19 Oktyabr 2019, Şənbə - 13:59

FİA 2020-ci ilin təqvimini təsdiq edib: Bakı iyunda çempionatı qəbul edəcək

FİA 2020-ci ilin təqvimini təsdiq edib: Bakı iyunda çempionatı qəbul edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:06 - 05 Oktyabr, 2019

Dünən Kölndə FİA prezidenti Jan Todtun sədrliyi ilə Avtoİdman üzrə Ümumdünya Şurasının iclası baş tutub – iclasda 2020-ci il mövsümü üçün Formula1 üzrə Dünya çempionatının təqvimi təsdiq olunub.

F-1.az xəbər verir ki, yeni mövsüm mərhələlərin sayına görə rekorda imza atacaq – martın ortasından noyabrın sonunadək çempionat iştirakçıları 22 Qran Pridə güclərini sınayacaqlar. Təqvimdə iki yeni yarış yer alıb – Vyetnamın paytaxtı Hanoya idmançılar ilk dəfə yollanacaqları halda, Hollandiyanın əfsanəvi Zandfort trası 35 illik fasilədən sonra təqvimə qayıdacaq. Bizim yarışımız isə ikiillik fasilədən sonra iyun ayına qayıdacaq – düzdür, bu dəfə iyunun sonuna deyil, ilk həftəsinə.

Hərçənd, dünən axşam təsdiq olunmuş təqvimdə hər iki tras hələlik ulduzla işarə olunub: yəni hər iki trası hələ FİA-nın təftişi gözləyir – Zandfortda yenidənqurma işləri yanvarda başlamalıdır, Hanoyda isə trasın şəhər küçələrindən kənar hissələrində tikinti işləri artıq başlayıb.

Yeni mövsümün gedişində 14 yarış cəmi birhəftəlik fasilə ilə ayrılıb: Avstraliya və Bəhreyn, Hollandiya və İspaniya, Azərbaycan və Kanada, Fransa və Avstriya, Belçika və İtaliya, Sinqapur və Rusiya, ABŞ və Meksika. Bunun səbəbi ənənəvi avqust tətilini – komandaların 4 həftəlik məzuniyyətini saxlamaq istəyi olub.

Xatırladaq ki, təqvimin ilkin versiyası avqustda təqdim olunmuşdu – FİA son versiyada heç bir dəyişiklik etmədən təqvimi rəsmən təsdiqləyib.

Növbəti dəfə Ümumdünya Şurası dekabrın 4-də Parisdə toplaşacaq – FİA Baş Assambleyasının toplantısından sonra federasiyanın bayrağı altında baş tutan çempionatların ilk üçlükləri mükafatlarını alacaqlar…

2020-ci il mövsümünün təqviminin ilkin versiyası:

TarixQran PriKeçirildiyi şəhər
15 martAvstraliyaMelburn
22 martBəhreynSaxir
5 aprelVyetnamHanoy
19 aprelÇinŞanxay
3 mayHollandiyaZandfort
10 mayİspaniyaBarselona
24 mayMonakoMonako
7 iyunAzərbaycanBakı
14 iyunKanadaMonreal
28 iyunFransaLe Kastelle
5 iyulAvstriyaŞpilberq
19 iyulBritaniyaSilverstoun
2 avqustMacarıstanBudapeşt
30 avqustBelçikaSpa
6 sentyabrİtaliyaMontsa
20 sentyabrSinqapurSinqapur
27 sentyabrRusiyaSoçi
11 oktyabrYaponiyaSuzuka
25 oktyabrABŞOstin
1 noyabrMeksikaMexiko
15 noyabrBraziliyaSan Paulu
29 noyabrƏbu DabiYas Marina

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 614
Teqlər , ,
Paylaş

logo