S.Domenikali: Tamaşaçı üçün ötmələr hər şeydən vacibdir

Son bir neçə Formula1 yarışının televiziya yayımlarından maşınların batareya səviyyəsini göstərən qrafika yoxa çıxıb. Bir çox azarkeş buna diqqət yetirib, çünki yeni texniki reglamentin şərtlərində bu məlumat təkcə üstələmə anını deyil, ona nəyin səbəb olduğunu və bundan sonra mübarizənin necə inkişaf etdiyini də anlamağa kömək edir.

Formula1-in prezidenti və icraçı direktoru Stefano Domenikali yayımlarda bu qrafikanın olmaması barədə sualə cavab verərkən bildirib ki, belə məlumat əksər tamaşaçılar üçün sadəcə maraqsızdır.

Stefano Domenikali: “Heç kəsi maraqlandırmır ki, sürücü maşını necə idarə edir. İnsanları maraqlandıran odur ki, ötmə baş verib, ya yox. Məhz bu, böyük əksəriyyət tamaşaçı üçün önəmlidir.

Bəli, razıyam ki, belə məlumatlara böyük önəm verən azarkeş qrupu da var. Bu DRS ilə bağlı vəziyyətə oxşayır – insanlar ötmənin özü ilə maraqlanırdılar, onun səbəbləri ilə yox.

Şənbə günü mənim Corc Lukasla çox maraqlı söhbətim oldu. O, Macarıstanda idi və yeni azarkeşlərin Formula1-i necə qavradığı barədə öz baxışını bölüşdü. O, yayımları necə daha sadə etmək barədə çox maraqlı bir məqam təklif etdi, çünki yeni tamaşaçılar səhnəarxasında baş verən bütün texniki nüansları anlamırlar. Onları ilk növbədə trasda davamlı olaraq nəyinsə baş verməsi cəlb edir.

Əlbəttə, idmanın texniki tərəfi ilə dərindən maraqlananlara lazımi məlumat verilməlidir. Amma inanırsınız, əksər tamaşaçı sadəcə trasdakı mübarizəni görmək istəyirlər. Onları qanadın açılma bucağı, əyləc sistemində təzyiq və ya ötmənin necə baş verdiyini izah edən digər texniki detallar maraqlandırmır.

Xatırlayın, necə möhtəşəm şəkildə Maks Ferstappen Lyuis Həmiltonu Macarıstanda ilk döngədə ötdü. Bu, həqiqi bir sənət əsəridir və tamaşaçılar məhz belə anları görmək istəyirlər. Bu, əsasən, sürücülərin ustalığı ilə bağlıdır.

Nəticə etibarilə, bütün digər şeylər yalnız sürücünün maşının imkanlarından maksimum şəkildə yararlanmaq üçün istifadə etdiyi alətlərdir – istər əyləc, istər sürətləndirmə, istərsə də elektrik güc qurğusunun işi. Mən bunu belə görürəm.

Əlbəttə, azarkeşlərimizin müəyyən hissəsi üçün belə məlumatlar vacibdir və onlar mövcuddur. Ancaq aldığımız rəyə əsasən, əksər tamaşaçılar üçün bu maraqlı deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*