Rəsmən: Polşalılar Alfa Romeo-da – Kubitsa ehtiyat sürücü, PKN ORLEN titul tərəfdaş

Alfa Romeo komandası bu gün verdiyi açıqlamada bildirib ki, gələn ildən etibarən PKN ORLEN şirkəti komandanın titul tərəfdaşı olacaq, şirkətin dəstəklədiyi Robert Kubitsa isə mövsümü komandanın test və ehtiyat sürücüsü kimi keçirəcək.

F-1.az xatırladır ki, Polşanın neft şirkəti keçən il Robert Kubitsa ilə Williams komandasının sponsoru olaraq idmana girmişdi. Lakin çətin keçən mövsümdən sonra Kubitsa Williams-dan getmək qərarına gəlmişdi. Bu gün isə məlum olub ki,  PKN ORLEN də Britaniya təmsilçisi ilə yollarını ayırıb.

Neft şirkəti Haas və Racing Point komandaları ilə danışıqlar aparsa da, nəticə əldə edə bilməyərək sonda seçimini Alfa Romeo-nun üzərində saxlayıb. Bu gün tərəflər müqavilə imzaladıqlarını elan ediblər. Beləliklə, PKN ORLEN 2020-ci ildə İsveçrə təmsilçisinin titul tərəfdaşı olacaq. Müqaviləyə əsasən, PKN ORLEN-in loqotipləri C39-un və komanda üzvlərinin geyimlərinin üzərində olacaq, komanda bu il Alfa Romeo Racing ORLEN adlanacaq.

Şirkətin dəstəklədiyi Robert Kubitsa da vaxtilə debüt edərək yeganə qələbəsini qazandığı komandaya qayıdır, amma bu dəfə test və ehtiyat sürücü kimi…

Frederik Vassyör: “PKN ORLEN ilə yeni müqavilə həyəcanvericidir. Onların dəstəyi komandamız üçün möhtəşəmdir.

Roberti isə evinə qaytardığım üçün xoşbəxtəm. Öz dövrünün ən yaxşı sürücülərindən biri idi və ralli qəzasından sonra yenidən idmana qayıtması əzmkarlığını göstərmişdi. Onun geribildirimləri bizə çox dəyərlidir”.

Robert Kubitsa: “Alfa Romeo komandasına qatıldığım üçün şadam. Bu komanda mənim üçün əzizdir və buraya qayıtdığıma xoşbəxtəm. Alfa Romeo-ya kömək etmək üçün səbirsizlənirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*