Dünən FİA elan edbi ki, fransız avtomobil şirkəti Cosmobilis investisiya şirkəti Park Square Capital ilə birlikdə Dünya Ralli Çempionatının (WRC) kommersiya hüquqlarını əldə edib. Əməliyyat çərçivəsində Erik Bulye WRC Promoter – WRC-nin kommersiya inkişafına cavabdeh şirkətin baş direktoru təyin edilib.
Erik Bulye: “Mən bu yeni çağırışı böyük həvəs ilə qəbul edirəm, amma eyni zamanda üzərimdəki məsuliyyəti də başa düşürəm.
Biz ralli çempionatlarını azarkeşlər üçün daha da maraqlı etmək istəyirik. FİA və tərəfdaşlarımızla birlikdə hər mərhələni dünya üzrə ralli həvəskarları üçün həqiqi bir tədbirə çevirmək niyyətindəyik.
Məqsədimiz WRC və ERC-ni yeni səviyyəyə çıxarmaq, onları qlobal brendlərə çevirmək və müasir texnoloji və ekoloji çağırışları nəzərə alaraq dayanıqlı inkişafı təmin etməkdir”.
Erik Bulye 2010-2013-cü illərdə Formula1-də Lotus komandasına rəhbərlik edib, daha sonra dörd il yarım McLaren-də yarış direktorunun vəzifəsini tutub. 2018-ci ildə fransız mütəxəssis komandadan ayrılıb və sonra Fransa Qran Prisinin təşkilatçılığına cavabdeh olub.





