Pirelli-nin açıqlamasında deyilir: “Bakıda trasın bir hissəsinin keçdiyi bəzi küçələrdə yeni asfalt döşənib. İşlər 2-ci, 3-cü və 4-cü döngələrin ayrı-ayrı hissələrini əhatə edib. Yeni asfalt yalnız bəzi hissələrdə döşənib və təkərlərin davranışına nəzərəçarpacaq təsir göstərməməlidir”.
Şəhər traslarında həftəsonunun əvvəlində tez-tez olduğu kimi, rezinin effektivliyi kifayət qədər aşağı ilişmə səviyyəsi ilə müəyyənləşəcək. Bununla belə, həftəsonu ərzində trasın vəziyyəti nəzərəçarpacaq dərəcədə dəyişməlidir, çünki asfaltın üzərində işlənmiş rezin qatı formalaşacaq.
Qarşıdakı mərhələ üçün Pirelli ən yumşaq tərkibləri seçib: Hard qismində C3, Medium olaraq C4 və Soft kimi C5. Keçən il seçim bir pillə daha yumşaq idi və Soft qismində C6-nı da əhatə edirdi. Lakin yarışda bu tərkibdən heç kim istifadə etməmişdi. Sürücülər daha uzun dövrələrə və daha böyük strateji çevikliyə üstünlük verərək, C5 və C4-ə bel bağlamışdılar.
Bu il həftəsonunun cədvəli bir gün əvvələ çəkilib: ilk iki sərbəst yürüş cümə axşamı keçiriləcək, sıralanma turu cümə günü baş tutacaq, yarış isə şənbə günü yerli vaxtla saat 15:00-da start alacaq.
Bakıda asfalt nisbətən hamardır və çox aşındırıcı deyil, buna görə də təkərlərin yeyilməsi və deqradasiyası çox aşağı səviyyədə olmalıdır, strategiyanın ən real variantı isə bir pit-stoplu yarış sayılır. C5 xüsusilə uzun dövrələr keçməyə imkan verə bilər, necə ki, bu yaxınlarda Bakı trası ilə bəzi ümumi xüsusiyyətlərə malik Monzada belə olub. Bununla yanaşı, bir çox komanda yarışda Hard tərkibindən, ümumiyyətlə, istifadə etməyə də bilər.
İlk sərbəst yürüşlər zamanı aşağı ilişmə səviyyəsində rezinin qranullaşması (dənlənməsi) mümkün görünür, lakin bunun sürətə həlledici təsir göstərməsi gözlənilmir.
Bakıda şəhər trası olmasına baxmayaraq, uzun əsas düzlük və sürətlənmələrlə müşayiət olunan çox sayda ləng hissə səbəbindən təkərlər ciddi yüklənməyə məruz qalır. Bu, sürətlənmə-əyləclənmə tipli trasdır və burada xüsusilə əyləcləmə zamanı sabitlik, həmçinin döngəlardan çıxışda maksimum səmərəli sürətlənmə böyük əhəmiyyət daşıyır. Aerodinamik səmərəlilik də vacib rol oynayır – havaya qarşı müqaviməti aşağı olan maşın düzlükdə nəzərəçarpacaq üstünlük qazana bilər.
Ən maraqlı suallardan biri təkərlərin temperaturuna nəzarətlə bağlı olacaq. Sonuncu döngədən birincisinə qədər qaz pedalının sona qədər basıldığı çox uzun hissə rezinin soyumasına kömək edir, buna təkər disklərinin konstruksiyasındakı dəyişikliklər də dəstək verir. Bu isə sərt əyləcləmə zamanı ön təkərlərin bloklanması riskini artıra bilər.
Havanın temperaturu da təkərlərin həddindən artıq qızmasına nəzarətə kömək edə bilər. İsti iqlimə baxmayaraq, tras boyunca uzanan binalar çoxlu kölgəli hissələr yaradır və bu da asfaltın temperaturunun yüksəlməsini məhdudlaşdırır”.





