13 Dekabr 2019, Cümə - 17:11

Scuderia Ferrari – Ferrari SF90

Scuderia Ferrari – Ferrari SF90

Müəllif: Elçin Zodorov, redaktor

15:49 - 15 Fevral, 2019

Bu gün Ferrari çempionluq mübarizəsi aparmağa imkan verəcəyinə ümid etdiyi yeni bolidini təqdim edib. Bolid gözlənildiyi kimi, Ferrari-nin 90 illik yubileyi şərəfinə SF90 adlandırılıb. Bu, Ferrari tərəfindən Formula1-də yarışmaq üçün yaradılan 65-ci maşındır. SF90 yeni reqlamentə uyğun düzəldilib və sələfindən daha çox ön və arxa qanadların dizaynına görə fərqlənir.

F-1.az bildirir ki, maşının rənglənməsində ağ rəngdən demək olar ki, istifadə edilməyib. Mission Winnow brendinin loqosunu maşının hər bir yerində görmək olar. Scuderia yeni mövsümdə də özü üçün ən yüksək hədəfləri seçib – sürücülər çempionatında və Mühəndislər Kubokunda qalib gəlmək.

Təqdimat mərasimində çıxış edən ilk şəxs Ferari-nin direktoru Luis Kamilyeri olub. O, komandadan ayrılan Mauritsio Arrivabene və Kimi Rəykkönenə təşəkkürlərini bildirib.

Luis Kamilyeri: “Bu il bizim üçün çox vacibdir, çünki şirkətin 90 illiyini qeyd edirik. Komandanın möhtəşəm tarixinin bizim üzərimizə necə böyük məsuliyyət yüklədiyini hamımız bilirik. Biz bütün ölkənin və dünyadakı azarkeşlərin tələblərini qarşılamalıyıq. Bu məsuliyyəti məmnuniyyətlə qəbul edirik. Komandada çalışan hamının gücünə və istedadına əminik, eyni zamanda, rəqiblərimizə də hörmət edirik.

Keçən mövsüm bizim üçün son 10 ildə ən yaxşısı idi, lakin hədəfimizə çata bilmədik. Belə bir uğursuzluqla mübarizə aparmaq çox çətindir, lakin hədəfimizə çatmaq üçün çalışmalara davam etdiyimizə hər kəs əmin ola bilər. Fürsətdən istifadə edərək, keçən il komandamızdan ayrılan iki nəfərə – Mauritsio Arrivabene və Kimi Rəykkönenə təşəkkürlərimi çatdırmaq istəyirəm. Onlar hər zaman Ferrari ailəsinin bir parçası olacaqlar.

İndi Mattia Binottonun rəhbərliyi altında komanda üçün yeni dövr başlayır. Mattia 25 ilə yaxındır ki, Ferrari-də çalışır. Bu dövrdə karyerasındakı irəliləyiş onun fərqli xüsusiyyətlərinin və liderlik keyfiyyətlərinin göstəricisidir. Scuderia-nı yaxşı tanıyır. O, hörmət edilən, qərarlı və istedadlı əsl komanda oyunçusudur. Komandanı daha da yüksəklərə qaldıracağına əminəm.

Ferrari keçən il çempion olduğu mövsümdən bəri ən yaxşı nəticəsini əldə etdi. Bu il üçün hədəf məlumdur – titul qazanmaq. SF90 yeni reqlamentə uyğun hazırlanıb və ən son texnologiyalara sahibdir. O, istedadlı əməkdaşlarımızın zəhmətinin nəticəsidir”.

Mattia Binotto: “Bu gün olduqca özəl və həyəcanlı gündür. Hər zaman daha çoxunu xəyal edən və çalışmaqdan heç vaxt imtina etməyən komandamla qürur duyuram. Yeni mövsümün başlamasını gözləyirik. Önümüzdə uzun yol var, nəyin necə olacağını düşünməyin bir mənası yoxdur – işə gedərək lazım olanları etməliyik. Əlimizdə olan hər şeyi etməyə çalışacağıq. 2018-ci il uğurlu oldu, yeni maşın keçənilkinin modernləşdirilməsinin nəticəsidir – bir inqilab deyil. Ön qanad kimi bəzi hissələr yeni reqlamentə uyğun hazırlanıb. Lakin ən cəsur həlləri taparaq maşını daha da yaxşılaşdırmağa çalışmışıq.

SF90-nın arxasına baxın – çox incə və kompaktdır. İşlərimizin çoxu görünmür, çünki maşının içəri hissəsindədirlər. Mühəndislərimiz çox çalışdılar və gördüyünüz maşın bütün komandanın gərgin işinin nəticəsidir. Etdiklərimizə qürur duyuruq. Eyni zamanda, çempionatdakı ən yaxşı pilot cütlüyünə sahibik. Komanda rəhbəri olaraq daha yaxşısını düşünə bilmirəm. Bir həftə sonra testlər başlayır və ilk yarışa 1 ay qalıb. Vaxt çox görünür, əslində isə belə deyil. Bizi testlərdə gərgin iş gözləyir və mövsümün başlamasını səbirsizliklə gözləyirik”.

Sebastyan Fettel: Bu maşının bəzi detallarını keçən il görmüş ola bilərik, amma ümumi götürdükdə, SF90 tamamilə yeni maşındır. Təəssüf ki, indi yarış kombinezonunda deyiləm və sükan arxasına keçərək trasa çıxa bilmirəm. İstənbilən halda, çox xoşbəxtəm və testlərin başlaması üçün səbirsizlənirəm. Fikrimcə, Şarl da mənim qədər səbirsizdir. Binotto bu komandada hamımızdan daha uzun müddətdir ki, var. Bəlkə də, onun Scuderia-ya gəlişini xatırlayan yeganə şəxs Pyer Ferraridir. İkimiz beş ildir ki, birlikdə çalışırıq. Bundan sonra daha fərqli münasibətimiz olacaq.

Şarl isə demək olar ki, ömrü boyunca yarışıb. Onun üçün Ferrari-yə keçmək irəliyə doğru çox böyük addımdı və buna görə çox xoşbəxtdir. Yeni mövsümün başlamasını gözləyirəm və bu komandanın uğur əldə etmək üçün hər şeyə sahib olduğunu düşünürəm. Ümid edirəm ki, irəliləməyə davam edəcəyik”.

Şarl Lekler: “Yeni bir macəraya başladığım üçün sevinirəm və bunu uşaqlıqdan arzulayırdım. Həmişə bir gün qırmızı maşının sükanı arxasına keçmək ümidi ilə Ferrari-yə azarkeşlik etmişəm. Ferrari Sürücülər Akademiyasının üzvü olmaq mənə çox şeydə kömək etdi. Bu komandaya qoşulmaq hədəfim idi və artıq buradayam.

Fettellə komanda yoldaşı olmaq məni narahat etmir, əksinə, bu mənim üçün bir şansdır. Sebastyan dünya çempionudur və ondan çox şey öyrənə bilərəm. Əminəm ki, bizi möhtəşəm mövsüm gözləyir. Vacib olan birlikdə işləməkdir. Şübhəsiz, uğur əldə edəcəyik”.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 556
Teqlər , , , , ,
Paylaş

logo