Səhər keçirilən yeganə məşq sessiyasında ən yaxşı nəticəni, gözlənildiyi kimi, Melburnda dominant çıxış edən Corc Rassell göstərib. Ardınca isə dərhal sprint üçün təsnifat mərhələsi baş tutub. Bu sessiya xüsusilə maraqlı olub, çünki üç saatlıq məşqlər olmadan şassi və güc qurğularının əsas sazlanmaları ilə komandaların sürətli dövrədəki real güc nisbətini göstərib.
Pirelli Şanxaya “orta” üçlüyü – C2, C3 və C4 təkərlərini gətirib.
Birinci sessiyada sürücülər qaydalara uyğun olaraq Medium təkərlərlə trasa çıxıblar. İlk cəhdlərdə ən yaxşı nəticəni Rassell göstərib – 1:33.030. O, rəqiblərini 0.7 saniyə qabaqlayıb.
İkinci cəhdlərdə fərq bir qədər azalıb – Lyuis Həmilton cəmi 0.1 saniyə geri qalıb. Rassell isə ikinci cəhdinə çıxmayıb, amma buna baxmayaraq liderliyini qoruyub.
Qabriel Bortoleto və Oliver Berman son döngədə çınqıllığa çıxıblar, lakin maşın üzərində nəzarəti saxlayaraq hərəkəti davam etdiriblər. Serxio Peres isə yanacaq sistemi problemi səbəbindən boksdan ümumiyyətlə ayrılmayıb.
Birinci sessiyada mübarizəni Peres, Bottas, Stroll, Alonso, Elbon və Sayns dayandırıb.
İkinci sessiyada bütün sürücülər yenə Medium təkərlərdən istifadə edib. Şarl Lekler 1:32.602 nəticə ilə ilk cəhdində protokollara başçılıq edib, lakin sonra Rassell daha sürətli olub – 1:32.241.
İkinci cəhdlərdə ssenari təkrar olunub: nəticələr bir qədər sıxlaşıb, amma Rassell vaxtını yaxşılaşdırmasa da lider qalmağı bacarıb. Berman son döngədə trasdan çıxıb.
Ferstappen isə Qaslinin mane olmasına görə çınqıllığa çıxıb, lakin trasa qayıda bilib. Stüardlar epizodu nəzarətə götürüb.
Kolapinto, Lindblad, Bortoleto, Louson, Okon və Hülkenberq final mərhələsinə keçə bilməyiblər.
Son sessiyada hamı Soft təkərlərə keçib və əsasən bir cəhdlə kifayətlənib – bir və ya iki sürətli dövrə vurulub, lakin ikinci dövrədə ən yumşaq şinlər artıq effektivliyini itirməyə başlayıb.
Rassell ilk cəhddəcə 1:31.520-lik nəticə göstərərək protokola başçılıq edib və bu vaxt sessiyanın ən yaxşı nəticəsi kimi qalıb.
Beləliklə, Corc Rassell karyerasında ilk dəfə sprint təsnifatını qazanıb. Sabah səhər o, startın ilk cərgəsini komanda yoldaşı ilə bölüşəcək – Kimi Antonelli ondan təxminən 0.3 saniyə geri qalıb. İkinci cərgədən Lando Norris və Lyuis Həmilton, üçüncü cərgədən isə Oskar Piastri və Şarl Lekler start alacaqlar.




