14 Oktyabr 2019, Bazar ertəsi - 03:35

Jaguar-ın tam yeni Jaguar XE idman üslublu sedanı təqdim olunub

Jaguar-ın tam yeni Jaguar XE idman üslublu sedanı təqdim olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:19 - 24 Sentyabr, 2019

Jaguar Land Rover avtomobillərinin Azərbaycandakı eksklüziv pərakəndə satış təmsilçisi “Avtolüks Azərbaycan” yeni Jaguar XE modelini təqdim edib. Yeni modelin təqdimatı keçən şənbə mətbuat nümayəndələrinin və seçilmiş qonaqların iştirakı ilə Sürücü Təlim Mərkəzində (Test & Training Center) keçirilmiş yüksək səviyyəli tədbirdə baş tutub.

F-1.az bildirir ki, 2015-ci il modelinin konstruktiv və texnoloji baxımdan əhəmiyyətli yenilənmələrini özündə əks etdirən yeni Jaguar XE modelində əvvəlki versiyanın gözəl proporsional ölçüləri daha da təkmilləşdirilib. Yenilənmiş eksteryer dizaynı XE modelinə daha məqsədyönlü və iddialı xarakter verib. F-TYPE idman avtomobilindən ilhamlanaraq hazırlanmış müasir dizayn elementləri ilə yeni idman üslublu görünüşün verilməsində daha bir addım irəli atılıb. Yeni XE model avtomobilin performansından və təkmil aerodinamikasından xəbər verən daha geniş ön bamper boşluqları, diqqətçəkici qrafik dizaynı və “əzələli” formaları ilə əvvəl olduğundan daha geniş və alçaq görünüşə sahibdir.

2020 Jaguar XE

Yeni LED əsaslı ön fənərlər və gözəl görünüşə malik, imza xüsusiyyəti daşıyan “J” formalı gündüz fənərləri avtomobilə məqsədyönlü görünüş verir. Avtomobilin arxa hissəsindəki yeni bamper dizaynı və tamamilə LED əsaslı, yenilənmiş imza xüsusiyyətli qrafikanı özündə əks etdirən daha incə arxa qabarit işıqları avtomobilin vizual enini ön plana çıxarmaqla ən son XE modelinə daha “yerə yatmış” görünüşü verir.

R-Dynamic modellərində performans yönümlü xarakteri daha da artırmaq üçün əlavə eksteryer dizayn elementləri kimi təyyarə qanadcığından ilhamlanaraq hazırlanmış girintili-çıxıntılı səth, bamper haşiyəsinin tünd torşəkilli detalizasiyası və alternativ təkər üslublarından istifadə olunmuşdur. İdman üslubunun təsirləri interyerdə də kontrastlı tikiş işləməsinə malik idman üslublu oturacaqlarla, atlas xrom sükanaltı ötürmələr keçiricisi və R-Dynamic qapıaltı lövhəsi ilə davam etmişdir.

2020 Jaguar XE

Tamamilə yenilənmiş, gözəl hazırlanmış interyerdə yer alan yumşaq materiallar, premium şponlar və tamamilə yenilənmiş qapı üzlükləri istifadə rahatlığını daha da artırır. Yeni XE modelinin lüks və texnologiya ilə zəngin interyeri avtomobildə olan hər kəs üçün daha yüksək səviyyədə rahatlığı, keyfiyyəti və rabitə imkanlarını təmin edir. İstifadə rahatlığını, yüklərin yerləşdirilməsi imkanını və sərnişinlərin rahatlığını daha da artırmaq üçün kabinə hər bir cəhətdən təkmilləşdirilmişdir. Jaguar-ın ikioturacaqlı flaqman idman avtomobilinin təsiri də özünü aşkar göstərir, belə ki, dəyişiklik edilmiş orta konsolun üzərində F-TYPE ilə ortaqlıq təşkil edən Sport Shift ötürücü selektoru və Jaguar Drive Control dəyişmə düyməsi yerləşir. Tamamilə elektronlaşdırılmış I-PACE modeli ilə ortaqlıq təşkil edən yeni sükanda əsas funksiyalara intuitiv nəzarət məqsədilə yalnız işıqlandıqda görünən qrafik elementlər və toxunduqda hiss olunan dəyişmə düymələri yerləşir.

Yeni XE modeli, həmçinin, bu günə qədərki ən ağıllı və ən çox rabitə imkanlarına malik modeldir. Jaguar-ın I-PACE modeli ilə ortaqlıq təşkil edən Touch Pro Duo informasiya-əyləncə sistemi bu modeldə ilk dəfə təqdim olunmaqla yüksək görüntü keyfiyyətinə malik, rəvan şəkildə yerləşdirilmiş bir cüt həssas ekran vasitəsilə instinktiv idarəetməni təmin edir. Naqilsiz cihaz şarjetmə texnologiyası və “ağıllı” Smart Settlings texnologiyası da XE modelində ilk dəfə təqdim olunur.

2020 Jaguar XE

Öz seqmentinin birincisi olan Clear Sight arxa görüntü güzgüsü sürücünü arxadakı yolun maneəsiz görüntüsü ilə təmin edərək təhlükəsizliyi və rahatlığı artırır. Sistem arxaya baxan geniş bucaqlı kameradan istifadə edərək arxa oturacaqdakı uca boylu sərnişinlərin, zəif işıqlandırmanın və ya arxa şüşənin üzərindəki yağış damcılarının maneəsi ilə üzləşmədən görüntünü çərçivəsiz arxa görüntü güzgüsünün daxilindəki yüksək görüntü keyfiyyətinə malik ekrana ötürür.

Jaguar XE modelinin alüminiumdan intensiv istifadə edilməklə hazırlanmış yüngül kuzovu avtomobilin çevik idarə olunmasında, müstəsna təhlükəsizliyində və qənaətcilliyində böyük rol oynayır. Özünü sübut etmiş arxa ötürücülü və tam ötürücülü sistemlər, ikiqat köndələn lingli ön asılqan və çoxlingli arxa asılqan, eləcə də Jaguar-ın ən təkmil mühərrikləri ilə birlikdə, 75 faizi alüminiumdan təşkil olunan kuzov dinamik idarəetməni və performansı təmin edir.

2020 Jaguar XE

Bütün XE modelləri üçün standart olan “Dinamik” rejim avtomobilin idman xarakterini artırır, sürət ötürücüsünün daha cəld keçidini, drossel qapağının vəziyyətinin dəyişməsinə kəskin həssaslığı və sükanın yüklənməsini artırır. Sifarişçinin istəyinə görə təqdim olunan Configurable Dynamics (Konfiqurasiya Edilə Bilən Dinamika) sistemi sürücülərə sürmə rejimini daha asan şəkildə müəyyənləşdirməyə imkan verir. Bu funksiya sürücülərin mərkəzi həssas ekran vasitəsilə mühərrik, ötrmələr qutusu və sükan üçün Komfort və ya Dinamik rejimi seçməklə avtomobili öz istədikləri rejimə keçirməsinə şərait yaradır. Təyin olunduğu halda, Adaptive Dynamics (Adaptiv Dinamika) bütün vaxtlarda və bütün yol vəziyyətlərində komfort və zəriflik arasındakı optimal tarazlığı təmin etmək üçün amortizatorları tənzimləyir.

Yeni XE modelində həm arxa ötürücülü, həm də tam ötürücülü variantlarda standart olaraq avtomatik sürət ötürücüsü mövcuddur. Jaguar-ın istəyə görə təqdim olunan, qabaqcıl fırlanma anı hasil edən, tam ötürücülü sistemi və İntelligent Driveline Dynamics (İntellektual Transmissiya Dinamikası) texnologiyası XE modelinin orta ötürücülü idarəetmə hissini və çevikliyi qoruyub-saxlamaqla bütün hava şəraitində performansı, dartı qüvvəsini və sürücünün özünə inam hissini artırır. Tam ötürücü sistemlə təchiz olunmuş 300 at qüvvəsinə malik benzinlə işləyən mühərrik 100 km/saat sürəti 5.7 saniyəyə əldə etməyə imkan verir.

2020 Jaguar XE

Yeni XE modelində benzin və dizellə işləyən təmiz və qənaətcil İngenium mühərriklərindən hər hansısa birini seçmək mümkündür. Model Azərbaycan bazarı üçün 2 ötürücü versiyasında – ön və tam ötürcülü versiyalarda təqdim olunur. Müvafiq olaraq ötürücü tipinə görə 2000 sm3-lik mühərrikə təchiz olunmuş 250 və 300 at qüvvəsi Jaguar həvəskarlarına avtomobili sifariş edərkən sərbəst seçim imkanı yaradır. Həmin mühərriklər müvafiq olaraq P250 və P300 adlandırılmışdır. 180 at qüvvəsinə malik, dizellə işləyən və D180 adı verilmiş qənaətcil İngenium mühərriki isə 430 Nm fırlanma anı hasil edir və 4.9 litr/100 km yanacaq sərfiyatına malikdir.

XE modelinin baza komplektasiyasına avtomatik sürət ötürücüsü, 18 düyməlik disklər, elektron dəri oturacaqlar, yeni nəsil qrafikaya malik tamamilə LED əsaslı qabaq fənərlər və arxa qabarit işıqları, ön və arxa parkinq assistenti, arxa kamera və zolağa nəzarət sistemi daxildir.

Sifarişçilər həmçinin S, SE və HSE komplektasiyalı versiyalardan birini seçib arzu etdikləri avtomobili sifariş edə bilərlər. Bu komplektasiyalardan hər biri idman üslublu R-Dynamic variantında da mövcuddur. İstəyə görə seçilə bilən müxtəlif paketlər daha yüksək səviyyədə təqdim olunan individuallığa şərait yaradır.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 247
Teqlər , ,
Paylaş

logo