Formula1 3 litrlik V8 mühərriklərə keçəcək

FİA və güc qurğusu istehsalçıları Formula1-in növbəti nəsil mühərriklərinin əsas parametrlərini razılaşdırıblar.

Böyük Britaniya mətbuatı yazır ki, Formula1 daha kompakt 100 kVt gücündə elektrik mühərriki ilə təchiz olunmuş 3 litrlik V8 turbomühərrikə keçidi planlaşdırıb və bütün güc qurğusunun kütləsi ən azı 50 kq azaldılıb.

Ayrı-ayrı detallar üzrə danışıqlar davam edir, lakin əsas parametrlər artıq razılaşdırılıb. FİA və Formula1 mühərriki daha sadə və yüngül etmək, onun konsepsiyasını ənənəvi yarış mühərriklərinə yaxınlaşdırmaq istəyirlər.

Mübahisəli məsələlərdən biri turbindən imtina olub. Daha gur səs təmin edə biləcək atmosferli 3 litrlik V8 variantına baxılıb. Lakin belə mühərrik səs-küylə bağlı məhdudiyyətlərin qüvvədə olduğu şəhər traslarında problem yaradır. Söhbət Melburn, Mayami, Madrid, Sinqapur, Bakı və Las Veqasdan gedir.

Nəticədə turbini saxlamaq qərarı qəbul olunub, amma daha kompakt ölçüdə. Gözlənilir ki, yeni mühərriklərin səsi indikilərdən nəzərəçarpacaq dərəcədə gur olacaq, amma bununla belə səs səviyyəsi ilə bağlı qüvvədə olan məhdudiyyətlər çərçivəsində qalacaq.

Güc qurğusunun elektrik hissəsi də xeyli sadələşdirilib. Hazırkı 350 kVt gücündə elektrik mühərrikinin əvəzinə 100 kilovatlıq mühərrikin quraşdırılması planlaşdırılıb. Beləliklə, elektrik komponenti saxlanılıb, amma onun ümumi konstruksiyadakı rolu nəzərəçarpacaq dərəcədə azaldılıb.

Daha bir məqsəd kütlənin ciddi şəkildə azaldılması olub. Yeni nəsil güc qurğusu hazırkıdan ən azı 50 kq yüngül olmalıdır.

Ötmələr zamanı əlavə gücün təmin olunması üçün hansı sistemdən istifadə ediləcəyi hələ həll olunmayıb. Formula1-in 2026-cı ildə imtina etdiyi DRS-in geri qaytarılması planlaşdırılmır.

Hazırda IndyCar-dakı “push-to-pass” sisteminə bənzər variant nəzərdən keçirilir: bu sistemdə sürücü qısa müddətə gücü artırmaq imkanı əldə edir. Yekun qərar FİA və güc qurğusu istehsalçıları tərəfindən hələ qəbul edilməyib.

Yeni güc qurğularına keçid ili hələ müəyyənləşdirilməyib. Variantlardan biri kimi 2030-cu il mövsümü göstərilir ki, bu da mövcud texniki reqlament dövrünü bir il qısaldır.

Artıq indi aydın olub ki, Formula1-də yeni mühərriklərin hazırlanması zamanı daha sadə və yüngül güc qurğusu istiqamətində hərəkət etmək, eyni zamanda, müasir texnologiyalarla əlaqəni qorumaq qərara alınıb.

,