Niko Rosberqi kim əvəz edəcək?

F-1.az xəbər vermişdi ki, Niko Rosberq titulu qazanmasından bir həftə keçməmiş - dekabrın 2-də Formula1 karyerasını bitirdiyini açıqlayıb. Bu, hamı üçün böyük sürpriz oldu. Çünki yayda müqaviləsini uzadan sürücüdən hamı gələn il daha güclü çıxış etməsini və titulu təsadüfən qazanmadığını göstərəcəyini gözləyirdi.

Artıq qərar verilib – Niko Rosberqi gələn il peletonda görməyəcəyik. Növbəti illərdə qayıdarmı? Bu sualın cavabını bəlkə heç özü də indi bilmir. Bəlkə də, pərdə arxasında elə hadisələr cərəyan edir ki, bundan bizim xəbərimiz yoxdur. Lakin dəqiq olan bir şey var ki, Mercedes AMG Lyuis Həmiltona komanda yoldaşı seçməlidir. Namizədlər isə kifayət qədər çoxdur. Mercedes AMG-nin son illərdəki çıxışını nəzərə alsaq, ora keçmək istəməyən sürücünün olduğuna inanmıram.

Mercedes AMG ilə adı yanaşı çəkilən sürücülərin şanslarını dəyərləndirək.

PASKAL VERLYAYN

pascal-wehrlein

Demək olar ki, Lyuisin komanda yoldaşı olmağa ən real namizəddir. Mercedes-in yetirməsidir və DTM çempionu olaraq özünü təsdiq edib. Manor-dakı çıxışının da qənaətbəxş olması onu göstərir ki, Paskal istedadlı və gələcək vəd edən sürücüdür. Niko açıqlamasında bu qərarını çoxdan verdiyini deyib. Mercedes AMG isə Force İndia-da Hülkenberqdən boşalan yerə Paskalı yox, ondan daha aşağı nəticələr göstərən Esteban Okonu keçirdi. Sual meydana çıxır: Mercedes Paskalı komandaya gətirmək üçün bu addımı atdı? Niko karyerasını bitirə biləcəyini əvvəlcədən komandaya deyibsə, bu, ola bilər. Mercedes AMG ilə dəfələrlə testlərdə işləyən sürücünün komanda ilə tanışlığı da yaxşıdır.

Lakin gənc sürücünün Mercedes AMG-yə keçməsinə mane ola biləcək nüans da var – təcrübəsizliyi. Verlyayn Formula1-də cəmi 21 yarışa çıxıb. Heç bir iddiası olmayan Manor-da çıxış edib. Gələn il reqlament dəyişilir və komanda son 3 ildəki hegemonluğunu itirməklə özünü gərgin mübarizənin içərisində tapa bilər. Belə halda hər bir xal çempionluq üçün vacib rol oynaya bilər və Mercedes AMG onu komandaya gətirməyi riskli addım hesab edə bilər…

 

FERNANDO ALONSO

fernando-alonso

Niko qərarını açıqladıqdan sonra mediada onu əvəzləməyə əsas namizəd kimi məhz Fernandonun adı hallandı. Xatırladaq ki, Fernando Alonso 10 ildir ki, titul qazana bilmir. Ferrari ilə keçirdiyi 5 ildə çempionluğa çox yaxın olan ispan sürücü hər iki halda son yarışda titulu əldən vermişdi. McLaren Honda-ya keçiddən sonrakı dövr barədə isə danışmağına dəyməz. Nəinki çempionluq və ya qələbə, heç podiuma çıxmağa imkan verməyən bolid və mühərrik Alonsonu orta yerlər uğrunda mübarizəyə məcbur edib. O, həmişə üçüncü titulunu əldə etmək istəyini dilə gətirir. Hazırkı vəziyyətdə isə bunu ancaq Mercedes AMG-də reallaşdırmaq mümkündür. Buna görə Fernandonun adını namizədlər siyahısına salmaq olar.

Lakin, onun əleyhinə olan amillər də var. Fernando peletonda ən çox maaş alan sürücülərdən biridir. Lyuisin maaşının çoxluğunu da nəzərə alsaq, komandanın böyük məbləğ tələb edən iki sürücü istəyəcəyi inandırıcı görünmür. Bəs Fernando daha az maaşla Mercedes AMG-yə keçmək təklifini alacağı halda, qazancını çempionluq ehtimalına qurban verəcək? Üstəlik nəzərə almalıyıq ki, Mercedes AMG-yə keçmək heç də çempion olmaq demək deyil. Orada Lyuis Həmilton kimi sürücü var. Alonso ilə müqayisədə daha gəncdir və komanda ilə 4 il keçirib. Üstəlik nəzərə almalıyıq ki, Alonsonun son dəfə qələbə uğrunda mübarizə aparmasından uzun müddət keçib və sürücü, belə demək mümkündürsə, dövrünü bitirib…

 

SEBASTYAN FETTEL

sebastian-vettel

Red Bull-da ardıcıl dörd titul qazandıqdan sonra turbo eranın ilk ilində – 2014-cü ildə komandaya təzə gəlmiş Daniel Rikkardoya məğlub olan Fettelin Ferrari karyerası da uğurlu deyil. 2015-ci ildə 3 qələbə qazanmasına baxmayaraq, böyük ümidlərin bəsləndiyi 2016-cı ili komanda və Fettel qələbəsiz başa vurdular. Bu da azmış kimi, Mühəndislər Kubokunda Red Bull-dan da geri qaldılar. Görünür, Fettelin komanda ilə münasibətləri çox da yaxşı deyil. Komandanın rəhbəri Mauritsio Arrivabene bildirmişdi ki, Fettel Ferrari-də qalmaq üçün buna layiq olduğunu göstərməlidir. Sürücünün özü də verdiyi açıqlamalardan komandası ilə arasında soyuqluq olduğunu hiss etdirmişdi. Mercedes AMG-də titul uğrunda mübarizə aparmaq alman sürücü üçün cəlbedici ola bilər.

Sebastyanın komandası ilə müqaviləsi var. Lakin Formula1-də müqavilənin sadəcə kağız parçasından ibarət olduğunu dəfələrlə görmüşük. Sürücü getmək istəyərsə və ya komanda onu göndərmək istəyərsə, müqavilə buna təsir edə bilmir. İstənilən halda, bunu Fettelin komandadan ayrılması üçün müəyyən qədər əngəl hesab etmək olar. Bir başqa əngəl isə Həmilton ola bilər. Görəsən o, dördqat dünya çempionu ilə eyni komandada olmaq istəyər? Fettel bonus sistemini də nəzərə alsaq, arxada qoyduğumuz mövsümdə ən çox qazanan sürücü olub – Fernando üçün dediklərimiz ona da aiddir…

 

DANİEL RİKKARDO

daniel-riccardo

Daniel peletonun ən istedadlı sürücülərindən biri olduğunu sübut edib. Red Bull-a gəldiyi ilk mövsümdəcə son dörd ilin çempionunu məğlub edən avstraliyalının uğurlu çıxışı arxada qoyduğumuz iki mövsümdə də davam edib. 2015-ci ildə qələbə qazanmasa da, bu il Malayziyada finiş xəttini birinci keçib, İspaniya və Monakoda isə komandanın hesabına qələbədən olub. Elə məhz bu amil də onda komandadan getmək istəyi yaratmış ola bilər. Ferstappenin gəlişindən sonra komandanın ona “işləməsini” bir neçə dəfə görmüşük. Red Bull titul uğrunda mübarizə aparmağa imkan verəcək bolid hazırlayarsa, üstünlüyü Maksa verə bilər. Red Bull bir sürücüyə işləməyi sevən komandadır – bunu Fettellə Uebberin mübarizə apardığı illərdə müşahidə etmişik. Rikkardonun komandadakı illik gəliri 5 milyon dollardır. Mercedes AMG ona mövcud maaşını iki dəfə qaldırmağı təklif etsə, yenə də Nikoya verdiyi maaşdan daha az məbləğ edir (Nikonun maaşı 17 milyon dollar idi).

Belə görünür ki, Rikkardonun da Mercedes AMG-yə keçməsinə mane olacaq yeganə şey müqavilədir. Təbii ki, bu, təklif gələcəyi halda avstraliyalının getməyinə mane ola biləcəksə…

 

CENSON BATTON

jenson-button

İtaliya Qran Prisi ərəfəsində gələn mövsüm yarışmayacağını, 2018-ci ildə isə qayıtmaq ehtimalının olduğunu bildirən Battonu da unutmamalıyıq. Peletonun ən təcrübəli sürücüsüdür və çətin anlarda verdiyi qərarları, ağıllı strategiyaları və pilotajı müzakirə oluna bilməz. Gələn mövsüm reqlamentin də dəyişiləcəyini nəzərə alsaq, Mercedes AMG-nin təcrübəli sürücüyə ehtiyacı ola bilər. Mercedes AMG Censona keçən il McLarendə aldığı maaşı (13 milyon dollar) təklif edərsə, Batton çempionluq şansını da nəzərə alaraq, bir il istirahət etmək qərarını yenidən nəzərdən keçirə bilər.

Lakin Battonun Mercedes AMG-yə keçidinə mane olacaq amillər də var. İlk növbədə, sürücü artıq yarışmaq istəmədiyini bildirib. Hətta son yarışlarda səbrinin çatmadığını, səbirsizliklə mövsümün sonunu gözlədiyini demişdi. Uzun illərdir ki, peletondadır və artıq həyatında yeni səhifə açmaq istəyir. Digər tərəfdən, McLaren-də olarkən Lyuislə münasibətlərinin müəyyən qədər pozulmasını da komandanın nəzərə alması ehtimalı var. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, real çempionluq şansı hamını fikrindən döndərə bilər.

 

MAKS FERSTAPPEN

max-verstappen

Ferstappen barədə Formula1-ə gəldikdən sonra yarışlara maraq qatan iki-üç səbəbdən biri desək, şişirtmiş olmarıq. Olduqca gənc yaşda artıq bir sıra uğurlar əldə edib. İspaniyada Red Bull ilə ilk yarışında qələbə qazanan hollandiyalı dəfələrlə podiuma yüksələrək istedadını sübut edib. Nikonun ayrılıq qərarından bir qədər sonra Twitter-də Mercedes AMG komandasının rəsmi hesabı ilə zarafat xarakterli dialoqa girən Maksın da son üç ilin hegemon komandasına keçmək ehtimalını saymamaq olmaz. Maks hələ çox gəncdir və gələcək vəd edən sürücüdür. Onu hansı komanda istəməz?

Lakin… Maks Red Bull-un yetirməsidir. Heç vaxt belə bir sürücünü əllərindən buraxmaq istəməzlər. Gələn il dəyişəcək reqlament komandanın köhnə günlərinə qayıtmasına səbəb ola bilər və Maks titul uğrunda mübarizədə yaxşı silahdır. Bu ehtimal sürücünün də komandada qalmaq istəməsinə gətirib çıxara bilər.

 

VALTTERİ BOTTAS

valtteri-bottas

Formula1-də keçirdiyi dörd mövsümdə komanda yoldaşına məğlub olmayan finlandiyalı Williams ilə bir dəfə də olsun qələbə qazana bilməyib. Dəfələrlə podiuma yüksəlsə də, maşın ən yüksək pilləyə qalxmağa imkan verməyib. Bu da sürücüdə Mercedes AMG-yə keçmək istəyi yarada bilər. Hazırda ildə 3 milyon dollar qazanan Valtteriyə Mercedes daha yaxşı maaş da təklif edə bilər.

Lakin Valtteri ilə Renault da maraqlanırdı, lakin sürücü qətiyyətlə komandasını tərk etməyəcəyini bildirdi. Williams-ın digər sürücüsünün debütant Ləns Stroll olacağını da düşünsək, komanda Valtterini göndərmək istəməz. Artıq 4 ildir ki, onlar üçün yarışır və müəyyən qədər təcrübəyə sahibdir. Gələn mövsüm isə təcrübəli sürücü hər bir komanda üçün xüsusilə vacib olacaq…

Mənim fikrimcə, əsas namizədlər elə bu sürücülərdir. Mercedes AMG-nin bir başqa yetirməsi Esteban Okonun Force İndia ilə müqaviləsi təsdiq olunub. Kimi Rəykkönenin ora keçmək ehtimalından heç bəhs edilmir. Bu kimi səbəbləri yerdə qalan digər sürücülər üçün də səsləndirmək olar. Yuxarıda qeyd etdiyimiz sürücülərdən əlavə iki güclü namizəd varsa, onlar da Okon və Serxio Peresdir. Lakin qeyd etdiyimiz kimi, hər ikisi Force İndia ilə yenicə müqavilə bağlayıb.

Bütün bunlar ehtimallardır və Mercedes AMG-nin qərarını açıqlayacağı ana qədər çox yazılar yazılacaq, media bir çox sürücünü ora “transfer edəcək”. Bəlkə də, komanda qərarını çoxdan verib. Bəlkə də heç gözləmədiyimiz bir halla qarşılaşacayıq, adını çəkmədiyimiz sürücülərdən biri Lyuisin komanda yoldaşı olacaq.

 

nico-gala

Bəli, bunlar ehtimallardır. Dəqiq olan isə bir şey var: Niko Rosberq nəinki Formula1-də, bəlkə də bütün idman aləmində ilin sensasiyasına imza atdı. Bu qərarı hətta çempionluğundan daha çox danışılacaq. Niko tarixdə bəlkə də çempion pilotdan çox, çempion olaraq Formula1-i vaxtından əvvəl tərk edən sürücü kimi yadda qalacaq. Niko qayıdacaqmı? Bu qərarın əsl səbəbi nə idi? Biz bunları bilmirik. Bunlardan ən azı birini dəqiqliklə deyə bilərik ki, zaman göstərəcək.

Səni yenə peletonda görmək ümidi ilə – UĞURLAR NİKO!

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*