22 Avqust 2019, Cümə axşamı - 06:49

S.Peres: “Gələcəyimlə bağlı qərarı yay fasiləsində verəcəm”

S.Peres: “Gələcəyimlə bağlı qərarı yay fasiləsində verəcəm”

Müəllif: Elçin Zodorov, redaktor

15:33 - 08 İyul, 2016

Force İndia komandasında daha bir il qalacağı deyilən Serxio Peres gələcək karyerası ilə bağlı qərarını yay fasiləsində verəcəyini bildirib.

F-1.az xatırladır ki, meksikalı pilotun 2017-ci ildə Kimi Rəykkönenin əvəzinə Ferrari-yə keçə biləcəyi deyilirdi. Lakin bu gün Ferrari komandası Kiminin daha bir il də yarışacağını bildirib. Növbəti mövsüm üçün iddialı komandaların demək olar ki, heç birində yer olmadığına görə, Serxionun böyük komandalara keçməsi üçün növbəti şansın 2018-ci ildə yaranacağını deyə bilərik.

Növbəti il üçün müqaviləsinin olduğunu inkar etməyən Serxio Silverstounda jurnalistlərə gələn ay gələcək karyerası barədə düşünmək və bir qərara gəlmək istədiyini bildirib.

Serxio Peres: “Əvvəllər də dediyim kimi, gələcəyimlə bağlı hələ bir planım yoxdur. Bu barədə bir qədər istirahət etdikdən sonra düşünmək istəyirəm. Hazırda işlərim çoxdur və enerjimi buna sərf etmək istəmirəm. Önümüzdəki 4 həftə ərzində 3 yarış var və təqvimin belə sıx olduğu bir dövrdə komandam üçün əlimdən gələnin ən yaxşısını etmək istəyirəm. Mənim üçün əsas olan yarışlarda maksimumu etmək və xallar qazanmaqdır. Sonra komandamla oturub gələcək barədə danışacayıq”.

Komanda rəhbəri Vicey Malyanın Peresin 2017-ci ildə də komandada olacağına işarə etməsinə münasibət bildirən Peres deyib: “Bunu deyə bilmərəm, amma gələcəyimlə bağlı qərarı özümün verəcəyimi deyə bilərəm. Məni səhv başa düşməyin, demirəm ki, onun dediyi səhvdir. Sadəcə mən gələcəyimlə bağlı qərarımı hələ ki, verməmişəm”.

Peres bu mövsüm 2 dəfə podiuma yüksəlməklə hamının diqqətini cəlb etdiyini düşünür. Buna görə də, atacağı hər bir addımın onun karyerası üçün həlledici olacağına inanır: “Özümə verməli olduğum çox sual var. Karyeramda vacib bir nöqtəyə gəlmişəm. Çox da gənc deyiləm – 26 yaşım var və növbəti illər karyeramın ən yaxşı illəri olacaq. Mən də o illəri ən səmərəli şəkildə keçirməyə çalışmalıyam”.

Meksikalı sürücü son olaraq da Ferrari-nin Kimi Rəykkönen ilə müqaviləsini daha 1 il uzatması məsələsinə toxunub: “Mən həmişə deyirdim, Ferrari ilə əlaqəm yoxdur. Çempion olmaq üçün ən yaxşı heyətə sahib olmaq istəyirlər, çünki Ferrari böyük komandadır və onlar çempionluq uğrunda mübarizə aparmağa məcburdurlar. Kimi ilə müqavilə bağladılar və mən də onlara bol şans arzu edirəm. Mənim üçün heç bir şey dəyişməyib”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 396
Teqlər , , , ,
Paylaş

logo