14 Oktyabr 2019, Bazar ertəsi - 00:20

Minus bir

Minus bir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:36 - 28 İyul, 2009

Macarıstan Qran Prisinin sıralanma turundan sonra peleton sürücülərdən birini itirdi – Felipe Massa hələ də süni komadadır, onun səhhəti normaldır, […]

Macarıstan Qran Prisinin sıralanma turundan sonra peleton sürücülərdən birini itirdi – Felipe Massa hələ də süni komadadır, onun səhhəti normaldır, tomoqramması təmzidir, amma indi heç kim deyə bilməz ki, onun reabilitasiyası nə qədər vaxt çəkəcək. Macarıstan Qran Prisinin özündən sonra isə Formula1 daha bir komandanı itirdi – Renault komandası diskvalifikasiya olunub, amma bu dəfə biz dəqiq bilirik ki, komanda bir yarışdan sonra yenidən çempionata qayıdacaq. Ən pis halda… Bu iki minus arasında bir sutka fərq olsa da, son nəticə bir-birilə əlaqədardır…

Dünən Felipe Massanın başına gələn qorxulu insident olmasaydı, daha bir həftə əvvəl Henri Sörtizin ölümü ilə nəticələnən təkər insidenti olmasaydı, Fernando Alonsonun maşınından təkərin qopub ayrılması çox güman ki, cəriməsiz ötüşəcəkdi. Ən uzağı stüardlar bu dərəcədə sərt qərar qəbul etməzdilər… İkiqat dünya çempionunu doğma Qran Pridə iştirakdan mərhum etmək? Onsuz da yarışa bilet satışının pis olduğu bir vaxtda? Onsuz da bir neçə ildir çempionatı tərk etmək istəyən bir komandanı?

Düzdür, söhbət təhlükəsizlikdən gedəndə, məsələnin kommersiya tərəfini düşünmək yaxşı deyil, amma maşından qopan təkər yavaş-yavaş olsa da, düz qoruyucu baryerə tərəf tullana-tullana gedirdi, onun yolunun üstündə isə adam dayanmışdı. Ona görə də cərimə nə qədər sərt görünsə də, stüardların məntiqini başa düşmək və qəbul etmək olar. Birincisi, son bir həftə hamıya elə gəlirdi ki, nəsə bir bədbəxtlik olacaq. İkincisi, təsadüflər başqa şeydir, amma Renault-nun pit-stopunda baş verənlər səhlənkarlıq idi. Məhz buna görə komandanın cəriməsi belə ağır oldu – komanda əmin olmalı idi ki, maşın təhlükə mənbəyi deyil.

Bundan sonra qabaq təkərlərin və stasionar qapaqların bərkidilməsi üsulunu dəqiqləşdirmək lazım gələcək. Hamıya məlumdur ki, qabaq təkəri maşına qoyan iki mexanikdən biri məhz qapağı elə vəziyyətə fırlayır ki, qapaq tam bağlanır və bundan sonra əlini düz vəziyyətdə təkərin üstündə tutur. Pit-stopda dayanan zaman Alonsonun mexaniki maşın yerindən tərpəndikdən sonra qapağı fırlatmağa çalışsa da, bunu edə bilmədi. Qapaq yerində bərkidilməyibsə, bir neçə döngə kifayətdir ki, yerindən çıxsın. Bundan sonra isə aydın oldu ki, təkərin özünü heç nə saxlamır. Yaxşı ki, həmin an Alonso çox yavaş gedirdi və heç kimə xətər toxunmadı. Maraqlıdır, görəsən şənbə günü baş verən insidenti araşdıran zaman, FİA müəyyən etsə ki, Felipeyə çırpılan yay da səhlənkarlığın nəticəsidir, onda FİA yenə də belə sərt qərar qəbul edəcək? Axı bu da mümkündür.

FİA-nın stüardlarının qərarları onsuz da hamı üçün lətifələrə çevrilib, amma hər dəfə yeni qərara təəccüblənirsən. Məsələn, bir həftə əvvəl, Red Bull komandası sıralanma turunda Sebastyan Fetteli pit-stopdan trasa buraxarkən təhlükə yaratdığı üçün cərimə olunmuşdu. Cərimə pul və xəbərdarlıdan ibarət idi. Mənim təsəvvürümdə xəbərdarlıq o deməkdir ki, bu insidnetin təkrarı daha ciddi cərimələnəcək. Yəni, futbolda olduğu kimi, əvvəl sarı kart, sonra isə qırmızı kart. Amma biz nə gördük – komanda bu dəfə yarışda daha təhlükəli insident törədir, bu dəfə Mark Uebberin iştirakı ilə, bəs cərimə nə oldu? Bu dəfə sadəcə xəbərdarlıq.

İndi isə yarışa qayıdaq. Lyuis Həmilton keçən ilin Çin Qran Prisindən sonra birinci dəfə podiuma qalxdı, özü də dərhal ən yüksək pilləsinə. İki həftə əvvəl uğursuz start və bu dəfə əla yarış. Lyuis hələ Monakonun küçələrində mövsümdə ilk qələbəsini qazanmağa hazırlaşmışdı, yavaş döngələrlə dolu olan küçə trası aerodinamik problemlərlə zəngin olan MP4-24 üçün yeganə uyğun tras sayılırdı. O yarışda Lyuis məhz “yeganə şans”ın qurbanı oldu, indi isə həm Lyuis, həm də komanda dəqiq bilirlər ki, praktiki olaraq eyni şəraitdə qalib gələ bilərlər.

Əlbəttə, Həmiltona KERS kömək etdi, elə Hunqarorinqin xarakteri də maşına çox uyğundur. Amma əgər bir ay əvvəl kimsə mənə desəydi ki, Brawn GP və Red Bull maşınlarından sonra birinci qələbə qazanan komanda mövsümöncəsi testlərdə rəqiblərinə 2.5 saniyə uduzan McLaren olacaq, mən heç inanmazdım. Amma deyəsən bu dəfə “gümüşü oxlar” Renalut-nun keçənilki qəhrəmanlıqlarını təkrarlamaq istəyirlər. Bugünkü qələbəni komandanın gələcəyi düşünməsi ilə də əlaqələndirmək olar, məsələn, keçən il Renault Fernando Alonsonu komandada saxlamağa çalışırdı. McLaren-in builki mövsümün ikinci yarısındakı uğurları isə birbaşa 2010-cu ilin uğurlarına yoldur, xüsusən də qaydalar azca dəyişəcək. Amma… Daha nazik qabaq təkərlər və yanacaq bakının böyüdülməsi texniki bazanın dəyişdirilməsini tələb edə bilər…

Monako ilə paralellərə qayıtsaq, Red Bull-un Macarıstandakı nisbi uğursuzluğu böyük sürpriz olmadı. Hələ Monakodan hamı bilirdi ki, RB5 yavaş döngələrlə dostluq etmir. Həm də unutmayaq ki, macar trasının uzun start düzlüyü də komandanın əleyhinə idi – KERS qoyulmuş maşınlar daha yaxşı start alır, Fernando Alonso isə çox yüngül idi. Bəs Brawn GP? Axı Monako Qran Prisinin yekunlarına görə, üstəlik isti havalara görə, komanda daha yaxşı nəticələrə ümid edirdi. Həm də Hunqarorinq çempionatın lideri üçün həlledici olmalı idi. BGP001 həmişə yavaş və ortasürətli döngələrə uyğun sayılırdı, Batton isə təkərə qənaət edən sürücü adı qazanmışdı. Bunlara baxmayaraq iki soyuq yarışdan sonra Macarıstanda komanda daha pis nəticə göstərdi. Deyəsən, ya McLaren-in, Ferrari-nin, Williams-ın və Renault-nun inkişafı daha sürətlə gedir, ya da Brawn GP-nin inkişafı o istiqamətdə getmir. Ross Braun özü problemin nədə olduğunu bilmir, Censon isə artıq dördüncü dövrədə təkərin dağıldığından gileylənir…

Ferrari-nin pərəstişkarları çətin uik-end keçirdilər, hamı xoş xəbərləri trasdan deyil, Budapeştin AEK hospitalından gözləyirdi, amma Kimi Rəykkönenin ikinci yeri tiffoziləri sevindirməlidir. Qeyd etmək lazımdır ki, finlandiyalı sürücü bütün yarışı liderin tempində keçirib, gah yaxınlaşıb, gah uzaqlaşıb, bu isə o deməkdir ki, sıralanma turundakı uğursuzluq və pit-stopdakı problem olmasaydı, qırmızı maşınlar da ilk qələbəni qazana bilərdilər. Niko Rosberq dördüncü dəfə ardıcıl olaraq ilk səkkizliyin ortalarında yarışı başa vurdu, alman sürücü yenə də birinci hissədə pit-stopa daha gec getməklə bir neçə mövqe qazana bildi…

Nəhayət, Xayme Algersuarinin debütünü qeyd etməliyəm, düzdür, tarixin ən gənc sürücüsü yarışı sonuncu cərgədə başa vursa da, özünün ən əsas rəqibini qabaqlaya bildi – komanda yoldaşı Sebastyen Buemini. Düzdür, isveçrəli sürücü trasdan çıxmışdı, amma debütant bütün uik-endi təmiz keçirdi, indi qalır ancaq təcrübə toplamaq və sürəti artırmaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 279
Teqlər
Paylaş

logo