Frederik Vassyör: Gərgin işləmək lazımdır

Cümə günü Şarl Lekler sərbəst yürüşlərin protokoluna iki dəfə başçılıq edib, amma ötən həftə Ostində də vəziyyət belə olub, lakin nə sıralanma turunda, nə də yarışda qələbə qazanmaq mümkün olmayıb. Scuderia-nın rəhbəri Frederik Vassyör ümid edir ki, bu dəfə şənbə günü dünənki sürəti təsdiqləmək mümkün olacaq…

Frederik Vassyör: “Cümə günü əldə olunan yaxşı nəticələr artıq özünəinam üçün əsas deyil. Şənbə günü də mümkün olan ən yaxşı nəticəni qazanmaq üçün gərgin işləmək, maksimum səy göstərmək lazımdır.

Buradakı şərait yüksək dağlıq əraziyə görə son dərəcə ekstremal olub, amma biz bunu əvvəlcədən bilirdik. Bu, bizim üçün çağırış olub, amma eyni dərəcədə digərləri üçün də belədir. Bu isə o deməkdir ki, qarşıda bizi hələ çox iş gözləyir. Üstəlik, tras çox kələ-kötür olub, ilk döngədən əvvəl isə, yəqin ki, hətta həddindən artıq. Bu, demək olar ki, təhlükəlidir”.