Formula1-də 2027-ci il mövsümünün təqvimi təqdim olunub

Formula1-də 2027-ci il mövsümünün təqvimi rəsmən təqdim olunub. Təqvimə 22 ölkədə keçiriləcək 24 Qran Pri və sprint formatlı 10 mərhələ daxildir.

Mövsümöncəsi testlərlə yarış ili start götürəcək, bu testlər 24-27 fevralda Bəhreyndə keçiriləcək. Saxir trası 12-14 martda mövsümün ilk mərhələsinə də ev sahibliyi edəcək, bundan sonra isə Formula1 Səudiyyə Ərəbistanına yollanacaq. Apreldə Avstraliya, Yaponiya və Çində yarışlar planlaşdırılıb.

Mayda Mayami və Kanadada Şimali Amerikanın iki mərhələsi baş tutacaq, bundan sonra iyunun ilk uik-endində Monako mövsümün Avropa hissəsini açacaq. Ardınca Formula1 Portuqaliyaya qayıdacaq, sonra isə Böyük Britaniya, Avstriya, Belçika və Macarıstan mərhələləri keçiriləcək, daha sonra ənənəvi avqust fasiləsi başlanacaq.

Mövsüm sentyabrın ilk uik-endində İtaliyada davam edəcək. Daha sonra İspaniya, Azərbaycan və Türkiyə mərhələləri keçiriləcək. Türkiyə də uzun fasilədən sonra təqvimə qayıdacaq, amma əvvəlcə İstanbuldakı tras FIA-dan omoloqasiya almalıdır.

Bundan sonra Formula1 Sinqapura yollanacaq, daha sonra isə Şimali və Cənubi Amerikada dörd mərhələ keçiriləcək – ABŞ, Mexiko, San Paulu və Las Veqasda. Mövsümə dekabrda Qətərdə və Əbu Dabid’ keçiriləcək iki yarışla yekun vurulacaq.

Gözlənildiyi kimi, 2027-ci ildə 10 mərhələ sprint formatında keçiriləcək. Bunlar Bəhreyn, Avstraliya, Yaponiya, Kanada, Monako, Böyük Britaniya, İtaliya, San Paulu, Qətər və Əbu Dabidir. Təqvim artıq FIA-nın Ümumdünya Şurası tərəfindən təsdiqlənib.

Formula1-in 2027-ci il mövsümünün rəsmi təqvimi

Tarix Qran Pri Tras
12-14 mart Bəhreyn (sprint) Saxir
19-21 mart Səudiyyə Ərəbistanı Ciddə
02-04 aprel Avstraliya (sprint) Melburn
09-11 aprel Yaponiya (sprint) Suzuka
16-18 aprel Çin Şanxay
30 aprel – 02 may Mayami Mayami
21-23 may Kanada (sprint) Monreal
04-06 iyun Monako (sprint) Monako
18-20 iyun Portuqaliya Portiman
02-04 iyul Böyük Britaniya (sprint) Silverstoun
09-11 iyul Avstriya Şpilberq
23-25 iyul Belçika Spa
30 iyul – 1 avqust Macarıstan Budapeşt
03-05 sentyabr İtaliya (sprint) Monza
10-12 sentyabr İspaniya Madrid
24-26 sentyabr Azərbaycan Bakı
01-03 oktyabr Türkiyə İstanbul*
08-10 oktyabr Sinqapur Sinqapur
22-24 oktyabr ABŞ Ostin
29-31 oktyabr Mexiko Mexiko
05-07 noyabr San Paulu (sprint) San Paulu
18-20 noyabr Las Veqas Las Veqas
03-05 dekabr Qətər (sprint) Lusail
10-12 dekabr Əbu Dabi (sprint) Yas Marina

* – trasın omoloqasiyası tələb olunur

Muhəmməd ben Sulayem: “2027-ci il üçün Formula1 təqvimi idmanımızın necə qlobal xarakter aldığını və inkişafını necə davam etdirdiyini bir daha göstərir. Təqvimə beş qitədə 24 Qran Pri daxil edilib, Portuqaliya və Türkiyədəki mərhələlər qayıdacaq, sprintlərin sayı isə artacaq. Bununla yanaşı, biz azarkeşlərə böyük diqqət ayıraraq və yüksək idman standartlarını qoruyaraq ənənələrlə yeni ideyaları birləşdirməyə nail oluruq.

Birgə işə və dəstəyə görə Formula One Management-ə, mərhələ təşkilatçılarına, milli idman federasiyalarına, FİA nümayəndələrinə və könüllülərinə, eləcə də bütün tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm. Biz birlikdə Formula1-i inkişaf etdirməyə davam edirik və bütün dünyada sürücülər və azarkeşlər üçün yeni mövsüm hazırlayırıq”.

Stefano Domenikali: “2027-ci il mövsümünün təqvimi dünyanın ən məşhur avtodromlarını və ən parlaq şəhərlərini bir araya gətirərək Formula1-in yeni mövsümü üçün əla səhnə yaradır. Portuqaliya və Türkiyənin qayıdışına, eləcə də sprint proqramının on mərhələyədək genişlənməsinə sevinirik – azarkeşləri daha çox parlaq yarış, intriqa və Formula1-i sevməyimizin əsas səbəbi olan təkər-təkərə mübarizə gözləyir.

Formula1 inkişafını davam etdirir və bütün dünyada getdikcə daha çox tamaşaçı cəlb edir. Mərhələdən mərhələyə planetin ən yaxşı sürücüləri ən çətin traslərdə mübarizə aparacaq, bu yolda onlara Formula1-in ən güclü komandaları, aparıcı avtomobil istehsalçıları və böyük beynəlxalq tərəfdaşlar kömək edəcək. Onlar birlikdə idmanda bənzəri olmayan bir tamaşa yaradırlar. Biz bu möhtəşəm yolu davam etdiririk və bütün dünyadakı azarkeşlərə təşəkkür etmək istəyirik, çünki etdiyimiz hər şeyə məhz onların ehtirası təkan verir.

FİA-ya və prezident Muhəmməd ben Sulayemə, komandalara və sürücülərə, mərhələ təşkilatçılarına, tərəfdaşlara, sponsorlara və Qran Pri qəbul edən şəhərlərə dəyişməz dəstəyə və iştiraka görə təşəkkür etmək istəyirəm. Hər bir Qran Pri keçirilməsini mümkün edən könüllülərin, marşalların və rəsmi şəxslərin böyük töhfəsini ayrıca qeyd etmək istərdim.

Bu təqvimin gerçəyə çevrilməsini səbirsizliklə gözləyirik və parlaq anlar, barışmaz mübarizə və möhtəşəm yarışlarla dolu daha bir mövsüm keçirməyə ümid edirik”.