Alfa Romeo C41-i təqdim edib

Alfa Romeo komandası 2021-ci il bolidi C41-i Varşavada təqdim edib.

F-1.az xatırladır ki, daha əvvəl McLaren və AlphaTauri yeni bolidlərini təqdim etmişdi.

Keçən mövsüm inamsız çıxış edən və 8-ci yeri tutan Alfa Romeo komandası sürücü heyətində dəyişiklik etməyib.

İtaliya komandası bu il də qırmızı-ağ rəng çalarından istifadə edib. Keçən ildən komandanın titul sponsoru olan PKN Orlen bu mövsüm də Alfa Romeo ilə tərəfdaşlığı davam etdirəcək. Huski Chocolate isə artıq komandanın sponsoru deyil.

Bolid rəng çalarını qorusa da, rənglərin yerində dəyişikliklər edilib. Kombinezon isə artıq demək olar ki, ağappaqdır. Boliddə texniki dəyişiklik də olub. Texniki direktor Jan Monşonun daha əvvəl dediyi kimi italyanlar iki inkişaf jetonunu da bolidin ön tərəfi üçün istifadə edib və dar burun konseptinə keçib. Bundan başqa “qırmızı-ağlar” Ferrari-nin yeni mühərriyindən istifadə edəcəklər.

Yeni reqlamentə görə altlıqda da dəyişikliklər olub. Bolidin digər hissələri də bu dəyişikliyə uyğun olaraq yığılıb.

Frederik Vasyörr: “Yeni bolidi tanıtmaq həmişə emosionaldır. Çünki bu, yeni bir macəranın başlanğıcıdır. Komanda fəlsəfəsini dəyişməyib. Gələcəkdə daha yaxşı iş görməliyik. Keçən mövsüm 8-ci olduq. Bu mövsüm daha yaxşı nəticə hədəfləməliyik. Bunu etmək üçün təkmilləşməliyik. Hazırda bütün komandaların gözləntiləri yüksəkdir. Bütün komandalar mövsümə yaxşı başlamaq istəyirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*