Lando Norris: “Düşünürəm ki, Lyuislə mübarizədə daha düzgün hərəkət etməli idim. Gec-tez onsuz da onu keçəcəkdim, buna görə də ilk döngədə onu keçməyə çalışmamalı idim.
Mən çox gec əyləclədim, amma o, məndən də gec əyləclədi və Kimi Antonelli hər ikimizi keçdi. Həmin vəziyyətdə belə davranmamalı idim, amma ümumilikdə, bu, mənim üçün belə qərarların qəbulu baxımından ən yaxşı uik-end olmadı.
Boliddə yeniliklər olmadan heç nə edə bilmirik və hələlik onlar gözlənilmir. Hazırda bizim maşın sürətə görə dördüncüdür – lider qrupun sonuna düşmüşük.
Bəli, mövsümün əvvəli ilə müqayisədə geriqalma azalıb, amma biz hələ də geridəyik və üç aparıcı komandaya uduzuruq. Maşını təkmilləşdirmək üzərində işi davam etdirməkdən başqa yolumuz yoxdur”.
Oskar Piastri: “Finişdə beşinci yer xüsusi sevinc doğurmur. Amma şübhəsiz ki, yarışın sonu gərgin və maraqlı alındı. Ümumilikdə, yarış pis keçmədi. Təəssüf ki, məsafə ərzində təkər deşildi, amma düşünmürəm ki, bu, yekun nəticəyə ciddi təsir etdi.
Rəqiblərlə müqayisədə pis görünmürdük, amma yenə də sürətimiz çatmırdı. Maks və Şarl çox sürətli idi, biz isə görünür, sürətdə Kimiyə bir qədər uduzurduq. Düşünürəm ki, nəticə az-çox ümid edə biləcəyimiz səviyyəyə uyğundur”.





