Permeyn: Maks və Liam daha ehtiyatlı davrana bilərdilər

Cümə günü Mexikoda ikinci sərbəst yürüş zamanı Maks Ferstappen və Liam Louson arasında qəribə insident yaşanıb və sürücülər maşınlar arasında təmasdan yayına bilməyiblər, nəticədə bolidlər zədələnib.

Ferstappen 12-ci döngənin daxili trayektoriyasında Lousonu qabaqlayıb, bundan sonra yenizelandiyalı sürücü növbəti döngədə mövqeyini geri qaytarmağa çalışıb və məhz orada təmas baş verib.

Dördqat dünya çempionunun bununla bağlı sözlərini daha əvvəl təqdim etmişdik və Maks o zaman Liamın ünvanına kifayət qədər sərt danışıb: “Komandada yer uğrunda mübarizə aparan sürücü üçün bu, ən ağıllı davranış deyil”.

Sürücüləri stüardların yanına çağırıblar və hər şey qarşılıqlı cərimə ilə yekunlaşıb. Racing Bull komandasının rəhbəri Alan Permeyn insident və onun nəticələri ilə bağlı qıcıqlandığını gizlətməyib:

“Düşünürəm, yalnız bir məqamı vurğulamaq lazımdır: məşqlərdə belə insidentlər qətiyyən yersizdir və bunu hər iki sürücü barədə deyirəm. Maksın orada nə dediyini bilmirəm, onun sözlərini eşitməmişəm, amma əminəm ki, onun öz fikri var. Liamın da öz fikri var, amma şəxsən mən hesab edirəm ki, hər ikisi daha ehtiyatlı davrana bilərdi”.

Xatırladaq ki, Mexiko Qran Prisi stüardlarının qərarı belə olub: Ferstappen və Louson eyni cəza alıblar – hər ikisi startda bir mövqe itirəcək və superlisenziyalarına bir cərimə balı əlavə olunacaq.

Maksın şərhi kontekstində Formula 1-in keçmiş sürücüsü, indi isə Sky Sports telekanalının populyar ekspertlərindən biri olan Karun Çandhokun sözlərini də xatırlatmaq yerinə düşər: “Əgər Liam Louson komandadakı yerini itirsə, bu, ən ədalətsiz uzaqlaşdırmalardan biri olacaq. Çünki o, bu mövsüm işinin öhdəsindən əla gəlir. O, Red Bull Racing-dən uzaqlaşdırılması ilə bağlı xatirələrin psixoloji təzyiqinə baxmayaraq, yenidən yaxşı nəticələr göstərir. Amma bu mövsümün üç yarışında o, yenidən Red Bull maşınlarını idarə edib və özünü kifayət qədər yaxşı tərəfdən göstərib”.

Çandhokun nəzərdə tutduğu budur ki, Louson bu il artıq keçirilmiş 18 mərhələnin 13-də xal qazansa və şəxsi hesabda 9-cu yerdə getsə də, onun perspektivli bolqar sürücü Nikolu Tsolovla əvəz oluna biləcəyi barədə şayiələr dolaşır. Tsolov dünən Formula 1-də debüt məşqinə çıxıb və məhz Liamın maşınını idarə edib.

, ,