Hokkenhaym Formula1 ilə danışıqlara başlayıb

Hokkenhaym avtodromunun yeni sahibləri Formula1 rəhbərliyinə Almaniya Qran Prisini geri qaytarmaq təklifi ilə müraciət ediblər.

Alman trası 1970-ci ildən fasilələrlə dünya çempionatının mərhələlərinə ev sahibliyi edib: son yarış 2019-cu ildə keçirilib və Maks Ferstappen gözəl qələbə qazanıb. 2024-cü ildə avtodromun idarəsi yeni investorların əlinə keçib və onlar infrastrukturu xeyli genişləndirməyi planlaşdırırlar.

Hokkenhaymrinqin səhmlərinin 74.99%-inə sahib olan emodrom qrupu Porsche Experience Centre mərkəzinin genişləndirilməsinə, yeni hotel və Motorworld kompleksinin tikintisinə 250 milyon avro yatırmağı planlaşdırır və Formula1-in geri dönməsini də nəzərdən keçirir.

Formula1-in prezidenti və icraçı direktoru Stefano Domenikali danışıqların baş tutduğunu təsdiqləyib. O qeyd edib ki, mərhələlərin keçirilməsi üçün yüksək promouter haqları ödəməyə hazır digər ölkələr də iddiaçıdır, buna görə Hokkenhaymrinqin rəhbərliyi təqvimə qayıtmanın hansı xərclər tələb edəcəyini yaxşı başa düşür.

Stefano Domenikali: “Hokkenhaym nümayəndələri bizimlə əlaqə saxladılar, ondan sonra ilkin danışıqlar aparıldı. Bildiyiniz kimi, onlar hazırda avtodrom kompleksini inkişaf etdirirlər və ilkin mərhələdə bir qədər fərqli hədəflər güdürdülər.

Əgər onlar Formula1 mərhələsinin keçirilmə imkanını müzakirə etmək istəyirlərsə, əlbəttə, bu, tam fərqli səviyyədə investisiyalar tələb edəcək, çünki biz xüsusi tələblər qoyuruq. Ancaq biz artıq bu məsələni müzakirə etmişik.

Biz, əlbəttə ki, Formula1-in ABŞ-də populyarlığının artmasını izləyirik, eyni zamanda, Avropada da artımın müşahidə olunduğunu görürük və Avropa bizim üçün yenidən önəmli bazara çevrilir. Avropadakı göstəricilər həqiqətən də artır”.

Domenikali əlavə edib ki, Avropa traslarının rəqabətə davamlılığı yüksəkdir, çünki bir sıra ölkələr Qran Pri üçün iddia edirlər. Söhbət Cənubi Afrika Respublikasından, Ruandadan, Tailanddan, Cənubi Koreyadan, Argentinadan, eləcə də Çin və Yaponiyada ikinci yarışların keçirilməsindən gedir. Stefano Domenikali bildirib ki, “Afrikada aparılan danışıqlar çox uğurla irəliləyir”, lakin Formula1 razılaşmaları tələsik bağlamaq niyyətində deyil, çünki yaxın perspektivdə çempionat təqvimi artıq, demək olar ki, formalaşıb. O hesab edir ki, Çində ikinci mərhələ keçirmək hələ tezdir.

“Çin və Yaponiyadan yeni təkliflər alırıq, – deyə Formula1 prezidenti davam edib. – Amma hələlik Çində yalnız bir yarış saxlamaq istəyirik, çünki əvvəlcə bu bazardakı mövqelərimizi daha da gücləndirməliyik və yalnız sonra ikinci mərhələni nəzərdən keçirə bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*