Macarıstan-2020: Sıralanma turu

Macarıstan Qran Prisi pandemiya səbəbindən gec başlamış mövsümdə irəli çəkilən hələ ki, yeganə yarışdır. Hamı isti hava gözləyərkən, iştirakçılar tam əksi ilə qarşılaşıblar.

F-1.az xatırladır ki, ilk məşqlərdə Həmilton hamıdan sürətli olmuş, yağışa görə olduqca az dövrə vurulan ikinci məşqlərdə isə Fettel protokollara başçılıq etmişdi. Bugünkü məşqlərdə isə Bottas komanda yoldaşını minimal fərqlə üstələyərək birinci olmuşdu.

Hunqarorinqdə ötmələr çətin olduğundan və alternativ strategiyalar demək olar ki, mümkün olmadığından, sıralanma turu əsas sessiya hesab olunur – sabah yağış yağmazsa, bütün sürücülərin yarışı bir pit-stopla başa vuracağı gözlənilir. İndiyə qədər burada baş tutan 34 yarışdan 15-də pouldan başlayan sürücülər qalib gəlib.

Pirelli Macarıstana ilk iki yarışda olduğu kimi, orta üçlüyü- C2, C3 və C4 tərkiblərini gətirib. Tərkiblər arasındakı fərq kiçik olub. Dünən ikinci sərbəst yürüşlər yağışlı havada baş tutduğundan, sürücülər sliklərə qənaət edə biliblər.

İlk Sessiyada hamı Soft təkərlərlə çıxıb. Çünki yağıntı ehtimalı olduğundan, sürücülər tez zamanda sürətli dövrə vurmağa çalışıblar. Covinatsinin nəticəsi trasdan tam çıxdığı üçün ləğv edilib. Protokollara Racing Piont sürücüləri başçılıq ediblər – Peres 1:14.681-lik nəticə ilə birinci olub. Rassell sürprizə imza ataraq hətta ilk onluğa düşüb. Hər iki Williams sürücülərinin ilk 15-liyə düşdüyü sessiyada Rəykkönen, Covinatsi, Qrojan, Kvyat və Maqnussen mübarizəni dayandırıblar.

İkinci sessiyada Mercedes, Racing Point və Renault sürücüləri Medium, digərləri isə Soft təkərlərlə trasa çıxıblar. Həmilton məhz bu təkərlərlə keçən ildən Ferstappendə (1:14.572) olan tras rekordunu dərhal yeniləyib. İkinci cəhddə hamı Soft-larla dövrə vursa da, Peres və Stroll Medium-la davam ediblər. Həmilton protokollara başçılıq edib – 1:14.261. Latifi, Okon, Elbon, Rassel və Rikkardo üçün sıralanma turu başa çatıb.

Son sessiyada ənənəvi olaraq, hamı Soft təkərlərlə boksları tərk edib. Həmilton ilk cəhdində 1:13.613-lük nəticə göstərib. Bottas ona 0.3 saniyə uduzub. Yerdə qalanlar ilə isə Mercedes sürücülərinin fərqi 1 saniyədən çox olub. İkinci cəhddə yağış damcılasa da, asfalt quru qalıb və çempion komandanın sürücülərinin nəticələrini bir qədər də yaxşılaşdırmasına mane olmayıb. Həmilton bu dəfə 1:13.447-lik dövrə vurub və Bottas ona cəmi 0.107 saniyə uduzub.

Beləliklə, Lyuis Həmilton komanda yoldaşını üstələyərək bu il ikinci, karyerasında isə 90-cı poulunu əldə edib. İkinci cərgəni Racing Point sürücüləri, üçüncü cərgəni isə bu il hələ ki, ən yaxşı sıralanma turu nəticələrini əldə edən Ferrari sürücüləri tutublar. Əvvəldən yarışın favoritlərindən hesab olunan Ferstappen isə yalnız yeddinci ola bilib.

Yarış sabah Bakı vaxtı ilə 17:10-da baş tutacaq və yağış yağarsa, bizi olduqca maraqlı mübarizə gözləyir. Hunqarorinqdə dəyişkən havanın nələrə səbəb olduğunun 2006-cı ildə şahidi olmuşuq…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 3 1:14.907 10 1 1:14.261 6 1:13.447 6
2 77 Valtteri Bottas Mercedes AMG 7 1:15.474 8 2 1:14.530 6 1:13.554 6
3 18 Ləns Stroll Racing Point 2 1:14.895 8 7 1:15.176 8 1:14.377 6
4 11 Serxio Peres Racing Point 1 1:14.681 8 9 1:15.394 8 1:14.545 6
5 5 Sebastyan Fettel Ferrari 6 1:15.455 9 6 1:15.131 5 1:14.774 6
6 16 Şarl Lekler Ferrari 13 1:15.793 8 4 1:15.006 6 1:14.817 6
7 33 Maks Ferstappen Red Bull 8 1:15.495 9 3 1:14.976 6 1:14.849 6
8 4 Lando Norris McLaren 5 1:15.444 9 5 1:15.085 6 1:14.966 5
9 55 Karlos Sayns McLaren 4 1:15.281 10 8 1:15.267 6 1:15.027 5
10 10 Pyer Qasli AlphaTauri 12 1:15.767 9 10 1:15.508 5 0
11 3 Daniel Rikkardo Renault 14 1:15.848 8 11 1:15.661 6
12 63 Corc Rassell Williams 9 1:15.585 9 12 1:15.698 5
13 23 Aleksander Elbon Red Bull 11 1:15.722 10 13 1:15.715 6
14 31 Esteban Okon Renault 10 1:15.719 8 14 1:15.742 6
15 6 Nikolas Latifi Williams 15 1:16.105 9 15 1:16.544 5
16 20 Kevin Maqnussen Haas 16 1:16.152 9
17 26 Daniil Kvyat AlphaTauri 17 1:16.204 9
18 8 Roman Qrojan Haas 18 1:16.407 8
19 99 Antonio Covinatsi Alfa Romeo 19 1:16.506 12
20 7 Kimi Rəykkönen Alfa Romeo 20 1:16.614 12
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*