15 Oktyabr 2019, Çərşənbə axşamı - 02:56

Məntiqsiz ardıcıllıq

Məntiqsiz ardıcıllıq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:42 - 06 Oktyabr, 2009

Dünən sıralanma turundan sonra öz-özümə düşünmüşdüm ki, bir neçə sürücünün start düzlüyündə beş yer itirməklə cərimələnməsi hamıya aydın və başadüşülən […]

Dünən sıralanma turundan sonra öz-özümə düşünmüşdüm ki, bir neçə sürücünün start düzlüyündə beş yer itirməklə cərimələnməsi hamıya aydın və başadüşülən olacaq. Amma bir şeyi unutmuşdum ki, FİA hər şeyə öz məntiqi ilə yanaşır, bu məntiq bəzən adi riyazi hesablamalara da tabe olmur. Səhər tezdən FİA-nın dərc etdiyi start düzlüyü versiyasına baxanda özümü gülməkdən güclə saxladım…

FİA-nın özünəməxsus riyazi hesablamaları var imiş. Bu hesablamalara əsasən, start düzlüyündə +5 yer cərimə olunması: a) Barrikello üçün +1, b) Batton, Kovalaynen və Buemi üçün +3 və c) Sutil və Alonso üçün +4 deməkdir. Nəticədə qazandığı dördüncü yerə sevinən Force İndia sürücüsü ondan yavaş olmuş Barrikellodan iki yer aşağı start almalı olub. Yüksək pilotaj!

Amma məntiqlə hər şey sadədir – sadəcə günahkarların günah törətmə ardıcıllığını, Heykki Kovalaynenin maşınında ötürmələr qutusunun dəyişdirilməsi və Timo Qlokun yeni şassisinin yığılması barədə məlumatların verilmə vaxtını bilmək lazıdmır. Sonuncu cütlüyü tapmaq çətindir, amma ilk günahkarlar məncə aydın idi – əvvəlcə Buemi maşını divara çırpır və dağılmaqda olan maşınla boksa qayıdır, yolda BMW Sauber sürücülərinə mane olur, sonra sarı bayraqlar dalğalanmağa başlayır və bu zaman Alonso, Barrikello, Batton və Sutil trasla bu ardıcıllıqla getdikləri kimi sürəti azaltmaq tələbini pozublar. Bu minvalla sürücülər start düzlüyünə yerləşdiriliblər…

Amma etiraf etməliyəm ki, bu məntiqsiz ardıcıllığı nə qədər hesablasam da, FİA-nın təklif etdiyi düzümü ala bilmədim…

Amma bazar günü axşam FİA-dan daha bir məntiqsizlik gördük: axı bu necə ola bilər ki, qaydaları pozursan və buna görə cərimə olunmursan? Söhbət Niko Rosberqdən və yarışın 45-ci dövrəsində baş verən insidentdən gedir. Bir dövrə əvvəl gənc ispan sürücü Xayme Algersuari yolun kənarında qoyulmuş İNG reklamını vurub dağıtmaqla Nelsinyo Pikeni xatırlatmışdı. Trasa Təhlükəsizlik Maşını çıxdı – bu il TM-in qaydaları dəyişib. İndi üç il əvvəl olduğu kimi sürücü pit-leynə istənilən vaxt girə bilər, amma bunu müəyyən vaxt çərçivəsində edə bilər, yəni əvvəllər olduğu kimi tam sürətlə trasla hərəkət edə bilməz. Hər bir sürücünün trasdakı vəziyyətinə uyğun olaraq boksa qayıtmağın minimum vaxtı hesablanır, hər bir maşın bu siqnalı alır, bundan sonra motoru idarəedən vahid blok (ECU) SC xüsusi rejiminə keçir və sükandakı paneldə boksa qayıtma müddəti göstərilir.

Niko Rosberq isə finişdən sonra bildirib ki, paneldə nəinki bu vaxt, həm də bu qrafiki qabaqlama və ya geriqalma plyus-minus vaxtı göstərilir. Nikonun sözlərinə görə, alman sürücü paneldə belə bir informasiyanı görməyib. Amma stüardların araşdırması zamanı məlum olub ki, Niko paneldə belə bir məlumatı görə bilməzmiş, çünki bu zaman paneldə yanacaq bakında yanacağın az qaldığı barədə məlumat verilirmiş. FİA nümayəndələrinin yanından çıxdıqdan sonra Niko bu rəsmi məlumatı bildirib, mənə isə bütün bunlar mövsümün ilk yarışında Lyuis Həmiltonu xatırlatdı…

Cərimədən yaxa qurtaran Niko finişdəki beşinci mövqeyini qoruyub, amma sürət rejimini pozmasa idi, bu mümkün olmazdı – Williams sürücüsü ikinci pitlər başlamamışdan əvvəl yeddinci yerdə Barrikello və Battonun arasında gedirdi, amma trasda çox qalamqla o heç nə qazanmırdı, əksinə 44-cü dövrədə artıq Battonu cəmi 21 saniyə qabaqlayırdı, adi vəziyyətdə bu fərqlə Niko mövqeyini qoruya bilməzdi. Özünün 45-ci dövrəsini Niko pit-stopu nəzərə almaqla 1.39,697 saniyəyə keçib, sürücülərin bu zaman itirdikləri iki saniyəni çıxsaq 1.37,697 alarıq, bu isə Yarno Trulli və Lyuis Həmiltonun nəticəsindən 4 saniyə sürətlidir, hərçənd pitə qədər Niko bu sürücülərin arxasında idi. Həmin an trasda yalnız Sebastyan Fettel ondan sürətli olub, amma Fettel artıq təhlükəli zonanı keçdikdən sonra sarı bayraqlar dalğalanmağa başlamışdı…

Maraqlıdır ki, FİA bu halda yüngülləşdirici hallar tapmaqla Nikonu cərimə etmədi, amma bununla Mühəndislər Kubokundakı cüzi mübarizə də növbəti yarışa adladı – Brawn GP komandasının debüt ilində Kuboku qazanması üçün ona 0.5 xal çatmır, həm də Sebastyan Censondan 17 deyil, 16 xal geri qalır.

Amma mənim FİA-ya bir neçə sualım var. Birincisi, nə vaxtdan qaydaları bilməmək məsuliyyətdən azad edir (söhbət dövrəni başa vurmaq vaxtından gedir)? İkincisi, ECU-nun SC rejimi nə deməkdir və necə olur ki, mühüm əhəmiyyət kəsb edən məlumatı paneldə daha az əhəmiyyət kəsb edən yanacğın miqdarı barədə məlumat örtür? Üçüncüsü, paneldə sürücü bu məlumatı görmürdüsə, bəs trasda sallanmış SC lövhələrini də görmürdü və ya komanda radio ilə ona bu barədə xəbər verməmişdimi? Dördüncüsü, axı bütün maşınların panelində məlumat menyusunun birindən digərinə keçmək mümkündür, niyə Niko 30 saniyədən də çox bir müddət ərzində gözlərini “az yanacaq” məlumatına zilləyibmiş, niyə digər menyuya keçməyib?

Qeyd etməliyəm ki, bu il Təhlükəsizlik Maşını müxtəlif traslara bir neçə dəfə çıxsa da, bu cür hal birinci dəfə baş verib. Bütün keçən ilin ikinci yarısını sərbəst yürüşlərdə FİA komandalarla SC rejimini test edirdi, amma indi sistemdə nasazlıq müəyyən edilib – eyni zamanda iki məlumat sükandakı paneldə əks oluna bilməz və ya yanacaq məlumatı daha üstündür. Həm də bu insidentdən sonra idman reqlamentini diqqətlə oxudum, orda boksa qayıtmağın minimum vaxtı haqqında heç nə tapmadım. Maddə var ki, yavaş qayıtmaq və rəqiblərinə mane olmaq olmaz. Onda belə çıxır ki, Robserq heç bir qaydanı pozmayıb – kim yavaş gedirdisə, onun problemidir…

Lyuis Həmilton KERS sayəsində startda qazandı, sonra isə sistemin imtina etməsi üzündən Yarno Trullini irəli buraxdı. Necə deyərlər, KERS verdi və KERS aldı. Təbii ki, bu cür uduzmaq yaxşı deyil, amma digər tərəfdən, McLaren sevinməlidir – Suzuka və Silverstoun eyni xarakteristikalı traslardır və ev trasında Lyuis sıralanma turunda heç ikinci sessiyaya belə çıxa bilməmişdi. Yarışda isə yerli azarkeşlərin xətrinə yarımçıq dayanmadan finişdə 16-cı olmuşdu. İndi isə komandanın inkişafı göz qabağındadır.

Yeri gəlmişkən, Britaniya yarışı ilə müqayisələri davam etdirsək, Toyota-nın inkişafı elə də gözəçarpan deyil. Yayda Yarno yalnız Red Bull sürücülərinə uduzurdu, elə indi də heç nə dəyişməyib. Amma o yarışda italiyalı sürücü uğursuz start aldığı üçün yalnız yeddinci olmuşdu, bu dəfə isə Toyota-nın və komandanı tərk etməyə hazırlaşan sürücünün aktivinə gözəl yarış əlavə etmək olar – məsafədə Trullinin tempi yalnız Red Bull sürücülərindən və yarışın ikinci hissəsində yumşaq təkərlərlə qana-qan söyləyən Kimi Rəykkönendən geri qalırdı…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 347
Teqlər
Paylaş

logo