Arif Rəhimov: Ümid edirəm ki, sizi tezliklə sevindirə biləcəyik

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru, bizim yarışın promouteri Arif Rəhimovla Formula1 mövsümü, yeni təqvim və bu təqvimdə bizim yarışın yeri barədə danışdıq.

F-1.az xatırladır ki, builki orijinal təqvimdə Azərbaycan yarışı 8-ci idi, öndəki yarışlar təxirə salındıqdan və ləğv olunduqdan sonra hətta çempionata start bizim yarışla verilə bilərdi. Amma bizim yarış da sonda təxirə salındı…

– Arif müəllim, keçən illər bu vaxtlarda artıq ya yarışımızı keçirmişdik, ya da yarışa son hazırlıq fazasında idik. Bu il bütün çempionat iştirakçıları kimi promouterlər də dincəlirlər. Yarışlar üçün nə qədər darıxmısınız?

– Bəli, tamamilə doğru qeyd etdiniz. 2014-cü ildən etibarən Azərbaycan hökuməti və Formula1 rəhbərliyi yarış mərhələlərinin birinin Bakıda keçirilməsinə dair müqavilə imzaladıqdan sonra, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin bütün kollektivi artıq bu zamanlarda yarış həftəsonuna ya fəal hazırlıq işləri görürdü, ya da artıq yarışı həyata keçirirdi. Bu il ilk dəfə olaraq, COVİD-19 qlobal pandemiyası ilə əlaqədar biz gözləmə mərhələsindəyik və yarışı bu il keçirə biləcəyimizi anlamaq üçün vəziyyəti diqqətlə izləyirik.

Əlbəttə, mən də bir Formula1 azarkeşi kimi çempionatın builki mövsümünün ilk yarışını televizorda görəcəyim günü və həmçinin daha sonra çempionatın komanda və azarkeşlərini Bakıda keçiriləcək yarış həftəsi zamanı qəbul edəcəyimiz günü səbirsizliklə gözləyirəm.

– Hazırda Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Formula1 rəhbərliyi (Formula One Management – FOM) mövsümün yeni təqvimi üzərində işləyirlər. Bizim yarışın bu təqvimdə yer alması şansını necə dəyərləndirirsiniz?

– Biz Formula1 rəhbərliyi ilə daim əlaqə saxlayaraq yarışın keçirilməsini mümkün edəcək ssenarilər barədə düşünürük. İlkin növbədə, ölkənin karantin rejimindən çıxması və sərhədlərin açılması ön plandadır. Əgər ölkəmiz yay aylarında karantin rejiminə davam etsə, o zaman yarışı planlaşdırmaq və üstəlik, onu həyata keçirmək mümkün olmayacaq. Mövcud vəziyyətə əsaslanaraq, hər hansı bir proqnoz vermək mümkün deyil. Şansımızın nə dərəcədə yüksək olduğunu söyləmək çətindir, ancaq düşünürəm ki, əgər Formula1 çempionatı 2020-ci il mövsümündə baş tutarsa, o zaman Azərbaycan Qran Prisinin builki təqvimdə yer alması şansı heç də az olmayacaq.

Sebastian Vettel, Nico Rosberg, Sergio Perez, Baku City Circuit, 2016

– Dəqiq məlum olan budur ki, 10 yarışdan 3-ü tam ləğv olunub, bizim yarışla bərabər 7 yarış isə təxirə salınıb. Avstriya və Böyük Britaniyanın hər birində builki mövsümdə 2 yarışın keçirilə biləcəyi söhbətləri fonunda, əgər sizin dediyiniz şərtlər də ödənilərsə, Bakıda ardıcıl olaraq iki yarış keçirmək mümkündürmü?

– Bəli, biz Formula1 çempionatındakı bəzi Avropa promouterlərinin iki ardıcıl yarış keçirmək imkanı barədə düşündüklərindən xəbərdarıq. Bunu yalnız stasionar traslarda, yəni hazır yarış infrastrukturuna malik olan avtodromlarda etmək olar. Belə ki, bu halda yarışa hazırlıq prosesi şəhər trası ilə müqayisədə daha asan keçir. Bildiyiniz kimi, Bakı Şəhər Halqası şəhərimizin mərkəzi küçələrindən keçir və biz bu küçələrdə hər il yarış üçün lazımi infrastruktur yaradırıq. Bu da öz növbəsində paytaxt sakinləri üçün müəyyən narahatlıqlara səbəb olur. “Kral yarışları” Bakının inkişafına çoxlu müsbət nəticələr gətirsə də, biz birdən çox yarış qəbul edə biləcəyimizi düşünmürük. Çünki bu, Bakı sakinlərinin həyat keyfiyyətinə mənfi təsir göstərə bilər.

– FİA və FOM həm komandalarla, həm də promouterlərlə sıx əlaqə saxlayır. Yeni təqvimdə daha çox kimin mövqeyi yer alır: komandaların, yoxsa promouterlərin?

– Hesab edirəm ki, bu, Formula1 promouterlərinin komandalardan daha çox səsə malik olduğu nadir haldır.

Əgər promouter yarışı qəbul edə bilmirsə və ya bunun üçün zəruri hüquqi qüvvəyə malikdirsə, həmçinin vəziyyət də yaxşılaşmırsa, bu zaman o, imzalanmış müqavilədə fors-major vəziyyətlər haqqında olan müvafiq bəndə əsaslanaraq, Formula1 mövsümündə iştirak etməyə bilər. Digər tərəfdən, komandalar yarışı keçirməyə can atırlar, çünki onlar mövsümün yekunlarına görə Formula1 gəlirlərinin bölüşdürülməsində iştirak edirlər. Bu gəlirin böyük hissəsi yarış təşkilatçıları və televiziya yayım şirkətləri tərəfindən edilən ödənişlərdən ibarətdir. Beləliklə, komandalar üçün yarışların keçirilməməsi il ərzində qarşılıqsız böyük xərclər deməkdir və buna görə də onların çempionatı keçirmək istəkləri tamamilə başa düşüləndir. Lakin promouter üçün əsas prioritet – vətəndaşlar, işçilər və azarkeşlərin sağlamlığı və rifahıdır.

– FİA və FOM mövcud şəraitdə komandalara yardım edirlər. Yəqin ki, gələn ilin üzvlük haqqında da belə güzəştlər nəzərdə tutulacaq. Bəs promouterlərlə danışıqlarda güzəşt məsələsi müzakirə olunurmu?

– Hələlik biz Formula1 şirkəti ilə maliyyə məsələsini müzakirə etməmişik, çünki çempionatın Azərbaycan mərhələsinin keçiriləcəyi ilə bağlı tam aydınlıq yoxdur. İlk növbədə biz, ölkədə karantin tədbirlərinin maksimal dərəcədə aradan qaldırılacağından və Azərbaycanın sərhədləri açaraq Formula1-in işçi heyətini və iştirakçılarını, həmçinin çempionatın xarici tamaşaçılarını normal rejimdə qəbul edə biləcəyindən tam əmin olmaq istəyirik. Yalnız bundan sonra biz müqavilə üzrə maliyyə güzəştləri məsələsini qaldıra bilərik. İndiki məqamda Bakıda yarışı qəbul edib-etməyəcəyimizi tam deyə bilmədiyimizdən, sözügedən maliyyə məsələsinin açılmasının yersiz və əsassız olduğunu düşünürük. Əminliklə deyə biləcəyimiz yeganə şey odur ki, əgər Azərbaycan Qran Prisi bu il keçirilməzsə, ölkəmiz heç bir maliyyə itkisinə məruz qalmayacaq. Çünki o halda builki yarışın keçirilməsi üçün ödənilmiş məbləğ birbaşa gələn ilə keçiriləcək.

Valtteri Bottas, Daniel Ricciardo, Lance Stroll, Baku City Circuit, 2017

– Əgər bizim yarışa təqvimdə payız aylarında yer ayrılsa, ölkəmizdə həmin vaxta qədər bütün məhdudiyyətlər tam aradan qaldırılsa, amma Avropa ölkələrində məhdudiyyətlər davam etsə, o zaman bunun bilet satışına göstərəcəyi mənfi təsiri necə aradan qaldırmağı düşünürsünüz? Yəni milli azarkeşlərin tribunaları doldurması üçün bilet qiymətlərində ciddi güzəştlər mümkündürmü?

– Dediyim kimi, hazırda hər hansı bir proqnoz vermək çətindir və mövcud vəziyyətin bu və ya digər nəticələri ilə spekulyasiya etmək istəmirəm. Biz, vəziyyət dəyişdikcə fəaliyyət planı hazırlayaraq, onu davamlı inkişaf etdirəcəyik.

Şübhəsiz ki, tribunalarımızı doldurmaq istəyirik və gözləntimiz odur ki, əgər ölkəmizdə karantin rejimi yumşalarsa, oxşar olaraq Avropada da məhdudiyyətlər aradan qaldırılacaq. Diqqət mərkəzimizdə olan azarkeşlərin böyük hissəsi Avropa aviareyslərindən istifadə edirlər. Əgər Azərbaycan beynəlxalq reysləri qəbul edə bilərsə, əminik ki, dünyanın hər yerində olan Formula1-in çoxmilyonlu azarkeş ordusu darixdıqları “kral yarışları”ndan ötrü Azərbaycan Qran Prisinə böyük sevinclə gələcək. Yarışı keçirəcəyimiz təqdirdə, rekord sayda azarkeşin gələcəyi də gözləniləndir.

– Beşinci yubiley yarışımızın daha yaddaqalan olması üçün əyləncə proqramı necə olacaq?

– Əgər biz Formula1-in Bakı mərhələsini bu il keçirmək qərarına gəlsək, çox güman ki, yarış həftəsonuna hazırlıq prosesi zamanı müəyyən vaxt məhdudiyyətləri ilə qarşılaşacağıq. Bu halda əyləncə proqramı sıxılmış formatda ola bilər, çünki yarış sessiyalarından sonra gündəlik konsertlərin keçirilməsi üçün beynəlxalq ulduzlarla qısa müddət ərzində razılaşmaq bizim üçün çətin olacaq.

Bundan başqa, yarışa hazırlıq müddəti də qısalacaq. Məsələn, adətən standart planın həyata keçirilməsinə 8 ay qədər vaxtımız olurdusa, mövcud vəziyətlə əlaqədar olaraq, biz çox qısa müddətdə, təxminən 3 ay ərzində hazırlıqları tamamlamalıyıq. Təəssüf ki, hətta ən müsbət halda, yəni yarışın erkən payızda keçirilməsi halında belə, əyləncə proqramı əvvəlki illərə nisbətən bir qədər qısa olacaq.

Kimi Raikkonen, Lewis Hamilton, Sergio Perez, Baku City Circuit, 2018

– Arxada qoyduğumuz 4 yarışda ən yaddaqalan nə olub? Həm müsbət, həm də mənfi cəhətdən.

– Ən çox yaddaqalan müsbət məqamlardan mən, ilk olaraq bunları xatırlayıram: Formula1 yarışının Bakıda ilk dəfə keçirilməsindən sonrakı ən unudulmaz an 2017-ci ildə Azərbaycan Qran Prisinin bir çox beynəlxalq aparıcı medianın rəyinə əsasən ilin ən yaxşı yarışı kimi tanınması idi. Bu, bizim üçün çox qürurverici bir məqamdır, çünki Bakı Şəhər Halqası komandası olaraq ərsəyə gətirdiyimiz hər Qran Prinin Formula1 azarkeşləri üçün ən yüksək səviyyədə maraqlı və unudulmaz olması üçün əvəzsiz səy göstəririk. Lakin bizdən asılı olmayan və birbaşa olaraq Formula1 pilotlarına həvalə olunan məqam bolidlərin trasda göstərdikləri unudulmaz yarış şousudur. 2017-ci ildə onlar Bakı mərhələsində inanılmaz mübarizə nümayiş etdirdilər və bunun nəticəsində yarışın və ölkəmizin dünya üzrə işıqlandırılmasında göstərdiyimiz əməyin bəhrəsi gözlədiyimizdən daha çox oldu.

Mənfi tərəfdən ən xoşagəlməz məqam isə ötənilki yarış həftəsonu zamanı kanalizasiya quyusu qapağının yerindən çıxaraq Williams komandasının pilotu Corc Rassell tərəfindən idarə olunan bolidə zərər verməsi idi. Bakı Şəhər Halqası kommunal xətlərin keçdiyi 300-dən çox quyunun olduğu mürəkkəb bir trasdır. Yəqin ki, onlardan biri nəzərimizdən qaçmışdı.

– Qayıdaq həmin epizoda, keçənilki birinci sərbəst yürüşdə baş verən hadisənin təkrarlanmaması üçün hansı tədbirləri görmüsünüz?

– Bizim üçün pilotların təhlükəsizliyi birinci dərəcədə əhəmiyyətlidir. Keçən ilin ilk sessiyasından dərhal sonra, trasdakı 300-dən çox quyu qapağına yenidən baxış keçirdik. Bundan əlavə biz, yarışdan əvvəl və yarış zamanı bütün quyu qapaqlarının sabit olub-olmadığını yoxlamaq üçün xüsusi bir komanda qurmuşuq.

Lewis Hamilton, Valtteri Bottas, Sebastian Vettel, Baku City Circuit, 2019

– Siz necə düşünürsünüz, Berni Ekklstoun pandemiya şəraitində daha qətiyyətli olardı, yoxsa Liberty Media bu işin öhdəsindən normal gəlir?

– Koronavirus pandemiyası səbəbindən bütün dünyanın üzləşdiyi bu vəziyyət nəzərdə olmayan fors-major haldır və kiminsə bunun öhdəsindən 100% gələ biləcəyindən, doğrusu, şübhə edirəm. Biz hazırda bir növ böyük avtomobildə sərnişinik və vəziyyəti dəyişmək üçün çox az adamın imkanı var. Bu, xüsusilə idman tədbirləri sektorunda özünü daha çox göstərir. Bir çox çempionatın təmsilçisi müvafiq təcrübəyə nail olmaq və növbəti addımlara dair qərar verə bilmək üçün rəqiblərin, hətta digər idman çempionatlarının mövcud vəziyyətin öhdəsindən necə gəldiklərini müşahidə edirlər. Burada kommunikasiya prosesinin necə aparılması da az rol oynamır.

Biz hesab edirik ki, Liberty Media çempionatda baş verən proseslər barədə azarkeşləri vaxtaşırı məlumatlandırmaqla çox düzgün və dəqiq şəkildə ünsiyyət qurur. Bundan əlavə, onlar bu arada böyük uğurla həyata keçirilən virtual yarış çempionatını da elan ediblər. Formula1 pilotlarının iştirak etdikləri bu yarışlara azarkeşlər böyük maraq göstərirlər, hətta digər idman sahələrindən, məsələn futboldan, tennisdən də idmançılar qoşulurlar.

– Bu pandemiya bir promouter olaraq sizə nəyi öyrətdi?

– Koronavirus pandemiyasının gözlənilmədən bütün dünyanı, o cümlədən promouter kimi bizi əhatə etdiyini nəzərə alaraq, biz ona proqnozlaşdırılan hər hansı bir fors-major vəziyyət kimi hazır ola bilməzdik. Təəssüf ki, heç kim hadisələrin bu cür gedişini təxmin edə bilməzdi və biz öz növbəmizdə yarış mərhələsinə geniş hazırlıqlara hələ başlamadığımız üçün, hətta bu baxımdan şanslıyıq. Avstraliya Qran Prisinin son anda ləğv edilməsi məhz bizim tikinti işlərinin hazırlıq zamanına təsadüf etdiyindən, yarışın keçirilmə zamanının dəyişilməsindən öncə maliyyə resurslarımız xərclənmədi. Düşünürəm ki, daha sonra tikinti işlərinə başlamağa qərar verməklə biz hər şeyi düzgün etmişik. Yarışın ilk illərində – 2016-2018-ci illərdəki kimi hazırlıqlara daha əvvəl başlamış olsaydıq, biz artıq kifayət qədər pul xərcləmiş olardıq.

– Saytımızın oxucularına, Formula 1 azarkeşlərinə son sözünüz.

– Mövcud vəziyyətdə Formula1 azarkeşlərinə və veb-saytınızın oxucularına həm özlərini, həm də yaxınlarını təhlükədən qorumaq üçün evdə qalmağı tövsiyə edirəm. İnanıram ki, dünya ictimaiyyəti COVİD-19 pandemiyası üzərində tezliklə qələbə qazanacaq. Həmçinin ümid edirəm ki, Formula1 Dünya Çempionatının cari təqvimində öz möhtəşəmliyi ilə uzun müddət yadda qalacaq Azərbaycan Qran Prisini ərsəyə gətirməklə sizi tezliklə sevindirə biləcəyik.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*