Alonso şayiələri təkzib edib

Meksika Qran Prisindən sonra ispan sürücünün gələn il Red Bull-da Serxio Peresi əvəzləyəcəyi barədə şayiələr yayılıb.

F-1.az bildirir ki, meksikalı sürücünün komanda yoldaşından çox geri qalması, qənaətbəxş çıxış etməməsi, son 5 yarışda podiuma çıxa bilməməsi, çempionatda ikinciliyini təhlükəyə salması və xüsusilə son ev yarışındakı səhvi sürücünün ətrafında neqativ söhbətlərin formalaşmasına gətirib çıxarır.

Cari mövsümün xüsusilə ilk hissəsində möhtəşəm çıxış edən Fernandonun onu Red Bull-da əvəzləyəcəyi isə son günlərin ən çox danışılan mövzusudur. Lakin ispan sürücü San Paoloda bu dedi-qodulara son qoyacaq açıqlamalar verib.

Fernando Alonso: “Bu barədə deyəcəyim sözüm yoxdur. Paddokdakı söz-söhbətlər normaldır, bu halda insanlar sadəcə əylənməyə və yeni abunəçilər cəlb etməyə çalışırlar, amma mən o oyunları oynamıram. Bu cür söz-söhbətləri sevmirəm, çünki Formula1-də uzun illər çalışmış peşəkar jurnalistlərə dəyər verirəm, onlar öz işləri ilə hörmətə layiqdirlər.

Şayiələri bu mətbuat konfransı zalında olmayan insanlar yayıb. Onlar bunu gülməli hesab edirlər, amma mən belə şayiələrin yayılmasının gülməli olduğunu düşünmürəm. Onlar mənim komandaya sadiqliyimi şübhə altına aldılar və onların hərəkətlərinin nəticələrinin olacağına inanmaq istəyirəm. Bir xahişim var, bu söz-söhbətlərlə bağlı mənə daha sual verməyin”.

Alonso son yarışlarda komandanın geriləməsindən də danışıb: “Əlbəttə, indi biz istədiyimiz qədər rəqabətcil deyilik. Biz ən yüksək səviyyəyə çatmağa çalışırıq, amma hələ ki, bunu nümayiş etdirə bilmirik. Mən xoşbəxt deyiləm, Mayk Krak da xoşbəxt deyil, komandada hər kəs hazırkı performansdan narazıdır.

Ancaq eyni zamanda, iki il əvvəl komandada 250 nəfər var idi və indi biz transformasiyadan keçirik – 800 işçimiz, yeni bazamız, 2023-cü ildə yeddi podium və keçən illə müqayisədə qat-qat çox qazanılmış xalımız var. Dramatikləşdirmək lazım deyil, 2023-cü ili komandamız üçün uğurlu hesab etmək olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*