17 Noyabr 2019, Bazar - 14:17

Ron Dennis – Formula1 karyerası şəkillərlə…

Ron Dennis – Formula1 karyerası şəkillərlə…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:19 - 19 Noyabr, 2016

Bu günlərdə McLaren Group-da tutduğu bütün vəzifələrindən istefaya göndərilmiş Ron Dennisin Formula1-də debütü 1965-ci ilə təsadüf edir. F-1.az əfsanəvi şəxsiyyətin karyerasına bir daha şəkillərlə nəzər salıb…

Hər şey 1965-ci ildə başladı, 18 yaşlı Ron anadan olduğu Uokinqdə məktəbi yarımçıq qoyduqdan sonra yiyələndiyi mexanik peşəsini Formula1-in Cooper komandasında davam etdirməyə başladı. Cooper artıq geriləməkdə olan komanda idi. Komandanın əsas sürücüsü Bryus MakLaren olsa da, Ron digər sürücü – avstriyalı Yoxen Rindtin mexaniki təyin olundu.

1965, Cooper, Ron Dennis, Yochen Rindt
1965-ci il, Cooper, Ron Dennis və Yoxen Rindt

 

Amma sanki Ronun gəlişi ilə komanda canlandı və Yoxen yeni komanda yoldaşı Con Sörtizlə birlikdə 1966-cı ildə 6 dəfə podiuma qalxdı, Con isə Meksikada komandanın tarixində sonuncu qələbəsini də qazandı.

Ron Dennis, Cooper, 1966, Yochen Rindt
1966-cı il, Cooper, Ron Dennis, Yoxen Rindt

 

Amma növbəti uğursuz mövsüm Yoxeni başqa komandaya keçməyə məcbur etdi, ona görə də 1968-ci ildə Ron da sürücüsü ilə birlikdə Brabham komandasına keçdi. Komandanın qurucusu Cek Brəbhəm Ronun işgüzarlığını bəyəndiyi üçün onu tezliklə baş mexanik təyin etdi.

Brabham, Ron Dennis, Jack Brabham
1968-ci il, Brabham, Ron Dennis və Cek Brəbhəm

 

Komandada ilk yarışında podium qazanan Yoxen Rindt bir də mövsümün sonunda podiuma qalxdığı üçün Lotus komandasına keçməyə qərar verdi. Amma bu dəfə Ronun da sürücünün dalınca getməsinə Cek Brəbhəm mane oldu – Ron komandada etibar olunan adam idi. Bir çox qərarları Cek mütləq Ronla müzakirə edir və gənc oğlanın ağlına heyran qalırdı.

Brabham, Ron Dennis, Jack Brabham
1970-ci il, Brabham, Ron Dennis və Cek Brəbhəm

 

Amma 1970-ci ilin sonunda Cek komandasını Berni Ekklstouna satmağa məcbur oldu. Ron isə Berni ilə dil tapmadığı üçün nəinki komandanı, hətta çempionatı belə tərk etməli oldu. Ron yeni bir layihəyə start verdi – Project 4 adlanan layihə çərçivəsində RonDel Racing komandasını quran britaniyalı mütəxəssis aşağı seriyalarda çıxış etməyə başladı. Məqsədyönlü danışıqları ilə işgüzar dairələri maraqlandırmağı bacaran Ron tezliklə Formula3 və Formula2 çempionatlarına da öz komandasını çıxartdı.

Bütün iştirak etdiyi seriyalarda qələbələr qazanan Ron Formula1-ə möhtəşəm qayıdış planı hazırladı və 1980-ci ildə onu reallaşdırdı. Ron keçmiş dostu Bryusun qurduğu McLaren komandası ilə müqavilə imzaladı. Onun Project 4 şirkəti komandanın səhmlərinin bir hissəsini aldı və həmin gündən bu günədək komandanın hazırladığı bütün maşınlar MP4 ( Marlboro Project 4) indeksi aldılar.

McLaren, John Barnard, Ron Dennis, Teddy Mayer, Tyler Alexander, Chraiton Brian
1980-ci il, McLaren, Con Barnard, Ron Dennis, Teddi Mayer, Tayler Aleksander, Kreyton Brayan

 

1981-ci ildə komandanın başçısı Teddi Mayer bütün səhmlərini Rona sataraq bütün vəzifələrini də xələfinə verərək komandanı tərk etdi. Yeni maşının hazırlanmasını Ron gənc mühəndis Con Barnarda həvalə etdi və yanılmadı.

McLaren, Teddy Mayer, Ron Dennis, John Barnard
1981-ci il, McLaren, Teddi Mayer, Ron Dennis və Con Barnard

 

Sürücü seçimində həmişə ağıılı tərpənən Ron bu dəfə seçimində fərqlənir – qocalmayan Con Uotson və gənc Andrea de Çezaris. Con Silverstounda MP4-1 maşını ilə ilk dəfə podiumun zirvəsinə qalxaraq komandanın dördillik qələbə həsrətinə son qoydu.

McLaren, Ron Dennis, John Barnard and John Watson
1981-ci il, McLaren, Ron Dennis, Con Barnard və Con Uotson

 

1982-ci ildə britaniyalının sərt tələblərinə dözməyən Andrea komandanı tərk etdi. Əvəzində Ron ikiqat dünya çempionu Niki Laudanı əmin etdi ki, ikiillik fasilədən sonra məhz McLaren-lə çempionata qayıtmalıdır. Niki Ronun təklifini qəbul etdi və Conla hərəsinə 2 qələbə qazanmaqla mövsümün sonunda McLaren komandasını Mühəndislər Kubokunda 2-ci yerə yüksəltdi.

McLaren, Niki Lauda, Ron Dennis, Tyler Alexander
1982-ci il, McLaren, Niki Lauda, Ron Dennis və Tayler Aleksander

 

1983-cü ildə komanda yalnız bir qələbə qazandı – amma bu qələbə bütün statistik məlumat kitablarında qeyd olunur. Çünki Qərbi ABŞ Qran Prisində qələbə qazanan Con Uotson 22-ci yerdən start almışdı – rekord bu günədək qalamqdadır. Mövsümün sonunda Ron Renault komandasından qovulmuş Alen Prostu komandasına dəvət etdi. Çempionluğu son yarışında əldən vermiş fransalı sürücü təklifi dərhal qəbul etdi.

1984-cü il komandanın tam üstünlüyü ilə keçdi. Amma sonda gözlənilmədən gənc Prost deyil, daha təcrübəli Lauda Ron Dennisə ilk çempionluğu bəxş etdi. Komanda yoldaşlarını sonuncu yarışdan sonra cəmi yarım xal ayırdı. Mövsümdə 12 qələbə qazanan komanda isə Mühəndislər Kubokunda da birinci oldu.

McLaren, Ron Dennis, Alain Prost, Niki Lauda, Ayrton Senna
1984-cü il, McLaren, Ron Dennis, Alen Prost, Niki Lauda və Ayrton Senna

 

Növbəti iki ildə Alen Prost karyerasında ilk titullarını qazandı. 1985-ci ildə Niki Lauda Prostla birlikdə komandaya ardıcıl ikinci Mühəndislər Kubokunu qazandıqdan sonra karyerasını başa vurduğunu elan etdi. Onun yerinə komandaya əvvəlcə dünya çempionu Keke Rosberq, daha sonra isə Stefan Yohansson dəvət olundu. Hər iki sürücüdən razı qalmayan və 1987-ci ildə titulsuz qalan Ron bu dəfə seçimini Ayrton Sennanın üzərində saxladı. 1987-ci ilin sonunda elan olunan Alen Prost və Ayrton Senna cütü bu günə qədər Formula1-in bəzəyi sayılır.

McLaren, Ron Dennis, Alain Prost, Ayrton Senna
1988-ci il, McLaren, Ron Dennis, Alen Prost və Ayrton Senna

 

Dörd ardıcıl mövsüm, dörd ardıcıl qələbə, həm sürücülər, həm də komandalar arasında birinci. 1988-ci ildə Ayrton Senna ilk titulunu qazansa da, 1989-cu ildə Alen Prost 3-cü titulu qazanaraq komandanı tərk etdi. Növbəti iki ildə Senna da iki titul qazanmaqla əzəli rəqibi ilə bərabərləşdi. 1991-ci ilin sonunda hiss olunurdu ki, Ədrian Nyunin hazırladığı Williams maşınları çox güclüdürlər və gələn il ciddi rəqib olacaqlar. Hər şey gözlənildiyi kimi oldu – Naycel Mənsell mövsümün əvvəlində ardıcıl qələbələr qazanmaqla titula iddialı olduğunu sübut etdi. Qələbələr seriyasını Senna yalnız mövsümün 6-cı yarışında sevimli Monakoda qıra bildi – Ron yenə də knyazın lojasına kubok üçün özü qalxdı.

McLaren, Ayrton Senna, Nigel Mansel, Ron Dennis, Monaco Grand Prix
1992-ci il, Monako Qran Prisi, McLaren, Ayrton Senna, Naycel Mənsel və Ron Dennis

1993-cü ildə Honda motorlarını itirən Ron onları əvəz edə biləcək şirkət tapa bilmir. Etibarlı Ford motoru şassiyə uyğunlaşdırılır və Senna mövsümdə 5 qələbə qazanır.  Braziliyalı sürücü yenə də Monakoda qələbə qazanaraq Ronu knyazın lojasına qaldırdı.

McLaren, Ayrton Senna, Ron Dennis, Monaco Grand Prix
1993-cü il, Monako Qran Prisi, McLaren, Ayrton Senna və Ron Dennis

 

Sennanın komandanı tərk etməsindən sonra zəif Peugeut motorları ilə bir il keçirən Ron Mercedes şirkəti ilə müqavilə imzaladı – ənənəvi ağ-qırmızı maşınları gümüşü maşınlar əvəz etdi. Mercedes Motorsport-un başçısı Norbert Hauq tezliklə komandanın zirvəyə qayıdışını vəd etdi. Ron bacarıqlı menecer kimi Ədrian Nyuini də komandasına qoşa bildi. Nyuinin hazırladığı mükəmməl şassi Mercedes motoru ilə komandaya 4 illik fazilədən sonra 1997-ci il mövsümünün ilk yarışında qələbə gətirdi.

McLaren, David Coulthard, Ron Dennis
1997-ci il, McLaren, Devid Kulthard, Ron Dennis

 

Növbəti iki il isə komanda üçün əlamətdar oldu. Komandanın finlandiyalı sürücüsü Mika Həkkinen ardıcıl iki titul qazanmaqla McLaren komandasını çempionatda ən çox qələbə qazanan komanda etdi. 1998-ci ildə McLaren sonuncu dəfə Mühəndislər Kubokuna da sahib çıxdı.

McLaren, Adrian Newey, Mika Hakkinen, Ron Dennis
1999-cu il, McLaren, Ədrian Nyui, Mika Həkkinen, Ron Dennis

 

2000-ci ildə Mika Həkkinen ardıcıl 3-cü titulunu qazanmağa yaxın olsa da, əzəli rəqibi Mixael Şumaxerə məğlub oldu. Bundan  sonra çempiontda Ferrari-nin və Şumaxerin hegemonluğu başladı. Mikanı komandada əvəz edən həmyerlisi Kimi Rəykkönen 2003-cü və 2005-ci illərdə titul qazanmağa yaxın olsa da, əvvəlcə Şumaxerə, sonra isə Fernando Alonsoya uduzdu. 2005-ci il Suzukada 17-ci yerdən start alan Kimi McLaren-lə sonuncu qələbəsini qazandı – növbəti mövsümü qələbəsiz başa vuran komanda mövsümün sonunda finlandiyalı sürücünü Ferrari-yə buraxdı.

McLaren, Ron Dennis, Kimi Raikkonen
2005-ci il, McLaren, Ron Dennis, Kimi Rəykkönen

 

Ron hələ ilk titulunu qazandqdan sonra, yəni 2005-ci ilin sonunda Fernando Alonso ilə 2007-ci il üçün müqavilə imzalamışdı. Alonso 2006-cı ildə də növbəti titulu qazanmaqla komandaya ikiqat dünya çempionu kimi gəldi. Rəykköneni isə Ronun balaca vaxtlarından himayədarlıq etdiyi Lyuis Həmilton əvəz etdi. Cütlük ilk yarışında tam heyətlə podium qazandı, 2-ci yarışda isə dubl etdi.

McLaren, Ron Dennis, Lewis Hamilton, Fernando Alonso
2007-ci il, McLaren, Ron Dennis, Lyuis Həmilton, Fernando Alonso

 

ABŞ və Kanadada qazandığı qələbələrlə çempionata başçılığı ələ keçirən Lyuis Həmilton və Fernando Alonso arasında qeyri-sağlam münasibətin olması kənardan sezilirdi, Ron idarəetməni cilovlamağa çalışsa da başı daha böyük qalmaqala qarışmışdı – komanda Ferrari-nin texniki məlumatlarını oğurladığı üçün “casusluq”da ittiham olundu və 100 milyon dollar cərimələndi. Komandanın Mühəndislər Kubokundakı bütün xalları silindi. Mövsümün sonunda isə əsl uğuruszluq yaşandı. Bir-birindən xal almağa başı qarışan sürücülər çempionatı Kimi Rəykkönenə uduzdular. Alonso yenidən keçmiş Renault komandasına göndərildi, oradan Heykki Kovalaynen isə komandaya gətirildi. 2008-ci ilin son yarışında zəruri nəticəni göstərən Həmilton komandaya sürücülər arasında sonuncu titulu qazandırdı.

McLaren, Lewis Hamilton, Ron Dennis
2008-ci il, McLaren, Lyuis Həmilton, Ron Dennis

 

2009-cu ildə Ron komandaya rəhbərliyi Martin Uitmarşa həvalə edərək özü Mclaren Group-a məxsus yol vatomobillərin isthsalı ilə məşğul olan bölməyə rəhbərlik etməyə başladı. Çempionatda isə reqlamentdə radikal dəyişikliklər olduğu üçün Brawn GP komandası rəqiblərini üstələdi. Komanda ilə çempionluq qazanan Censon Batton Dennisin dəvətini qəbul edərək 2010-cu il McLaren komandasına keçdi. Brawn GP komandasını Mercedes şirkəti aldığı üçün Ron başa düşürdü ki, tezliklə motor təchizatçısını dəyişməli olacaq. Bu arada çempionatda Red Bull komandasının və Sebastyan Fettelin hegemonluğu hökm sürürdü. Censon Batton 2011-ci ildə Kanadada yağış altında komandaya möhtəşəm qələbə qazandırdı.

McLaren, Lewis Hamilton, Jenson Button, Ron Dennis
2011-ci il, McLaren, Lyuis Həmilton, Censon Batton, Ron Dennis

 

2012-ci ilin sonunda Lyuis Həmilton da Mercedes komandasına getdiyini elan etdi. Qarşıdan gələn turbomotor erasında komanda Honda motorlarından istifadə edəcəyini bildirdi. 2014-cü ildə McLaren Honda alyansına Fernando Alonso dəvət olundu. Düzdür, Alonso son iki ildə heç bir podium qazanmasa da, gələn mövsümə böyük ümidlər bağlayır. Amma bu dəfə Ronsuz…

Yasuhira Arai, Jenson Button, Kevin Magnussen, Fernando Alonso, Ron Dennis, McLaren,
2014-cü il, Yasuhisa Arai, Censon Batton, Kevin Maqnussen, Fernando Alonso, Ron Dennis, McLaren

 

 

 

 

 

 

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 587
Teqlər , ,
Paylaş

logo