Mayami Qran Prisinin pərdəarxasında baş verənlər – həmyerlimiz Zərifə Əhədzadə danışıb

Altı ildir ki, Amerika Birləşmiş Ştatlarında yaşayan Zərifə Əhədzadə 2015-ci il Avropa oyunları, Azərbaycan Qran Prisi və nəhayət, Mayami Qran Prisində əməliyyatlar üzrə menecer vəzifəsində çalışıb.

F-1.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirən həmyerlimiz hazırda Massaçusets ştatının Boston şəhərində yerləşən Fletçer Universitetində oxuyur.

Həmyerlimizlə müsahibəni sizə təqdim edirik:

– Bir Formula1 pilotunu yetişdirmək üçün külli miqdarda vəsait serf olunur. Bəs bir xanımı avtoidman sahəsinə ən azı bir jurnalist kimi, ya pərdəarxasında çalışan əməkdaş kimi yetişdimək üçün nə lazımdır? Dolayısı ilə xanımların marağını avtoidmana necə oyatmaq mümkündür?

– Formula1 yarişlarında müxtəlif ixtisas və peşə sahibləri işləyirlər. Sizinlə raziyam, pilotlar müəyyən kriteriyalar əsasında seçilir və yarışlar üçün xususi olaraq hazırlanır. Digər butun vəzifələr ixtisas və ya təcrubəsinə uygun olan hər kəs üçün əlçatandır.

Keçmiş illərlə müqayisədə hazırda xanımların avtomobil istifadəsinə və idman növlərinə marağı daha yüksəkdir.

Birləşmiş Ştatlarla bağlı maraqlı bir statistika var, sürücülük vəsiqəsinə sahib xanımların sayı 105.7 milyon olduğu halda, kişilər üçün bu rəqəm 104.3 milyonu keçmir.

Bakıda keçirilən Formula1-lə bağlı bir məqamı qeyd edim, 2015-ci ildə Azərbaycan Qran Prisinə hazırlıqlar başladığı dövrdə könüllülər arasında xanımların sayı üstünlük təşkil edirdi. Həmin könüllülər təkcə bir il deyil, sonrakı illərdə də Qran Pridə çalışmağa davam etdilər.

– Bəs sizin Formula1-ə marağınız necə yarandı?

– Formula1 yarışlarını uşaqlıqdan izləyirdim. Maşınların dizaynı və mühərriklərin səsi xoşuma gəlirdi.

Formula1-ə gəlməyim də təsadüfi olmayıb. 2015-ci ildə Avropa Oyunlarında Milli Gimnastika arenasında əməliyyatlar meneceri vəzifəsində çalışırdım. Oyunlar bitdikdən sonra isə o zaman Avropa Qran Prisinə işə dəvət aldım.

– Öz ixtisasınız nədir?

– Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirmişəm. 2011-2012-ci illərdə İREX proqramı üzrə Viskonsin Universitetində 1 illik bakalavr təhsili almışam. Hazırda isə Bostonda Harvard və Tufts Universitetinin nəzdində fəaliyyət göstərən Fletçer məktəbinə qəbul olmuşam, hüquq və diplomatiya oxuyuram.

– Maraqlıdır, Mayami Qran Prisi ilə yolunuz necə kəsişdi?

– 2021-ci ildə Şimali Karolina ştatına yeni köçmüşdük və Mayami Qran Prisinin keçirilməsi ilə əlaqədar qarşıma məlumat çıxdı və mən də keçmiş təcrübəmə əsaslanıb əməliyyatlar meneceri vəzifəsinə müraciət etdim. Bir müddət sonra, mənimlə Mayami Qran Prisinin əməliyyatlar şöbəsinin vitse-prezidenti əlaqə saxladı. İlk olaraq email yazdı. Daha sonra telefonla danışdıq, müsahibə təyin olundu. Müsahibədən uğurla keçdim. O vaxt mənimlə intervyu keçirən şəxs gələcək menecerim Mark Boyd Bakı Qran Prisinin dünyada nümunəvi yerlərdən biri olduğunu xüsusi qeyd etmişdi. Bakı Qran Prisinin ilkin və əsas komandasında çalışmağım Mayamidə işə qəbulumu asanlaşdırdı.

– Mayami Qran Prisi vətənimizdə keçirilən yarışla müqayisədə daha gəncdir. Çünki birinci dəfə hələ keçən il keçirildi. Nə kimi üstünlüklər və ya çatışmayan tərəfləri gözə çarpırdı?

– Turistlər şəhəri olan Mayamini bütün dünya tanıyır. İlk dəfə keçirilməsinə baxmayaraq, bu Qran Pridən gözləntilərim yüksək idi. Birinci növbədə qeyd edim ki, Qran Priyə çox yüksək büdcə ayrılmışdı. Azarkeşlər üçün Mayami Qran Prisi yüksək səviyyədə idi. Marketinq və maliyyə departamenti yaxşı iş ərsəyə gətirmişdi: avtomobillərin sərgilənməsi, pilotlarla görüşlər, əyləncəli tədbirlər – hər şey əla idi. Lakin əməliyyatlar şöbəsinin fəaliyyətində, trasın tikintisində və digər bu kimi təşkilati məsələlərdə gözəçarpacaq problemlər kifayət qədər idi. Azərbaycanda pərdəarxası əməliyyatlar şöbəsi olduqca peşəkar və yüksək səviyyədə iş sərgiləyirdi. Bakıda biz Bəhreyn Qran Prisinin təcrübəsinə əsaslanırdıq, Mayaminin nümünəsi isə Əbu Dabi Qran Prisi idi. Məsələn, bizim trasın inşası elə ilk ilində memar Herman Tilkeyə həvalə olundu. Qeyd edim ki, Tilke bu sahədə ən yaxşısıdır. Mayamidə isə trası ilk olaraq Apex şirkəti inşa etdi, sonradan problemlər üzə çıxdıqda isə Tilkeyə müraciət etməli oldular.

– Pilotlarla ünsiyyət necə? Fikrimcə, Mayami Qran Prisində daha sıx ünsiyyət qurmaq mümkün olar?

– Xeyr, əksinə! Maraqlıdır ki, Azərbaycanda pilotlarla görüşmək, şəkil çəkdirmək, imza almaq daha asan idi və bizə qadağa qoyulmamışdı. Amma Mayami Qran Prisindən 1 ay əvvəl işçi heyətinə qəti tapşırıq verilmişdi ki, pilotlarla danışmaq, onlarla şəkil çəkdirmək olmaz. Biz pilotlarla yalnız onlar bizə sual verdikdə danışmaq haqqına sahib idik. Qaydalar daha sərt idi. Bir məqamı xüsusilə ilə vurğulamaq istərdim ki, Mayamidə könüllü yox idi. Könüllü əvəzinə onlar işçilərə saatlıq ödəniş edirdilər. Oradakı ödənişli işçilərin iş səviyyəsi Bakıdakı könüllülərə bərabər idi.

– Mayami Qran Prisində çalışmaq necə hissdir, əməkhaqı sizi qane edirmi?

– Qran Pri keçirilməzdən öncə, əvvəlki aylar olduqca gərgin olur, yarışöncəsi həftələrdə bəzən gündəlik 10-15 saat çalışmalı olurdum, övladlarımla vaxt keçirə bilmirdim. Formula1 Mayami ofisi Hard Rock Stadium-da yerləşir. Əməkhaqqı Mayami və ümumiyyətlə, Florida ştatının orta illik əməkhaqqı ilə müqayisədə yüksək idi. Nəzərə alsaq ki, Florida varlı ştat hesab edilmir və yerli əhaliyə verilən əməkhaqqı ilə müqayisədə bizə verilən əməkhaqqı yüksək hesab edilirdi.

– Hazırda Formula1-dən bir müddət uzaqlaşmaq fikrindəsiniz. Səbəb nədir?

– Formula1 mənim üçün maraq dairəsidir, yarışları sevirəm və daim izləyirəm. Gələcək illərdə özümü tamamən fərqli bir sahədə görürəm. Hədəfim Birləşmiş Millətlər Təşkilatında qadın hüquqları müdafiəsi ilə bağlı layihələrin həyata keçirilməsində iştirak etməkdir.

Arzularımdan biri də inkişaf etməmiş ölkələrdə qadın hüquqları mövzusunda maarifləndirmə işləri aparmaqdır.

Ərəb ölkələri, Afrika qitəsi bu mövzuda daha çox diqqətimi çəkir. Maarifləndirmə “missiyasını” tamamladıqdan sonra isə qeydlərim əsasında kitab yazmağı planlaşdırıram.

– Biz sizə bu yolda səbir və uğur arzulayırıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*