Qətər və Əbu Dabidə yarışların keçirilməsi ehtimalı artır

Formula1-də 2026-cı il mövsümünün son iki mərhələsini Qətərdə və Əbu Dabi keçirməyi planlaşdırıblar. Racingnews365 nəşrinin yaydığı məlumata görə, son vaxtlar təqvimə artıq düzəliş etməyə ehtiyac qalmayacağına inam artıb.

WEC və WRC daxil olmaqla bəzi yarış seriyaları ilin sonuna planlaşdırılmış Yaxın Şərq mərhələlərini ləğv etsə də, Formula1 bunu etməyib və son ana qədər bu regionda mərhələlərin keçirilməsi imkanını açıq saxlayıb. Qətərdəki Qran Priyə təxminən iki ay qaldığı üçün qərarın tezliklə verilməsi lazım gələcək.

Keçən İspaniya Qran Prisində – Madriddə Qətər və Əbu Dabi mərhələlərinin promouterləri Formula1-lə danışıqlar aparıblar. Danışıqların davamı üçün Qətər və Əbu Dabi nümayəndə heyətlərinin bu həftəsonu Bakıda da olması gözlənilir.

Hər iki ölkədə vəziyyətin indi əvvəlki aylarla müqayisədə daha sakit göründüyünü nəzərə alan Formula1-də mövsümün son iki Qran Prinin Yaxın Şərqdə keçirilməsi fikrinə meyil getdikcə artır.

Bu variantı yeddiqat dünya çempionu Lyuis Həmilton da dəstəkləyib. O bildirib ki, Stefano Domenikaliyə güvənir və onun “idman üçün düzgün qərar” verəcəyinə ümid edir.

,