McLaren apellyasiya şikayəti verib

McLaren komandası stüardların Monako Qran Prisinin nəticələrini yenidən nəzərdən keçirərək Pyer Qasliyə üçüncü yeri qaytarması barədə qərardan rəsmi şəkildə apellyasiya şikayəti verdiyini təsdiqləyib.

F-1.az xatırladır ki, Barselonada keçirilən son yarış ərəfəsində stüardlar Alpine komandasının Monakoda Pyer Qasliyə verilmiş iki cəzanın yenidən nəzərdən keçirilməsi ilə bağlı müraciətini təmin etmişdilər. Nəticədə fransalı pilot Monako Qran Prisinin yekun protokolunda yenidən üçüncü yerə yüksəlmişdi. Digər komandaların bu qərardan şikayət vermək üçün 96 saat vaxtı var idi və McLaren bu hüquqdan istifadə edib.

“McLaren Racing təsdiqləyir ki, 2026-cı il Monako Qran Prisi ilə bağlı aşağıdakı qərarlara qarşı FIA-nın Beynəlxalq Apellyasiya Məhkəməsinə rəsmi apellyasiya müraciəti təqdim edib: 99 saylı sənəd – “Stüardların qərarı”, 100 saylı sənəd – “Yenilənmiş yekun yarış protokolu” və 101 saylı sənəd – “Yenilənmiş çempionat xalları”, – deyə McLaren-in bəyanatında bildirilir. – Biz FIA-nın hüquqi prosedurlarına və stüardların roluna tam hörmətlə yanaşırıq, lakin hesab edirik ki, bu hadisə idman ədaləti, reqlamentin ardıcıl tətbiqi və idmanın bütövlüyü ilə bağlı vacib suallar doğurur.

Monako Qran Prisi həftəsonu ərzində, eləcə də digər bütün mərhələlərdə komandalar həmin vaxt qüvvədə olan pit-leyn sürət limiti qaydalarına və standart prosedurlara uyğun fəaliyyət göstəriblər. İştirakçılar öz prosedurlarını buna uyğun qurublar və lazım gəldikdə həmin qaydalara əsasən verilmiş cəzaları qəbul edib yerinə yetiriblər.

Bizim fikrimizcə, sonradan bu cəzaların ləğv edilməsi qaydalara və stüardların qərarlarına uyğun hərəkət edən bəzi iştirakçıları əlverişsiz vəziyyətə salır. Belə nəticə idman baxımından bərabərsizliyə səbəb ola və FIA-nın İdman Reqlamentinin ardıcıl tətbiqinə olan inamı sarsıda bilər.

Apellyasiya vermək qərarımız hər hansı iştirakçıya qarşı yönəlməyib. Bu addım daha çox çempionatın hamı üçün ardıcıl, şəffaf və ədalətli şəkildə tətbiq olunan qaydalardan fayda gördüyünə dair inamımızı əks etdirir.

McLaren idmanın bütövlüyünü qorumaq və tənzimləmə sisteminə olan etimadı saxlamaq üçün FIA, Formula 1 və digər komandalarla konstruktiv əməkdaşlığa sadiq qalır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*