F.Massa Ferrari-də qalır!

Gözlənildiyi kimi, Mark Uebberin Red Bull-da qalması xəbəri domino effekti doğurub – avstraliyalı sürücünün müqaviləsini uzatmasını elan etməsindən iki gün […]

Gözlənildiyi kimi, Mark Uebberin Red Bull-da qalması xəbəri domino effekti doğurub – avstraliyalı sürücünün müqaviləsini uzatmasını elan etməsindən iki gün keçməmiş Felipe Massa və Ferrari də cari müqavilələrini uzadıblar. Braziliyalı sürücü Maranelloda 2012-ci ilin sonuna qədər qalacaq.

Bu gün səhər Ferrari elan edib ki, dekabrın sonunda müddəti başa çatacaq müqavilə daha iki mövsüm uzadılıb. Felipe Skuderiyaya hələ 2001-ci ildə gəlib və komandanın test sürücüsü olub, 2006-cı ildən isə komandanın əsas sürücüsünə çevrilib. Qırmısı kombinezonda 69 dəfə starta çıxan sürücü 11 qələbə, 15 poul, 30 podium qazanıb və 360 xal toplayıb.

Felipe Massa: “Mən çox razıyam ki, növbəti iki mövsümü də Ferrari-nin sükanı arxasında çıxış edəcəm. Formula1-də bütün karyeramı mən Maranello motorlu maşınlarda keçirmişəm və fəxr edirəm ki, ikinci ailəm hesab etdiyim komandada işimi davam etdirəcəm.”

Stefano Domenikali: “On ildir ki, Felipe Ferrari-nin bir hissəsidir, o bizimlə birlikdə böyüyüb, həm sürücü kimi, həm də insan kimi, bizimlə birlikdə həm sevinib, həm də hədərlənib. Biz stabil gələcəyimizi təmin etmək istəyirik və hər iki sürücümüzə inanırıq, onların hər ikisi eyni dərəcədə istedadlı, sürətlidirlər və komandanın xeyrinə işləməyə hazırdırlar.”

Beləliklə, gələn ilə tam heyətini elan etmiş komandaların sayı üçə çatıb – Mercedes GP, Red Bull və Ferrari. Mark Uebber və Felipe Massanın müqavilələrindən sonra 100% deyə bilərik ki, Robert Kubitsa gələn il Renault-da qalacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*