Keçənilki favoritlərin məsləhətləri

Hazırkı çempionatda titul uğrunda mübarizə mənə hardasa keçənilki çempionatı xatırlatmağa başlayır, o zaman Lyuis Həmilton və Felipe Massa yalnız xal […]

Hazırkı çempionatda titul uğrunda mübarizə mənə hardasa keçənilki çempionatı xatırlatmağa başlayır, o zaman Lyuis Həmilton və Felipe Massa yalnız xal uğrunda mübarizə aparmırdılar, onlar əsasən problem yaşamadan daha az səhvə yol verməyə çalışırdılar. Builki çempionatın titula dörd namizədini də problemlər izləyir, hərçənd mövsümün sonuna cəmi altı Qran Pri qalır. Həm də indi ortaya daha bir əsas faktor çıxır – həlledici yarışların güclü pressinqi…

Götürək Censon Battonu. İlk yeddi yarışdan altısının qalibi son dörd yarışda nəinki podiumda olmayıb, heç podiuma yaxın düşə bilməyib. Bu gün Brawn GP əla maşın hazırlamışdı, britaniyalı sürücü sonuncu dövrələrdə yarışda qələbə qazanmış komanda yoldaşından sürətli olduğunu göstərdi, amma finiş xəttini yalnız yeddinci keçə bildi. Hələ demək olar ki, onun bəxti gətirdi, çünki Red Bull Mark Uebberin son pit-stopunu pis keçirdiyi üçün çempionatın liderindən geriqalmanı azaltmaq əvəzinə daha da artırdı…

Mark Uebber Nürburqrinqdə qələbəsindən sonra iki yarışdır ki, şəraitlə mübarizə aparmalı olur – qeyri-münasib tras və yüksək temperatur. Bu gün üstəlik sonuncu pitdə problemlər yaşandı – avstraliyalı sürücü Battondan bir dövrə çox trasda qalsa da, yavaş Heykki Kovalaynenin arxasında vaxt itirdi.

Sebastyan Fettel isə mövsümün on bir yarışından beşində yarışı yarımçıq dayandırmalı olub – təxminən yarısında, titula namizəd üçün ağlasığmaz göstəricidir. Hələ bəxti gətirdi ki, Batton bu gün çox xal toplaya bilmədi, amma alman sürücünün motorlarla vəziyyəti çox pisdir. Valensiyada şənbə və bazar günləri imtina etmiş iki motor Monako və Türkiyədə imtina etmiş iki motorun yanına göndərildi. Orta hesabla üç yarışdan bir alman sürücü bir motoru “öldürür”, nəticədə mövsümün sonuna kimi qalmış altı yarış üçün onun cəmi iki təzə motoru qalıb. Qarşıda isə onu motorlara ən tələbkar olan iki yarış gözləyir – Spa və Monsa. Düzdür, mövsümün əvvəlindən motor ustaları 17 yarışda 8 motorun istifadəsinə icazə verən reqlamentə uyğun olaraq, motorun resursunu xeyli artırmışdılar. Amma Red Bull artıq indidən startda 10 yer itirməyə hazırlaşır. “Öküzlər”in başçısı Kristian Horner etiraf edib ki, “motorlar qurtardığı üçün biz mütləq cərimə alacayıq.”

Bəzi azarkeşlər artıq Sebastyanın üzərindən xətt çəkiblər və hesab edirlər ki, sürücülərindən birinin belə çətin vəziyyətdə olan komanda digər sürücünün xeyrinə qərar qəbul etməlidir. Bu dilemmaya Red Bull-un cavabını bilmək üçün sürücülərin yanaşı getdikləri mərhələni gözləmək lazımdır, həm də hiss edirəm ki, Avstriya komandası son ana kimi gözləyəcək – Fettel onların gələcəyidir, onun müqaviləsi opsionla bir yerdə 2012-ci ilə kimi uzadılıb, amma Uebberlə isə gələn ilin sonuna kimi…

Rubens Barrikello. Qısa müddət ərzində, Formula1 təqviminə görə cəmi iki mərhələ ərzində, braziliyalı sürücü Almaniyada “mən bu komandanı görmək belə istəmirəm” sözlərindən Valensiyada “mən komandaya təşəkkür etmək istəyirəm” sözlərinə dəyişib. Məhz bu müddət ərzində o ikinci yerdən dördüncü yerə və yenidən ikinci yerə ekskursiya edib. Bu gün Rubensə heç bir iddiamız yoxdur. O bütün uik-end boyu komanda yoldaşından sürətli olub, üçüncü yerdən start aldıqdan sonra McLaren-i məcbur etdi ki, əvvəl “piyada” Heykki Kovalayneni qurban verdi, sonra isə “vəzir” Lyuis Həmilton da əldən getdi. Məhz Barrikellonun yarış tempinə görə “gümüşü oxlar”ın rəhbərliyi ikinci pit-stopda sürücülərin ardıcıllığnı dəyişmək istədi, nəticədə bəlkə də yarışın taleyini həll edən ləngimə baş verdi…

Siz Martin Uitmarşın sözlərinə inanmaya bilərsiniz, yəni pit-stopdakı ləngimə qələbənin əldən verilməsinə səbəb olmadı, amma quru statistika göstərir ki, McLaren-in başçısı yalan danışmır. Əvvəla birinci pit-dən sonra Lyuis-Rubens intervalını izləyək – Lyuisdən 8.8 saniyə geri qalan braziliyalı veteran sürücü yanacaq doldurduqdan sonra trasa qayıdanda iki maşın arasındakı fərq cəmi 3.2 saniyə idi, yəni iki piti ayıran dörd dövrə ərzində fərq 5.6 saniyə azalmışdı. Komanda Rubensdən ikinci pitə kimi fərqi 3 saniyə civarında saxlamağı xahiş edirdi, Rubens-in yaratdığı 3.6 saniyəlik fərq də kifayət edirdi ki, ikinci pitdən sonra Lyuisi ən azı iki korpus qabaqlasın. Yeri gəlmişkən qeyd edək ki, Kimi Rəykkönenə Heykkidən geri qaldığı 4.3 saniyəni aradan qaldırmaq üçün cəmi iki dövrə kifayət etmişdi.

Pitdən çıxdığı 41-ci dövrənin sonunda Rubens Lyuisi rəsmən 5.8 saniyə qabaqlayırdı, yenə statistikaya baxaq – Heykkinin piti Lyuisdən bir dövrə sonra 20.4 saniyə çəkib, Lyuisin piti isə 25.6 saniyə. Deməli, lap beş saniyəlik ləngiməni rəsmən çıxsaq, yenə də Rubens 41-ci dövrənin sonunda britaniyalı sürücünü qabaqlamalı idi.

Amma hər şey normal keçsə idi, biz bəlkə də yarışın liderlərinin mübarizəsini görə bilərdik, amma ümumilkdə, Uitmarş haqlıdır ki, bu gün McLaren Brawn-a sürətdə uduzurdu. Hər halda yarışın ikinci hissəsində hazırkı dünya çempionu zəif idi – komanda bir tərəfdən ondan fərqi artırmağı tələb edirdi, digər tərəfdən isə sürəti azaldıb yanacağa qanət etməyi, sürücü isə komandaya maşının balansından gileylənirdi. Barrikello isə həmin anlarda əla sürət nümayiş etdirirdi, Ross Braunun sürücülərinin ənənəsinə sadiq qalaraq sürətli dövrələr bir-birini əvəz edirdi…

Sonda isə KERS barədə qısa qeyd vermək istəyirəm. Artıq hamı adət edib ki, KERS strateji əhəmiyyət kəsb edir və yarışın startında daha çox kömək edir. Məncə, Avropa Qran Prisi birinci yarışdır ki, KERS olmayan komandalar sistemi ciddi qəbul etməyə başladılar. Əvvəlcə Niko Rosberq yeddinci start mövqeyini şərh edərkən bildirdi ki, qəsdən daha çox yanacaq götürüb ki, KERS maşınlarını irəli buraxsın, çünki startda KERS-lilər onsuz da qabağa çıxacaq. Daha gec ilk pit-stop sayəsində alman sürücü mövqe qazanmağı planlaşdırırdı. Ross Braun da eyni cür düşünmüşdü. Nəticədə 50% planlar alındı – Niko heç nə udmadı, üç KERS-li maşının arxasında beşinci yeri qazandı, amma Rubens hər şeyi uddu.

Amma daha bir sürücü var ki, onun üçün belə bir strategiya səhv addım oldu – Censon Batton. Birinci döngədə onu Fettel ləngitdi, ikinci döngədə Alonso, daha sonra Uebber onu trasdan çıxartdı. Son nəticədə yeddinci yer və cəmi iki xal…

Ona görə də KERS-li və KERS-sizlərin mübarizəsinə hələ son qoyulmayıb. Maraqlıdır, Spa və Monsada vəziyyət necə olacaq? Censonun sözlərinə görə, “KERS bizi sadəcə darmadağın edəcək…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*