Gözləntilər özünü doğruldub – Corc Rassell həm yeganə məşqlərdə, həm də sprint sıralanma turunda və yarışında rəqiblərinə aman verməyib. Onun komanda yoldaşından başqa rəqibi olmayıb desək, daha düzgün olar.
Lakin əsas sıralanma turunda hadisələr onun xeyrinə cərəyan etməyib. Sonuncu sessiyanın ilk dəqiqələrində maşında problem yaşayan britaniyalı sürücü yekunda ikinci yerlə kifayətlənməli olub. Onun komanda yoldaşı Kimi Antonelli F1 tarixində poul qazanmış ən gənc sürücü ünvanını əldə edib.
Start düzümündə Mercedes sürücüləri ilk, Ferrari sürücüləri ikinci, McLaren sürücüləri isə üçüncü cərgəni tutmağa haqq qazanıblar. Maks Ferstappen yalnız 8-ci yeri tuta bilib. Lakin 4 sürücü – Lando Norris, Oskar Piastri, Qabriel Bortoleto və Aleksander Elbon müxtəlif mexaniki problemlərə görə yarışa başlaya bilməyiblər. Oskar ardıcıl iki yarışdır ki, start ala bilmir.
Pirelli bura C2, C3 və C4 tərkiblərini gətirib. Red Bull sürücüləri Soft, Hülkenberq, Kolapinto, Okon, Linblad, Alonso və Stroll Hard, yerdə qalan sürücülər isə Medium təkərlərlə yarışa başlayıblar.
Startda Həmilton Mercedes pilotlarını qabaqlayaraq liderliyə yüksəlib. Berman dörd mövqe qazanıb, Ferstappen isə altı mövqe itirib. Həcər yerində fırlanıb və təkərləri dəyişmək üçün boksa gedib. 2-ci dövrədə Antonelli 14-cü döngədə Həmiltonu ötüb. Rassell isə Lekleri qabaqlayıb.
4-cü dövrədə Rassell Həmiltonu da keçib. Cadillac pilotları bir-biri ilə toqquşub, lakin stüardlar hadisəni cəzasız qoyub. 6-cı dövrədə Okon Lousonu ötüb. 7-ci dövrədə Hülkenberq 12-ci yer uğrunda mübarizədə Saynsi qabaqlayıb. 10-cu dövrədə Louson, Ferstappen və Sayns pit-stopa gəliblər. Lakin bir dövrə sonra onların bu həmlələrinin əleyhlərinə işlədiyi məlum olub – Stroll birinci döngədə dayandığı üçün Təhlükəsizlik Maşını (TM) trasa çıxıb.
Antonelli, Rassell, Həmilton, Lekler, Qasli, Berman, Bottas və Həcər dərhal təkərlərini dəyişib. 12-ci dövrədə Peres pit-stopa gəlib, lakin arxa sağ təkərin bərkidilməsində gecikmə yaşanıb. 14-cü dövrədə restart verilib. Antonelli liderliyi qoruyub. Berman Qaslini, Louson Alonsonu, Həcər Peresi, Həmilton isə Rassell, Okonu ötüb.
16-cı dövrədə Lekler Okon və Kolapintonu keçib. Rassell də Okonu ötərək beşinci yerə yüksəlib. 17-ci dövrədə Qasli və Ferstappen Hülkenberqi keçiblər. Rassell Kolapintonu ötərək dördüncü yerə çıxıb. 18-ci dövrədə Alonsonun maşını sürət itirib, lakin o yarışa davam edə bilib. Qasli və Ferstappen Lindbladi keçiblər.
Həmilton bir neçə dövrə Antonelliyə ciddi təzyiq göstərib, lakin Kimin maşını daha sürətli olub və o tədricən fərqi artırıb. 20-ci dövrədə Haas pilotları az qala toqquşub, lakin Berman Okonu keçə bilib. Ferstappen Qaslini ötüb, 21-ci dövrədə isə Okonu qabaqlayıb.
22-ci dövrədə Berman Kolapintonu, Louson Lindbladi, Hülkenberq Qaslini, Həcər isə Saynsı geridə qoyub – yeni reqlament ötmələrin sayını həqiqətən artırıb. 24-cü dövrədə Ferstappen Kolapintonu da keçərək altıncı yerə yüksəlib.
14-cü döngədə Lekler Həmiltonu üstələyib. Ardınca Rassell Həmiltona hücum edib, lakin Lyuis mövqeyini qoruyub – üç pilot sıx qrup halında mübarizə aparıblar, lider Antonelli isə fərqi artırıb. 26-cı dövrədə Həmilton Lekleri keçib, lakin Şarl dərhal mövqeyini geri alıb – “batareya mübarizəsi” başlayıb. Rassell də bu mübarizəyə qoşulub və Həmiltonu keçib.
28-ci dövrədə Lindblad 14-cü döngədə yerində fırlanıb, lakin sonra mübarizəyə davam edib. 29-cu dövrədə Rassell üçüncü yer uğrunda mübarizədə Lekleri keçib. Bu vaxt arxadakı mübarizədən istifadə edən Antonelli fərqi 7,5 saniyəyə qədər artırıb.
30-cu dövrədə Okon, 32-ci dövrədə Alonso, 33-cü dövrədə Kolapinto pit-stopa gəliblər. Kolapinto trasə qayıdanda Okonla mövqe uğrunda mübarizəyə girib və toqquşublar. Hər iki maşın yerində fırlanıb, lakin davam edə biliblər. Okon bu hadisəyə görə 10 saniyə cəza alıb.
34-cü dövrədə Alonso vibrasiya səbəbilə əllərini hiss etmədiyini deyərək boksa qayıdıb və yarışı dayandırıb. 36-cı dövrədə Həmilton üçüncü yer uğrunda mübarizədə Leklerdən üstün olub. 37-ci dövrədə Hülkenberq pit-stop edib.
40-cı dövrədə Lekler Həmiltonu keçib, lakin Lyuis dərhal mövqeni geri alıb və mübarizə davam edib. 42-ci dövrədə Kolapinto 11-ci yer uğrunda mübarizədə Lindbladi arxada qoyub. 44-cü dövrədə Lindblad pit-stopa gəlib. Hülkenberq isə Okonu keçərək 12-ci yerə yüksəlib.
47-ci dövrədə Ferstappen boksa qayıdaraq hibrid sisteminin soyutma problemi səbəbilə yarışı dayandırıb. 48-ci dövrədə Okon təkərlərini dəyişib. 53-cü dövrədə inamla lider gedən Antonelli əyləc zamanı təkərləri bloklayaraq trasdan çıxıb və iki saniyə itirib, lakin liderliyi qoruyub. 54-cü dövrədə Okon 14-cü yer uğrunda mübarizədə Peresi ötüb.
Kimi Antonelli Çin Qran Prisini qazanaraq karyerasında ilk qələbəsini əldə edib və Maks Ferstappendən sonra Formula 1 tarixinin ikinci ən gənc yarış qalibi olub. Corc Rassell ikinci olub və Mercedes ardıcıl ikinci yarışda dubl edib. Lyuis Həmilton üçüncü yeri tutaraq Ferrari ilə ilk podiumuna yüksəlib. Doqquzuncu olan Karlos Sayns bu mövsüm Williams üçün ilk xalları qazanıb.
Mübarizə iki həftədən sonra Yaponiyanın əfsanəvi Suzuka trasında davam edəcək.
| S | # | Sürücü | Komanda | Dövrə | Zaman/Səbəb | Pit |
| 1 | 1 | Kimi Antonelli | Mercedes | 56 | 1:33:15.607 | 1 |
| 2 | 63 | Corc Rassell | Mercedes | 56 | +5.515 | 1 |
| 3 | 44 | Lyuis Həmilton | Ferrari | 56 | +25.267 | 1 |
| 4 | 16 | Şarl Lekler | Ferrari | 56 | +28.894 | 1 |
| 5 | 87 | Oliver Berman | Haas | 56 | +57.268 | 1 |
| 6 | 10 | Pyer Qasli | Alpine | 56 | +59.647 | 1 |
| 7 | 30 | Lyam Louson | Racing Bulls | 56 | +80.588 | 1 |
| 8 | 6 | Ayzek Həcər | Red Bull | 56 | +87.247 | 2 |
| 9 | 55 | Karlos Sayns | Williams | 55 | +1 dövrə | 1 |
| 10 | 43 | Franko Kolapinto | Alpine | 55 | +1 dövrə | 1 |
| 11 | 27 | Niko Hülkenberq | Audi | 55 | +1 dövrə | 1 |
| 12 | 41 | Arvid Linblad | Racing Bulls | 55 | +1 dövrə | 1 |
| 13 | 77 | Valtteri Bottas | Cadillac | 55 | +1 dövrə | 1 |
| 14 | 31 | Esteban Okon | Haas | 55 | +1 dövrə | 2 |
| 15 | 11 | Serxio Peres | Cadillac | 55 | +1 dövrə | 1 |
| 3 | Maks Ferstappen | Red Bull | 45 | ötürmələr qutusu | 1 | |
| 14 | Fernando Alonso | Aston Martin | 32 | vibrasiya | 1 | |
| 18 | Ləns Stroll | Aston Martin | 9 | batareya | 1 | |
| 81 | Oskar Piastri | McLaren | – | elektrik/start almayıb | – | |
| 1 | Lando Norris | McLaren | – | elektrik/start almayıb | – | |
| 5 | Qabriel Bortoleto | Audi | – | hidravlika/start almayıb | – | |
| 23 | Aleksander Elbon | Williams | – | hidravlika/start almayıb | – |
Sürətli dövrə: Kimi Antonelli (Mercedes) – 1:35.275 (52-ci dövrə, 205.967 km/saat).





