10 Dekabr 2018, Bazar ertəsi - 09:12

Azərbaycan-2018: Cümə, paddok, 27.04.2018

Azərbaycan-2018: Cümə, paddok, 27.04.2018

Müəllif: Elçin Zodorov, redaktor

21:13 - 27 Aprel, 2018

Bakı üçüncü dəfə Formula1-ə ev sahibliyi edir. Artıq yarış həftəsi gəlib çatıb. Yarışların mərkəzi isə heç şübhəsiz ki, paddok ərazisidir. Burada çempionatdakı bütün simaları görmək mümkündür. Burada bir çox şey danışılır, bir çox məsələ məhz burada həll olunur. F-1.az keçənilki rubrikasını davam etdirir və bazar gününə qədər paddokda gördüklərimizi sizə çatdıracağıq.

Bir çoxlarımız Azərbaycan Qran Prisinin yağışlı havada baş tutmasını istəyirik, çünki bu, dar Bakı küçələrində çox maraqlı yarışa səbəb ola bilər. Yayda bu ehtimal daha az idi, bu il isə yarışımız yağışların bol olduğu aprel ayına düşsə də, sinoptiklər quru hava vəd ediblər. Bu gün ikinci məşqlər zamanı hava tutqun olsa da, asfalta bir damcı belə düşməyib. Növbəti iki gündə də yağıntı ehtimalı cəmi 10% təşkil edir. Lakin bazar günü sürücülərin işini çətinləşdirəcək başqa amil gözlənilir – saniyədə 13 m sürətlə əsəcək külək…

 

İllərdir işləri heç düz gətirməyən Fernando Alonso bu il Renault motorlarına keçidə görə bəlkə də ümidlənmişdi. Amma yenə də liderlər qrupundan çox geri olduqlarını elə ilk yarışlardan gördük. Bakının uzun düzlüklərinin Renault motoru üçün uyğun olmaması hamıya məlumdur. Lakin hər iki məşqdə Red Bull-un əla nəticələr göstərməsi təəccübləndirir. Bunun fonunda eyni motordan istifadə edən McLaren sürücüləri yenə də orta yerləri tuta biliblər. İkinci sessiyada Alonso fərqi 0.9 saniyəyə qədər sala bilib və altıncı nəticə göstərib…

 

Bu şəkil ilk məşqlərin bitməsinə 5 dəqiqə qalmış çəkilib. Düzdür, Bottas lider idi, lakin nəticə Toto Volffu qane etməyib. Bikef olmasının səbəbi də işlərinin çətin olduğunu anlaması ilə əlaqəli ola bilər. Çünki ikinci məşqlərdə Red Bull sürücülərinə 0.7 saniyə uduzublar ki, bu da Bakı Şəhər Halqası kimi uzun düzlükləri olan bir trasda çox pis nəticədir.

Komanda keçən ilə də Ferrari-nin bir qədər gerisində başlamışdı, lakin vəziyyəti öz xeyrinə dəyişə bilmişdi. Bu il isə daha güclü Ferrari və Red Bull var…

 

Red Bull bu idmana gəldiyindən bir neçə il sonra hegemonluq dövrünü başlatmışdı. Turbo motorlara keçid olmasaydı, bəlkə də hələ uzun müddət davam edərdi. Mercedes-in hamıdan yaxşı turbo motor hazırlaması bu komandanın liderliyinə son qoymuşdu, lakin artıq geri qayıtdıqlarının siqnallarını verirlər. Çində ələ düşən fürsətdən əla istifadə edərək qalib gələn komanda Bakıda zəfərə daha yaxın görünür. Uzun düzlüklərə məhəl qoymadan dünən məşqləri açıq aşkar üstünlüklə tamamlayıblar. İstənilən halda, ən azından qələbə uğrunda vuruşacaqları artıq məlumdur…

 

İlk üç yarışda iki qələbə, Mercedes-ə qarşı üstünlük. Bakıda bu davam edəcək? Deyəsən çox da real görünmür. Bu gün Ferrari-də baş verənlər çox da anlaşılmayıb. İlk sessiyada Kimi Rəykkönen mühərrik probleminə görə xeyli vaxt itirib. Finlanidyalı sürücü axşam məşqlərində ikinci yeri tutsa da, Fettelin 1.3 saniyə uduzması maraq doğurur (ilk sessiyada hər iki sürücü liderlərə 2.2 saniyədən çox uduzmuşdular). Komanda ya düzgün sazlanma tapmaqda çətinlik çəkir, ya da temperaturun aşağı olması onların əleyhinə işləyir.

Sabah daha çox şey məlum olacaq. Üçüncü sərbəst yürüşlər müəyyən fikir deməyə kömək edəcək. Sıralanma turunda isə artıq güc nisbətləri barədə söz demək olar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 280
Teqlər , ,
Paylaş

logo