Cümə axşamı Mexikoda mətbuatla söhbət zamanı Fernando fikrinin dəyişmədiyini bildirib və bəzi həmkarları barədə düşündüklərinin hamısını açıq şəkildə deyə bilmədiyi üçün təəssüfləndiyini vurğulayıb.
Fernando Alonso: “Bilmirəm, mən konkret olaraq pelotonun son üçdəbirindən danışmışdım, ya yox. Sonra elə yazılar gördüm ki, orada mənim kimi nəzərdə tutduğumu müəyyənləşdirməyə çalışaraq yeddi və ya səkkiz sürücünün adını sadalayırdılar.
Mən konkret say deməmişdim, amma düşünürəm ki, söhbətin kimdən getdiyini və sözlərimdə özünü kimin tanıdığını hamı çox yaxşı başa düşür. Bu, əslində, özü hər şeyi deyir.
Ostində baş verənlə bağlı fikrim dəyişməyib. Startda tamamilə yersiz bir səhv olmuşdu. Hələ də başa düşməkdə çətinlik çəkirəm ki, Aleks bu manevrlə nəyə nail olmağa çalışırdı. Problem təkcə Ostinlə məhdudlaşmır, çünki bənzər hallar bütün mövsüm boyu yaşanıb. Sükan arxasında olarkən sizə danışa bilmədiyim çox şeyi görürəm.
Düşünürəm ki, son illərdə vəziyyət demək olar ki, dəyişməyib. Pelotonun sonundakı maşınları idarə etmək həqiqətən daha çətindir, onlar sürücüyə daha pis tabe olur və trasla ilişməsi daha az olur, buna görə sürücülər daha çox səhvə yol verir.
Belə şəraitdə maşını nəzarətdə saxlamaq və trasdakı dəyişən vəziyyəti nəzərə almaq daha çətin olur. Maşın həmişə sürücüyə kömək etmir, buna görə də səhvlərin sayı artır. Amma bütün bu ilk dövrə insidentləri, daimi təmaslar və qopan ön qanadlar tamamilə yersizdir. Xüsusən də pelotonun sonunda demək olar ki, heç nə uğrunda mübarizə aparmadığın vaxt.
Xərclərin məhdudlaşdırılması da problemlərə təsir göstərib, amma komandalar qüvvədə olan limiti məqbul sayırsa və hər yarışda qırılan detallar onlar üçün problem deyilsə, deməli, hər şey onları qane edir.
Mən hesab etmirəm ki, stüardlar belə epizodlara görə daha sərt cəza verməlidir, əlbəttə, söhbət açıq-aşkar təhlükəli vəziyyətdən getmirsə. Bu, onların məsuliyyəti deyil. Hər şey sürücülərin öz ambisiyalarından və gələcəkdə nəyə nail olmaq istədiklərindən asılıdır. Onlar Formula 1-də çıxış etməyə davam etmək istəyirlər? Aparıcı komandada yer almaq istəyirlər? Yoxsa daimi şəkildə qəzalara düşmək onları tam qane edir?”





