaqlardan keçirəm, amma bundan zövq almağı öyrənmişəm və özümü kifayət qədər rahat hiss edirəm.

Heç vaxt sürmədiyim maşının sükanı arxasına keçmişəm və dərhal sprintin sıralanma turunda çıxış etmişəm. Üstəlik, Racing Bulls bu mövsüm əla çıxış edir və Mühəndislər Kubokuda 5-ci yeri tutur. Yarışda səhvə yol vermək olmazdı, çünki komandaya xallar lazım idi. Bütün bunlara baxmayaraq, özümü normal hiss edirdim, güclü təzyiq hiss etmirdim”.