Vaulz: Reqlament dəyişəndə bütün zəifliklər üzə çıxır

Ötən mövsümlə müqayisədə Williams üçün 2026-cı il xeyli uğursuz alınıb: əgər keçən il bolid Karlos Saynsın bir neçə dəfə podiuma qalxmasına imkan verdisə, bu il çempionatın ilk yarısında o yalnız üç yarışda xal qazana bilib.

Bu il Qrouv komandasının problemləri barədə çox danışılıb, lakin onun rəhbəri Ceyms Vaulz hesab edir ki, bu, olduqca xoşagəlməz təcrübə də özünəməxsus əhəmiyyətə malikdir.

“Biz bunun öhdəsindən gəlməli idik, – deyə o, çempionatın rəsmi saytına verdiyi müsahibədə bildirib. – Üç il ardıcıl olaraq demişəm ki, hələ çempionatda qələbə uğrunda mübarizə aparmaq səviyyəsində deyilik, bunu indi də təkrarlayıram. Mən istəyərdim ki, biz həmin səviyyəyə çataq, amma ona yetişə bilmirik.

Qaydaların dəyişməsi baş verdikdə bütün zəif cəhətlər dərhal üzə çıxır. Oyunun qaydaları, məsələn, yeni tənzimləmələr qüvvəyə minəndə geridə qalmamaq üçün həm komandamızı, həm də onun dəstək sistemini qurmalı, bütün prosesləri tənzimləməli və istehsal imkanlarımızı inkişaf etdirməliyik.

Məni nə qədər zəiflədiyimiz təəccübləndirdi, amma bu faktdır. Rəhbərliyin rolu hər şeyi təhlil etmək, problemlərə həll tapmaq və irəliyə davam etməkdən ibarətdir – hər şey sadədir. Və əminəm ki, keçən il olduğu kimi, görəcəksiniz ki, biz irəli addım atacağıq. Bu barədə şübhəm yoxdur.

Amma mən belə bir dərs götürdüm: bəzi şeylər mən istədiyimdən daha çox vaxt tələb edir… Bəzən sərt realizmlə üzləşmək faydalıdır – əlbəttə, bunu məcazi mənada deyirəm. Bu, dəyişikliklərə kifayət qədər tez adaptasiya olub-olmadığınızı anlamağa kömək edir.

Biz çətin vəziyyətə düşən yeganə komanda deyilik. Bəzi şərhlərə baxanda görürsən ki, dörd aparıcı komandanın bütün zəruri sistem və strukturla təmin olunmuş qrupu var, digərləri isə onlardan kənardadır.

Büdcə limitlərinə keçid – Formula1-də baş verən ən yaxşı şeydir, lakin bunun nəticəsində bəzi zəif cəhətlərimiz elə bil konservləşdi və onlarla məşğul olmaq üçün xüsusi səylər göstərməliyik, eyni zamanda yarış maşınları tikməyə və onları modernləşdirməyə davam edirik…

Biz işləməyən bəzi sistemlərimizlə bağlı cəsarətli qərarlar qəbul etdik. Üstəlik, bununla mövsüm ərzində məşğul olmalı oluruq. Sizi əmin edirəm ki, çempionatdakı heç bir digər komanda bunu etmir. Həmçinin ilin ortasında tamamilə yeni şassi yaratmağa çalışırıq. Bir vaxtlar bu adi hal idi, indi isə belə deyil. Və bu son dərəcə çətin məsələdir… Amma mən həmişə bilirdim ki, uğurlarımız da olacaq, uğursuzluqlarımız da, buna baxmayaraq məqsədlərimiz dəyişmir.

Komandanın bütün çətinliklərə necə reaksiya verməsindən qürur duyuram. Biz bunun öhdəsindən gələcəyik və əvvəlki səviyyəmizə qayıdacağıq. Şübhəsiz, sürücülərimizə asan olmur, amma onlar da komandanın yaxşılaşması və daha sürətli olmaq üçün öz töhfələrini vermək istəyirlər.

İndi etdiyimiz bir çox dəyişikliklər növbəti ilə – 2027-ci ilə – nəzərdə tutulub. 2027-ci ilə hazırlıq işləri artıq gedir, çünki buna indi başlamaq lazımdır… Bu il idarəetməni zəiflədən maşının çatışmazlıqlarını aşkar edir və onları düzəldirik ki, gələcək üçün daha effektiv platforma yaradaq. O zaman daha yüksək nəticələrə ümid etmək mümkün olacaq…

Hazırda etdiyimiz işlərin çoxu inkişafın doğru istiqamətini müəyyən edir. Və bütün bu qərarlar maşının sürətini dərhal artırmasa da, biz struktur dəyişikliyi aparırıq və gələcəkdə xeyli maraqlı vəd edən yeni iş metodlarına diqqət ayırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*