C.Batton: “Bu mənim ən yaxşı yarışım idi!”

Çin Qran Prisi McLaren komandasının qələbə dublu ilə başa çatıb: Avstraliyada olduğu kimi Censon Batton yarışın taktikasında səhvə yol verməyib […]

Çin Qran Prisi McLaren komandasının qələbə dublu ilə başa çatıb: Avstraliyada olduğu kimi Censon Batton yarışın taktikasında səhvə yol verməyib və beşinci start almasına baxmayaraq, rəqiblərini qabaqlayıb. Hərçənd, finişdən sonra mətbuat konfransında sonuncu dünya çempionu qeyd edib ki, məsələ yalnız bəxtdə və düzgən qərar qəbul etməkdə deyil: McLaren sürücüləri bu gün həqiqətən sürətli olublar. Amma Çin yarışı müxtəlif insidentlərlə zəngin olub və Censon etiraf edib ki, birinci yeri qorumaq asan olmayıb…

Censon Batton: “Trasdan qırıntıları təmizləmək üçün Təhlükəsizlik Maşını trasa çıxanda, mən həyəcanlandım, bilmirdim ki, bundan sonra hadisələr necə cərəyan edəcək. Biz digər sürücülərdən çox uzaqlaşmışdıq və birdən hamı mənə çatdı. Vəziyyət çətin idi.

Yarışın sonunda maşın özünü yaxşı aparırdı, mən təkəri qorumağa çalışırdım və Lyuisdən uzaqlaşmağa başladım, sonra isə yağış yenidən gücləndi və mən səhvə yol verdim: sancağa çox geniş girdim. Bundan sonra təkərləri qızdıra bilmədim, maşın üzməyə başladı və mən sürəti azaltmalı oldum.

Bu qələbəni mən karyeramda ən yaxşı sayıram: hər bir qələbə dəyərlidir, amma bu gün yarış çox çətin şəraitdə keçirdi. Biz çox sürətli idik – bu müsbət cəhətdir. Məsələ yalnız düzgün qəbul olunmuş qərarlarda deyil, həm də bizim sürətimizdədir. Finişə yaxın biz digər maşınlardan bir dövrədə iki saniyə sürətli idik. Quru trasda nə qədər sürətli olardıq – bunu bilmirəm, amma indi bu heç vacib deyil.

Biz podiumun ən yüksək zirvəsinə bəxtimiz gətirdiyinə görə qalxmadıq. Biz bu şəraitdə düzgün qərar qəbul etdik. Yumşaq təkərlərdə start almaq lazım idi, amma tras sürüşkən idi, hərçənd, biz başa düşürdük ki, Soft normal işləyəcək. Bu düzgün seçim idi. Yarışın əvvəlində məhz bu təkərlərdə qalmağımız hər şeyi həll etdi.

Əgər TM trasa çıxmasa idi, biz rəqiblərimizdən daha çox uzaqlaşardıq: əlbəttə, hər bir an düzgün təkər seçimi etmək çox vacib idi…

Sonradan keçid təkərlərinə keçmək də düzgün idi: sliklər dənlə örtülmüşdülər və tras artıq tam nəm idi.

Ümumən mövsümün startı McLaren üçün əla alınıb. Mən artıq hiss edirəm ki, bu komandanın bir hissəsinə çevrilmişəm!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*