2022-ci ildə komandalar arasındakı fərqlər azalacaq?

Geridə qoyduğumuz mövsüm son dövrəyə qədər gərgin mübarizəyə səhnə olsa da, Red Bull və Mercedes-in digərlərinə qarşı böyük üstünlüyü var idi. Hətta autsayderlər liderlərdən 3 saniyə geri qalırdı.

F-1.az bildirir ki, büdcə limitləri, hamı üçün yeni olacaq qaydalar və reqlament hər bir komandaya ön yerlər uğrunda mübarizə aparmağa imkan verə bilər. Çoxları gələn mövsüm gətiriləcək bir çox yeniliklərin komandaların güc nisbətlərini yaxınlaşdıracağına inanır. Belə düşünənlərdən biri də uzun müddət Benetton, McLaren, Ferrari, Manor kimi komandalarda çalışmış, indi isə karyerasını FİA-nın texniki direktoru kimi davam etdirən Nikolas Tombasisdir. Təcrübəli mütəxəssis Auto Motor und Sport-a bu barədə əminliklə danışıb.

Nikolas Tombasis: “Gələn il hər şey dəyişilir, yeniliklərin olacağı ilk mövsümdən builki həyəcanı yaşayacağımızı xəyal etmək çətindir. Lakin özümüzə qoyduğumuz iki hədəfə çatmaq vacibdir. Bunlardan biri komandalar arasındakı fərqləri azaltmaq, digəri isə maşınların bir-birilərini izləyə və ötə bilməsini asanlaşdırmaqdır. Bu mövsüm ən zəif komandalar liderlərdən 3 saniyə geri qalırdılar, amma gələn il sonunda bu fərqin 1.5 saniyədən çox olmamasına ümid edirik. Yeniliklərin tras üzərindəki mübarizəyə necə təsir edəcəyi, dövrəvi nəticələrin necə olacağı isə hələ bilinmir, çünki bu komandaların çalışmalarından asılıdır.

Bu mövzuda hələ təmkinliyəm, çünki yeni 18 düymlük təkərlərin və E10 yanacağa keçidin necə nəticələnəciyi, maşınların trasda özünü necə aparacağı məlum deyil. Maşınların bir-birinə çox bənzəyəcəyi deyilir, lakin belə deyil. Bu, nə qədər yaxındna baxacağınızdan asılıdır və əslində fərqlənən bir çox xırda detal olacaq. Mövcud maşınlar da bir-birilərinə çox bənzəyirlər. Biz 2019-da komanda rəhbərlərinə maşınların rənglənməmiş vəziyyətini göstərmişdik və heç də hamısı öz maşınlarını tanıya bilməmişdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*