Antonelli Maksla eyni komandada çıxış etməyə şad olardı

Kimi Antonelli və Maksı Ferstappeni dostluq münasibətləri bağlayır, buna görə də Mercedes-in italiyalı sürücüsü dördqat dünya çempionunun xarakterini yaxşı bilir. Maks cəmi bir neçə gün əvvəl Red Bull Racing-lə müqaviləsini 2030-cu ilin sonuna qədər uzadıb və Kiminin sözlərinə görə, o, dostunun Formula1-lə vidalaşacağını heç ağlına da gətirməyib.

“Düzünü desəm, əslində mən heç vaxt Maksın karyerasını başa vuracağını düşünməmişdim. O, yarışları həddən artıq çox sevir, – deyə Antonelli İtaliya mətbuatına açıqlamasında bildirib. – Əgər o, Mercedes-də mənim komanda yoldaşım olsaydı, onunla rəqabət aparmaq çətin olardı, amma, eyni zamanda, düşünürəm ki, bu, əla olardı. Çünki bu onun kimi bir çempionun necə işlədiyini detallı şəkildə öyrənmək imkanı verərdi. Üstəlik, biz eyni maşınları idarə edərdik.

Bununla belə, hər halda sevinirəm ki, mənim komanda yoldaşım Corc Rasselldir. Onun sayəsində mən də çox şey öyrənmişəm və indi bütün diqqətimi komanda ilə işə və çempionatın qalan yarışlarında qarşımdakı tapşırıqlara yönəltmişəm”.

Kimidən Yaxın Şərqdəki gərgin vəziyyət səbəbindən Qətərdəki və Əbu Dabidəki mərhələlərin ləğv oluna biləcəyi, mövsümün isə Imoladakı Enzo və Dino Ferrari adına klassik avtodromda başa çata biləcəyi ehtimalına münasibəti soruşulanda, o bildirib ki, buna yalnız sevinər:

“Mövsümün İtaliyada başa çatması əla olardı! Baxmayaraq ki, vəziyyət yaxşılığa doğru dəyişsəydi, həmin traslara da getməyə şad olardım. Belə deyək, çempionatın finalından zövq almağa heç nə mane olmasın”.

,