Monakolu sürücünün Skuderiya ilə münasibətlərinin uzun tarixi var: 2016-cı ildə o, Ferrari-nin gənclər proqramına qəbul olunub, 2018-ci ildə Maranellonun dəstəyi ilə Alfa Romeo Sauber-in heyətində Formula1-də debüt edib, bir il sonra Ferrari-yə keçib və elə həmin vaxt poul və qələbələrinin hesabını açıb.
İndi Şarlın 28 yaşı var, o, hələ uzun illər Formula1-də çıxış edə bilər və təbii ki, monakolu sürücünün əsas məqsədi Ferrari ilə birlikdə dünya çempionu olmaqdır. Lakin bu yaxınlarda o, Beyond the Grid podkastında iştirak edib və müsahibə zamanı Leklerdən soruşublar ki, uzaq perspektivdə yarış menecmenti ilə məşğul olmağı düşünübmü.
“Nə vaxtsa bununla məşğul olacağam, bunu dəqiq deyə bilərəm, – deyə Şarl cavab verib. – Mən bu barədə artıq Nikolya Todt, menecerimlə danışmışam – ondan soruşdum ki, karyeram başa çatdıqdan sonra ona qoşulmağım onun üçün maraqlı olardımı. Amma hələlik bu, planlarımda yoxdur.
Hazırda mən 200 faiz yarışlara, pilotaja köklənmişəm və Ferrari-nin qələbə qazanmasına çalışıram. Bu səhifə bağlanandan sonra isə böyük ehtimalla, məhz bununla məşğul olmaq üçün avtoidmanda qalacağam.
Amma hələlik belə işə xüsusi marağım yoxdur, sadəcə özüm olmağa çalışıram… Mən həmişə belə olmuşam və bu və ya digər səbəbdən hamının xoşuna gəlməyə çalışan oğlan olmağa həmişə nifrət etmişəm.
Bu, mənlik deyil, dəyişməyəcəyəm. Mənə elə gəlir ki, paddokda düşmənim yoxdur, buna görə də bu, mənə heç bir narahatlıq yaratmır”.





