Ötmə imkanlarının minimum olduğu dar və döngəli şəhər trası həftəsonuna ikinci yarışı əlavə etmək üçün ilk baxışda ən məntiqli seçim təsiri bağışlamayıb. Bəs Formula1 bu qərarı verərkən nəyi əsas götürüb?
The Race-in məlumatına görə, Monakoda sprintin keçirilməsinin əsas hərəkətverici qüvvəsi sadəcə şənbə gününə daha bir yarış əlavə etmək deyil, yarış həftəsonunun proqramına müxtəliflik gətirmək istəyi olub.
Sprint formatına əsasən, sürücülərin sərəncamında cümə günü sprintin sıralanma turundan əvvəl cəmi bir məşq olacaq, buna görə də onlar maşınları adi formatda şənbə günü keçirilən sıralanma turundan öncəki üç məşqdə olduğu qədər dəqiq sazlaya bilməyəcəklər. Bu əlavə qeyri-müəyyənlik amili həm sprintdən əvvəl, həm də bazar günü yarışından əvvəl start düzümünə müxtəliflik qata bilər.
Bundan başqa, sprint formatı sayəsində Monakonun şəhər trasında – burada sıralanma turu həftəsonunun ən maraqlı sessiyası sayılır – həmin sessiya iki dəfə baş tutacaq.





