Sauber gənclər akademiyasının yeni heyətini açıqlayıb

Alfa Romeo-nun Formula1 komandasını idarə edən Sauber Motorsport 2023-cü il üçün gənclər akademiyası heyətini açıqlayıb.

F-1.az xəbər verir ki, 2019-cu ildən akademiyanın üzvü olan və karyerasını 2023-cü ildə Formula2-də davam etdirəcək Teo Purşerə bu ildən Lena Büler, Markus Amand və Teym Saleh də qoşulublar.

2023-cü ildə 25 yaşlı isveçrəli Lena Büler F1 Academy xanım sürücülər seriyasında mübarizə aparacaq, 17 yaşlı fransız-finlandiyalı Markus Amand Avropa Formula Regionalda mövsüm keçirəcək, gənc alman Teym Saleh isə karyerasını kartinqdə davam etdirəcək.

Ötən mövsümdən sonra braziliyalı Roberto Faria akademiyadan ayrılıb.

Sauber Motorsport-un idman direktoru Beat Zender: “Gənc istedadların axtarışı və tərbiyəsi həmişə Sauber Motorsport-un mərkəzi fəlsəfəsi olub, çünki bizim məqsədimiz sabahın çempionlarını inkişaf etdirməkdir. Sauber Akademiyasının 2023-cü il üçün planı perspektivlidir və mən sürücülərin hər biri ilə işləməyi səbirsizliklə gözləyirəm.

Teo bizə qoşulandan sonra əldə etdiyi inkişafla fəxr edirik və hazırda Formula1 komandamızın rəsmi ehtiyat sürücülərindən biridir.

Bundan əlavə, biz Lena, Markus və Teymi də salamlamaqdan məmnunuq. Biz onların növbəti karyera addımlarında onların yanında olacağıq və qlobal avtoidmanda uğur qazanmaq üçün lazım olan alətləri, təhsili və resursları təmin edəcəyik. İşə başlamaq və onların potensialını üzə çıxarmaq üçün səbirsizlənirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*