13 Dekabr 2018, Cümə axşamı - 04:15

İtaliya-2018: Yarış

İtaliya-2018: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:53 - 02 Sentyabr, 2018

Turbomühərrik erası başlayandan bu il ilk dəfə Ferrari doğma Montsaya favorit qismində gəlib. Bir həftə əvvəl Spada Ferrari-nin qələbəsi tiffoziləri daha böyük nəticəyə ümidləndirib.

F-1.az bildirir ki, qırmızılar həm cümə, həm də şənbə günü sərbəst yürüşlərdə öz sürətlərini göstəriblər. Dünən nahardan sonra isə sıralanma turunda 2000-ci ildən bəri ilk dəfə birinci cərgəni tam zəbt ediblər.

Mövsümdə ilk, karyerasında isə 18-ci pouluna Kimi Rəykkönen sevinib – son cəhdində finlandiyalı sürücü slipstrimdən yararlanaraq komanda yoldaşını 0.016 saniyə qabaqlayıb. Mercedes-in sürücüləri ikinci cərgəyə sahib çıxıblar – Həmilton poula 0.2 saniyə uduzub. Üçüncü cərgəni isə Ferstappen və Qrojan tutublar.

Üç sürücü əvvəlcədən yer itirilməklə cəzalandırılmışdı. Niko Hülkenberq – Spa yarışının startındakı insidentə və Montsada yeni güc qurğusunun quraşdırılmasına görə, Daniel Rikkardo – yeni güc qurğusuna görə, Markus Eriksson isə yeni daxiliyanma mühərriyinə görə yarışa sonuncu yerlərdən başlamalı olublar.

Həftəsonunun əsas faktorlarından biri hava şəraiti olub – cümə və şənbə günləri səhər yağış yağıb, amma komanda və sürücülərin işinə ciddi təsir etməyib. Startdan əvvəl narın yağış damcılasa da, asfalt quru qalıb.

Pirelli Montsaya Medium, Soft və SuperSoft tərkiblərini gətirib. Maqnussen, Lekler, Eriksson və Rikkardo start üçün Soft tərkibini seçiblər, digər sürücülər isə SuperSofta üstünlük veriblər.

Startda Rəykkönen liderliyini qoruyub. Vandorn və Erikssonun arasında qalan Hartlinin maşınında asılqan qırılıb. Həmilton ikinci şikananın girişində Fettelə hücum edib, maşınların təkərləri toqquşub, Fettel yerində fırlanıb və peletonun sonuna düşüb.

Hartlinin maşınını təxliyə etmək üçün trasa Təhlükəsizlik Maşını daxil olub. Fettel boksa qayıdaraq ön qanadı dəyişib, Eriksson, Rikkardo və Hülkenberq isə yeni təkərlərə keçiblər. 2-ci dövrənin sonunda ilk onluq: Rəykkönen – Həmilton – Ferstappen – Bottas – Qrojan – Sayns – Okon – Stroll – Sirotkin – Alonso.

4-cü dövrədə restart elan olunub. Həmilton Rəykköneni keçsə də, Kimi əks hücumda mövqeyini qaytara bilib. Fettel Rikkardonun arxasında 17-ci yerdə mübarizə qatılıb.

5-ci dövrədə Maqnussen təkərlərini dəyişib, Rikkardo və Fettel isə Vandornu qabaqlayıblar. Rəykkönen Həmiltondan uzaqlaşmağa çalışsa da, Lyuis fərqin artmasına imkan verməyib – bu ikilik rəqiblərindən uzaqlaşa bilib.

7-ci dövrədə Rikkardo və Fettel Hülkenberqi də arxada qoyublar. 8-ci dövrədə isə Peres Alonsonu, Lekler Qaslini üstələyib. 8-ci dövrədə Fettel keçmiş komanda yoldaşını keçərək 14-cü yerə yüksəlib.

10-cu dövrədə Alonso boksda maşınını saxlayaraq mübarizədən kənar qalıb. 11-ci dövrədə Rikkardo və Qasli arasında təmas yaşanıb, növbəti dövrədə Daniel rəqibini keçə bilib.

14-cü dövrədə Okon Saynsı üstələyərək, 6-cı yerə yüksəlib. Bir dövrə sonra Fettel Sirotkini arxada qoyaraq, ilk onluğa düşüb. 16-cı dövrədə Peres və Fettel Strollu geridə buraxıblar. 16-cı dövrənin sonunda ilk onluq: Rəykkönen – Həmilton – Ferstappen – Bottas – Qrojan – Okon – Sayns – Peres – Fettel – Stroll.

18-ci dövrədə Hülkenberq Qaslini keçib, Fettel isə Peresi arxada qoyub. Rəykkönen və Həmilton arasında fərq bir saniyə civarında stabilləşib, real hücum etməyə sürət fərqi imkan verməyib. 20-ci dövrədə Fettel Saynsı da üstələyib. 20-ci dövrənin sonunda ilk onluq: Rəykkönen – Həmilton – Ferstappen – Bottas – Qrojan – Okon – Fettel – Sayns – Peres – Stroll.

21-ci dövrədə Mercedes-in mexaniklərinin boksu tərk etməsi Ferrari-ni Rəykköneni boksa çağırmaları ilə nəticələnib – strateqin əmri ilə trasda qalan Həmilton sürətini artırıb. 22-ci dövrədə Rikkardo Sirotkini qabaqlayıb.

24-cü dövrədə Fettel Okonu üstələyib, Qrojan boksa yollanıb. 25-ci dövrədə Rikkardonun maşınında problemlər yaşanıb və avstraliyalı sürücü maşınını təhlükəsiz zonada saxlamalı olub. 26-cı dövrədə Vandorn, növbəti dövrədə Ferstappen, 29-cu dövrədə isə Həmilton mexaniklərinə baş çəkiblər.

30-cu dövrədə pit-stopa yollanan Fettel trasa 10-cu yerdə qayıdıb. Almaniyalı sürücü növbəti iki dövrədə əvvəlcə Sirotkini, daha sonra isə Strolu üstələyib.

Rəykkönen və Həmilton sürətlə hələ təkərlərini dəyişməmiş Bottasa yaxınlaşıblar – Valtteri həmyerlisini ləngitdiyi üçün Lyuis pitdən sonra yaranmış fərqi azaldıb. 33-cü dövrədə ilk üçlük 1.5 saniyəyə yerləşib – sürət arasında fərqin azlığı mübarizəni qeyri-mümkün edib.

35-ci dövrədə Qasli və Lekler, 36-cı dövrədə Stroll, 37-ci dövrədə isə Bottas təkərlərini dəyişiblər. Rəykkönen yenidən liderliyi ələ alıb, amma bu dəfə Həmilton düz onun arxasında olub.

38-ci dövrədə Sirotkin, 39-cu dövrədə Okon pit-stop ediblər. Bu zaman Fettel Peresi üstələyərək 5-ci yerə yüksəlib. 40-cı dövrədə Erikssonu keçən Sirotkin 11-ci yerə qalxıb. 40-cı dövrədə Peres və Sayns təkərlərini dəyişiblər, Sayns trasa qayıdan kimi komanda yoldaşını qabaqlayıb. 40-cı dövrənin sonunda ilk onluq: Rəykkönen – Həmilton – Ferstappen – Bottas – Fettel – Qrojan – Okon – Peres – Sayns – Hülkenberq.

43-cü dövrədə Hülkenberq təkərlərini dəyişib. Ferstappen və Bottas arasında təmas yaşanıb, finlandiyalı sürücü trasdan çıxıb. İnsidenti araşdıran stüardlar Maksı 5 saniyəlik cəzalandırıblar. 44-cü dövrədə Eriksson da boksa yollanıb.

45-ci dövrədə Həmilton Rəykköneni üstələyərək liderliyi ələ keçirib. Mühəndisin xahişi ilə Kimi sürətini azaltmalı olub – arxa sol təkər həddindən çox yeyilib. 47-ci dövrənin sonunda ilk onluq: Həmilton – Rəykkönen – Ferstappen – Bottas – Fettel – Qrojan – Okon – Peres – Sayns – Stroll.

Lyuis Həmilton mövsümdə 6-cı, karyerasında isə 68-ci qələbəsinə sevinib. İtaliyada 5-ci qələbəsini qazanan britaniyalı sürücü Mixael Şumaxerlə Montsadakı qələbələrin sayında bərabərləşib.

Kimi Rəykkönen finiş xəttini ikinci keçib – finlandiyalı sürücü 100-cü dəfə podiuma yüksəlib. Finiş xəttini üçüncü Ferstappen keçsə də, onun nəticəsinin üzərinə 5 saniyə əlavə olunub – ona görə də podiuma Valtteri Bottas qalxıb.

Axşam isə stüardlar Renault komandasının qaldırdığı protest əsasında Roman Qrojanın maşınının altlığının ön hissəsinin reqlamenti pozduğunu qeydə alıblar – fransalı sürücü protokollardan xaric edilib. Ona görə də Sergey Sirotkin 10-cu yerə yüksələrək karyerasında ilk xalını qazanıb.

İki həftə sonra mübarizə Sinqapurda davam edəcək…

YerNSürücüKomandaZaman/FərqPit
144Lyuis HəmiltonMercedes AMG1:16:54.4841
27Kimi RəykkönenFerrari+ 0:08.7051
377Valtteri BottasMercedes AMG+ 0:14.0661
45Sebastyan FettelFerrari+ 0:16.1512
533Maks Ferstappen (*)Red Bull+ 0:18.2081
8Roman Qrojan (**)Haas+ 0:56.3201
631Esteban OkonRacing Point+ 0:57.7611
711Serxio PeresRacing Point+ 0:58.6781
855Karlos SaynsRenault+ 1:18.1401
918Ləns StrollWilliams+ 1 dövrə1
1035Sergey SirotkinWilliams+ 1 dövrə1
1116Şarl LeklerSauber+ 1 dövrə1
122Stoffel VandornMcLaren+ 1 dövrə1
1327Niko HülkenberqRenault+ 1 dövrə2
1410Pyer QasliToro Rosso+ 1 dövrə1
159Markus ErikssonSauber+ 1 dövrə2
1620Kevin MaqnussenHaas+ 1 dövrə1

* Bottasla insidentə görə Ferstappenin yekun nəticəsinə 5 saniyə əlavə olunub
** Qrojan texniki reqlamenti pzoduğuna görə protokollardan xaric olunub

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes AMG) – 1:22.497 (30-cu dövrə, 252.794 km/saat).

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Brendon HartliToro Rosso0qəza
Fernando AlonsoMcLaren8elektrik
Daniel RikkardoRed Bull24ilişmə muftası

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
144Lyuis HəmiltonMercedes AMG Petronas Motorsport256
25Sebastyan FettelScuderia Ferrari226
37Kimi RəykkönenScuderia Ferrari164
477Valtteri BottasMercedes AMG Petronas Motorsport159
533Maks FerstappenAston Martin Red Bull Racing130
63Daniel RikkardoAston Martin Red Bull Racing118
727Niko HülkenberqRenault Sport Formula One Team52
820Kevin MaqnussenHaas F1 Team49
911Serxio PeresRacing Point Force İndia46
1031Esteban OkonRacing Point Force İndia45
1114Fernando AlonsoMcLaren F1 Team44
1255Karlos SaynsRenault Sport Formula One Team34
1310Pyer QasliRed Bull Toro Rosso Honda28
148Roman QrojanHaas F1 Team27
1516Şarl LeklerAlfa Romeo Sauber F1 Team13
162Stoffel VandornMcLaren F1 Team8
1718Ləns StrollWilliams Martini Racing6
189Markus ErikssonAlfa Romeo Sauber F1 Team6
1928Brendon HartliRed Bull Toro Rosso Honda2
2035Sergey SirotkinWilliams Martini Racing1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG Petronas MotorsportMercedes415
2Scuderia FerrariFerrari390
3Aston Martin Red Bull RacingRenault248
4Renault Sport Formula One TeamRenault86
5Haas F1 TeamFerrari76
6McLaren F1 TeamRenault52
7Racing Point Force İndiaMercedes32
8Red Bull Toro Rosso HondaHonda30
9Alfa Romeo Sauber F1 TeamFerrari19
10Williams Martini RacingMercedes7

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 417
Teqlər , , , , ,
Paylaş

logo