17 Noyabr 2019, Bazar - 00:56

Rəsmən: Fransa Qran Prisi 2018-ci ildə təqvimə qayıdır

Rəsmən: Fransa Qran Prisi 2018-ci ildə təqvimə qayıdır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:49 - 05 Dekabr, 2016

Bu gün Parisdə Fransa Avtomobil Klubunun mənzil qərargahında milli Qran Prinin gələcəyinə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda rəsmən elan olunub ki, ölkə 2018-ci ildə Formula1-in təqviminə qayıdacaq və yarış Pol Rikar trasında baş tutacaq.

Beş il müddətinə nəzərdə tutulmuş müqavilə noyabrın 30-da imzalanıb və regionun iqtisadiyyatına ildə 65 milyon avro xeyir verməlidir. Mərhələnin keçirilməsinə isə 30 milyon avronun xərclənməsi planlaşdırılır – hökumət 14 milyon avroluq subsidiya ayıracaq. Avtodromun tribunaları 40 min tamaşaçı qəbul edə bilər, ayaqüstü yerlərə isə 20 min bilet satmaq mümkündür.

Mətbuat konfransında regionun başçısı Kristian Estrozi bildirib: “Mən təsdiq edirəm ki, Fransa Qran Prisi 2018-ci ilin yayında Pol Rikar trasına qayıdacaq. Biz və bu layihə ilə məşğul olan hər bir kəs, qazandığımız böyük qələbə ilə fəxr edirik”.

Kristian çıxışının sonunda McLaren komandasının yarış direktoru Erik Bulyeyə və Renault komandasının icraçı direktoru Siril Abitebula layihənin reallaşdırılmasında göstərdikləri köməkliyə görə təşəkkür edib.

F-1.az xatırladır ki, sonuncu Fransa Qran Prisi 2008-ci ildə Manyi Kur trasında baş tutmuşdu. Pol Rikar avtodromu isə 1971-ci ildən 1990-cı ilədək 14 dəfə milli mərhələyə ev sahibliyi etmişdi. Maraqlıdır ki, Le Kastelle yaxınlığındakı avtodrom Berni Ekklstonun ailə fonduna məxsusdur, amma Formula1-in kommersiya başçısı Qran Prinin təşkilinə əl qatmayıb. Yarışın təşkilatçıları sadəcə trası icarəyə götürəcəklər.

Xatırladaq ki, bu ilin yanvar ayında Ferrari, McLaren və Red Bull komandaları Pol Rikar trasında Pirelli-nin ikigünlük təkər testlərində çalışmışdılar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 939
Teqlər , , , , ,
Paylaş

logo