K.Rəykkönen: “Sürə bilməsəm, gedəcəm”

Kimi Rəykkönen bildirib ki, 100 faizlik performans göstərə bilməsə, Formula1-dən gedəcək...

F-1.az xatırladır ki, finlandiyalı sürücü keçən mövsüm komanda yoldaşı Sebastyan Fetteldən 2 dəfə az xal toplamışdı. Almaniyalı qələbə qazandığı halda, Rəykkönen heç nə ilə yadda qalmamışdı. Bu mövsüm isə ilk 9 yarışdan sonra Rəykkönen və Fettel eyni xal toplayıblar. Amma unutmayaq ki, Fettel problemlərə görə bu il 3 dəfə mübarizəni vaxtından əvvəl dayandırıb. Hələ 2017-ci il üçün komanda ilə müqavilə bağlamayan Rəykkönen bildirib ki, onun performansı yüksək səviyyədədir: “Həmişə demişəm və indi də deyirəm: “Əgər burada yarışmaqdan həzz almasam və 100 faizlik performans göstərə bilməsəm, idmandan gedərəm. Pis nəticələr almağım 100 faizlik performans göstərmədiyim mənasına gəlmir. Burada işlər bu qədər bəsit deyil. Əgər yarışlara tam motivasiya ilə hazırlaşa bilməsəm, nə komandanın vaxtını alaram, nə də özüm vaxt itirərəm.

Yaxşı nəticələr alsam, yarışlardan daha çox həzz alacam, amma bu o demək deyil ki, mən əvvəlki yarışlarda daha güclü çıxış etmişəm. Bu sizin komanda ilə uyğunlaşmağınızdan və gördüyünüz işdən aslıdır”.

Rəykkönen əlavə edib ki, Formula1-dəki son komandasının Ferrari olmasını istəyir: “On il əvvəl dediyim kimi: Formula1-dəki son komandam Ferrari olacaq və bu istəyim hələ də davam edir. Gələcəkdə nə baş verəcəyini bilmirəm. Bunu zaman göstərəcək. Amma mən uzunmüddətli planlar qurmuram. Həyatda bəzi şeylər sürətlə dəyişir və sağlam olduğum müddətdə nələrin baş verəcəyini görəcəyik. Çox söz demirəm, amma gələcəkdə yaxşı şeylər olacağınadan əminəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*