Madrinq trasının beş əsas özəlliyi

The Race nəşrinin jurnalistləri bu həftəsonu ilk dəfə İspaniya Qran Prisinə ev sahibliyi edən Madrinq trasında piyada tam bir dövrə vuraraq, yeni avtodromun beş əsas xüsusiyyətini ön plana çıxarıblar.

Rəsmi olaraq Madrinq şəhər trası sayılır və Madridin əsas hava limanının yaxınlığında, IFEMA sərgi mərkəzinin ətrafında salınıb. Lakin dövrənin təxminən yarısı daha çox stasionar avtodromu xatırladır.

Ən diqqətçəkən xüsusiyyətlərdən biri hündürlük fərqidir. Məsələn, 7-ci döngədən 8-ci döngəyə qədər olan hissədə tras 8%-lik qradientlə yuxarı qalxır.

MadRing

La Monumental bənkinqi

Madrinqin əsas diqqət mərkəzi La Monumental bənkinqidir. Trasın ilk renderləri dərc olunan andan etibarən bu hissə diqqət çəkirdi, sürücülər, komandalar və Pirelli isə bu döngəni texniki baxımdan ən çətin hissələrdən biri adlandırırdılar. İndi tikinti başa çatıb və təxminən 550 metrlik bu sektor daha da təsirli görünür.

Döngənin daxilindəki hündür tribunalar və geniş qonaqlama zonası amfiteatr effekti yaradır. İndi aydınlaşdırmaq lazımdır ki, La Monumental-ın konfiqurasiyası bir neçə yarış trayektoriyasından istifadə etməyə imkan verəcəkmi və bu, mübarizəni daha da maraqlı edəcəkmi?

MadRing

Beşinci döngə problem yarada bilər

Lakin dövrənin ən çətin yerlərindən biri bənkinq deyil, 5-ci və 6-cı döngəlardan ibarət şikana olacaq. O, üçüncü döngədən sonra başlayan dövrənin ən sürətli hissəsinin sonunda yerləşir. Formula3 testlərində problemlər məhz burada yaşanıb, qalan təkər izləri də bu şikananı keçməyin nə qədər mürəkkəb olduğunu təsdiqləyir.

Sürücülər porebriklərlə ehtiyatla işləməli olacaqlar, xüsusən də çıxışda çox diqqətli davranmalıdırlar, çünki iti bucaq altında yerləşən baryer burada daralma yaradır.

17-ci döngə də sürətli və çətin hissələrdən biri olacaq. Ondan əvvəl sürücülər sürətli sol döngəni keçir, sonra isə sağ döngədən əvvəl kəskin əyləcləməlidirlər.

MadRing

Çox hamar asfalt

Madrinqin asfaltı çox hamar alınıb. Tras şəhər tipli olsa da, komandaları klirensi artırmağa məcbur edəcək ciddi nahamarlıqlar burada, demək olar ki, yoxdur. Bəzi yerlərdə FİA sürücülərə tras limitlərinə riayət etməkdə kömək etməli olan xüsusi xətləri porebriklər üzərinə çəkib.

MadRing

Çox böyük paddok

Paddok da qeyri-adi görünür. Boksların IFEMA kompleksinin daxilində yerləşməsi səbəbindən Williams və Racing Bulls arasında təxminən 150 metrlik boşluq yaranıb və burada yazılı mətbuatla televiziya üçün iş zonaları yerləşdirilib. Boksların arxasında, həmçinin ayrıca mühəndis otaqları və komanda yük maşınları üçün sahələr var.

Bəzi motorhoumlar kondisionerli binaların daxilində yerləşir, McLaren və Mercedes isə açıq havada qurulub.

MadRing

Uzun pit-leyn və mürəkkəb çıxış

Madrinqdə pit-leyn də böyük ölçüləri ilə seçilir. Sürət məhdudiyyəti xətlərinin arasındakı məsafə 562 metrdir, çıxış isə kifayət qədər mürəkkəb alınıb – maşınlar trasa üçüncü döngənin yaxınlığında qayıtmazdan əvvəl beton maneəyə doğru sürətlənəcəklər. Pirelli-nin hesablamasına görə, pit-leyn üzrə vaxt itkisi təxminən 25 saniyə olacaq.

,