Red Bull sürücüləri jurnalistlərin suallarını cavablandrıblar

Red Bull komandasının sürücüləri yarışdan əvvəl jurnalistlərlə görüşərək, eksklüziv suallara cavab veriblər və daha sonra jurnalistlərlə şəkil çəkdirərək, avtoqraf paylayıblar.

F-1.az bildirir ki, tədbir Heydər Əliyev Mərkəzində klasik avtomobillərin əhatəsində keçirilib. Tədbir ərzində Red Bull Azərbaycan şirkətinin nümayəndələri jurnalistləri darıxmağa qoymayıblar.

Bir müddətdən sonra Red Bull komandasının sürücüləri də tədbir keçirilən yerə təşrif buyurublar və jurnalistlərin suallarını cavablandırıblar. F-1.az saytının baş redaktoru Rəhim Əliyev və redaktoru Rauf Hacıyev də öz suallarına cavab alıblar.

Sual: Yarışdan nə gözləyirsiniz?

Daniel Rikkardo: Bu, Bakıya ikinci səfərimizdir. Keçənilki yarış bizim üçün çətin keçmişdi. Sərbəst yürüşlərdə qəza etmişdim. Amma sıralanma turunda Həmilton qəza etdi və bundan istifadə edə bilmişdim. Ümumilikdə Bakı Şəhər Halqası çətin və rəqabətəaçıq trasdır. Bu tras çox sürətlidir. Tras yeni olduğu üçün burada fürsətlər də çoxdur.

Maks Ferstappen: Ümid edirəm ki, bu il yarış bizim üçün daha uğurlu olacaq. Keçən il sıralanmada yaxşı təsir bağışlasaq da, yarış bizim istədiyimiz kimi alınmadı. Uzun düzlükdə rəqiblərimizin üstünlüyü var idi. Bu il vəziyyət fərqli ola bilər.

Sual: Maks, bugünkü tədbirimiz gəzəl bir məkandadır, ətrafımızda çoxlu klassik maşınlar var. Əgər imkanınız olsa, buradakı hansı klassik maşını seçərdiniz?

Maks Ferstappen (bir daha nəzərdən keçirərək ən yaxşındakı Mercedes SLR 300):  Rəqib olsalar da, bu maşından imtina etmərəm (zalda gülürlər)…

Sual: Bilirik ki, müqavilə barədə danışmayacaqsınız. Amma maraqlıdır, əgər imkan olsa, Ferrari-nin təklifini dəyərləndirərsinizmi? Necə ki, vaxtılə Fettel dəyərləndirmişdi…

Daniel Rikkardo: Hazırda Red Bull-la müqaviləmiz var və bu müqavilə barədə danışmaq istəmirik. Gələcəkdə nə olacağını deyə bilmərik.

Maks Ferstappen: Danielin də dediyi kimi hazırda komanda ilə müqaviləmiz var və müqavilə şərtlərini hər yerdə deyə bilmərik.

Sual: İmkanınız olsa, hansı dövrdə yarışardınız?

Maks Ferstappen: 1980-1990-cı illər aralığında maarqlı olardı.

Daniel Rikkardo: Mənim üçün 1960-cı illər həmişə xüsusi olub. Xüsusən də, 1960-cı illərin sonunda yarışmağı çox istəyərdim.

Sual: Rikkardo, insanlar Maks Ferstappeni keçmiş komanda yoldaşın Sebastyan Fettelə çox bənzədirlər. Ümumilikdə yeni sürücüləri əvvəlki sürücülərə çox bənzədirlər. Saynsı Alonsoya, Vandornu Şumaxerə, Verlyaynı Həmiltona, Ferstappeni də Fettelə bənzədirlər. Bəs siz Fettellə Ferstappeni yaxından tanıyan biri kimi onları müqayisə edə bilərsinizmi? Sürücü kimi, şəxsiyyət kimi, komanda oyunçusu kimi…

Daniel Rikkardo (gülümsəyərək): Əslində Ferstappen və Fettel haqqında onu deyə bilərəm ki, mən Red Bull-a gələndə Fettel daha təcrübəli idi. Nəticədə 4 qat Dünya Çempionu idi, lakin Ferstappen komandaya gələndə daha gənc və təcrübəsiz idi. Amma ümumi götürsək, Ferstapppenin yaşı daha azdır və düşünürəm ki, gələcəyi çox parlaqdır”.

Tədbirdən sonra hər iki sürücü də klassik avtomobillərə minərək, Heydər Əliyev Mərkəzini tərk ediblər

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*