Dakar-2023: Löbün ardıcıl 3-cü qələbəsi, Lopraysın qara günü

Bu gün marafon Fars körfəzi sahillərinə doğru böyük bir məsafə qət edib - düzdür, 624 km-lik yolun cəmi 114 km-də mübarizə aparmağa icazə verilib.

F-1.az xəbər verir ki, bu gün marafon Fars körfəzi sahillərinə doğru böyük bir məsafə qət edib – düzdür, 624 km-lik yolun cəmi 114 km-də mübarizə aparmağa icazə verilib.

Xüsusi sahə qısa olduğu üçün daha çox iştirakçının olduğu moto və kvadrosikletçilər starta iki-iki çıxıblar. Elə finişə də öndə onlar çatıblar.

Kvadrosikletçilərin yarışında bu gün podium Cənubi Amerikanın 3 fərqli ölkəsi ilə təmsil olunub – qələbəyə isə braziliyalı Marselu Medeyros sevinib. Medeyros bu il qazandığı 5 podiumdan sonra, nəhayət, zirvəyə qalxa bilib.

Finişdə Marselu argentinalı Manuel Anduxarı 1 dəqiqə, Çilili Covanni Enrikonu isə 3 dəqiqə qabaqlayıb.

Marafonun lideri Aleksandr Jiru bu gün qalibə 5.5 dəqiqə uduzub və ümumi sıralamada bu gün 4-cü olmuş Fransisko Moreno Floresi 1 saat 18 dəqiqə qabaqlayır. Manuel Anduxar isə daha 20 dəqiqə geridə podiumu tamamlayır…

Motosikletçilərin qısa məsafədə yarışı daha gərgin alınıb və yekunda ümumi sıralamada liderin dəyişməsi ilə nəticələnib.

Bugünkü mərhələdə qələbəni botsvanalı Ross Branç əldə edib – Hero komandasının lideri son 3 mərhələdə 2-ci qələbəsini qazanıb. Finişdə Ross Andriyen van Bevereni 21, debütant Maykl Doçertini isə 30 saniyə qabaqlayıb.

Bu mərhələdən sonra günü 4-cü yerdə başa vurmuş Kevin Benavides liderliyə yüksəlib – KTM komandasının sürücüsü Husqvarna-dan Skayler Hausu 1.5 dəqiqə, komanda yoldaşı Tobi Praysı isə 2 dəqiqədən çox qabaqlayır.

Maşınların yarışında isə Sebastyen Löb rəqiblərinə heç bir şans verməyib. Fransalı əfsanəvi ralli sürücüsü ardıcıl 3-cü qələbəsini qazanmaqla builki marafonda 4 qələbə qazanan ilk sürücü olub. Eyni zamanda, bu qələbə Löb üçün Dakarda 20-ci yubiley zəfəri olub.

Prodrive sürücüsü bu gün finişdə Audi-dən Mattias Ekströmü 3 dəqiqə, builki rallidə əsas rəqibi, debütant Lukas Morayesi isə 5.5 dəqiqə qabaqlayıb.

Heç hara tələsməyən Nasser əl-Əttiyah bu gün liderə təxminən 6 dəqiqə uduzaraq günü 4-ci yerdə başa vurub. Qətərli sürücünün marafonda inamlı liderliyi davam edir. Hazırda Nasser ümumi sıralamada Lukası 1 saat 22 dəqiqə qabaqlayır. Löb isə ikinci yerlə fərqi 15 dəqiqəyə salıb…

Yüngül baqqilərin mübarizəsində ikinci Set Kintero 2-ci qələbəsini qazanıb. İki il əvvəl Dakarda debüt mövsümündə 6, keçən il isə 12 qələbə qazanan amerikalı sürücü ümumi qələbələrinin sayını 20-yə çatdırıb – cəmi 3 ilə!!!

Finişdə Kintero iki əfsanəni qabaqlayıb – İqnasio Kasale liderə 37 saniyə uduzsa da, Helder Rodriges 3 dəqiqə geri qalıb.

Ümumi sıralamada isə Kintero üçüncüdür və lider Giyom de Mevyusa bir saatdan çox uduzur. Keçənilki çempion Ostin Cons qələbəyə daha yaxındır – amerikalı sürücü ilə lideri 8 dəqiqə ayırır.

Ağır baqqilərin yarışında isə bu gün ispaniyalı Jerar Farres Guell vacib qələbə qazanıb. Finişdə South Racing komandasının sürücüsü Qoçallar ailəsini qabaqlayıb – Marek liderə 55 saniyə uduzub, onun oğlu Erik isə daha 13 saniyə ləng olub.

Bu podiumla debütant Erik Qoçal marafonun lideri Rokas Batsyuşka ilə fərqi 4 dəqiqənin altına salıb. Bugünkü mərhələnin qalibi Jerar isə liderə 7 dəqiqədən az uduzur.

Yük maşınlarının yarışı isə sürprizlə başlayıb. Dünənki mərhələdə italiyalı azarkeşin ölümü ilə nəticələnən insidentə görə marafonun lideri Aleş Loprays starta çıxmayaraq marafondan getdiyini elan edib.

Xatırladaq ki, çexiyalı sürücü kor zonada olan azarkeşin üstündən keçib, azarkeş isə hadisədən 3-4 saat sonra ürəktutmasından dünyasını dəyişib. Sürücünün insidentdə heç bir günahı olması da, builki marafonda qələbəyə əsas namizəd sayılan Loprays ciddi sarsıntı keçirib və marafonla vidalaşıb.

Bugünkü mübarizədə isə əfsanəvi Paskal de Baar fərqlənib – niderlandlı sürücü həmyerliləri Mitçel van der Brinki və Yanus van Kastereni üstələyib. Bu gün podiumda yalnız Niderlandın bayrağı dalğalanıb…

Lopraysın istefasından sonra marafonda liderlik Yanusa keçib. İveco sürücüsü ikinci yerdə olan həmyerlisi Martin van der Brinki (Mitçelin atası) 23 dəqiqə qabaqlayır. Çexiyalı Martin Matsik isə liderə 51 dəqiqə uduzur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*