Əlbəttə, bəxt amilini də istisna etmək olmaz – 13-cü dövrədə VSC rejimi tətbiq olunanda Kimi pit-leynə dönməyə və planlaşdırılmış pit-stopunu minimum vaxt itkisi ilə keçirməyə macal tapıb. Həmin anda yarışa başçılıq edən, amma artıq pit-leynin girişini keçən Lando Norris isə Kimidən fərqli olaraq, əlavə bir dövrə vurmağa məcbur qalıb və yalnız bundan sonra təkərlərini dəyişib.
Ancaq bunlar görünən tərəfidir, əslində isə hər şey o qədər də sadə olmayıb. Aston Martin-dən Ləns Strollun əyləcləri sıradan çıxıb, kanadalı mübarizəni dayandırıb və məhz buna görə VSC rejimi tətbiq olunub. Norris pit-leynin girişini bundan cəmi bir neçə saniyə əvvəl keçib, 2-ci yerdə gedən Antonelli isə yarış mühəndisi Piter (Bono) Bonninqtondan trasda baş verənlərlə bağlı məlumat aldıqdan sonra son sektorda əksər sürücülərlə müqayisədə qəsdən daha çox yavaşıyıb.
Auto Motor und Sport-un məlumatına görə, dövrənin 19-cu və 20-ci döngələri arasındakı hissəni Antonelli Norris və ya Ferstappendən bir neçə saniyə daha yavaş keçib ki, bu da ona qərar vermək üçün bir qədər çox vaxt qazandırıb. Telemetriya məlumatları birmənalı şəkildə göstərib ki, Kimi sürətini nəzərəçarpacaq dərəcədə azaldıb, Mercedes komandası isə hadisələrin bu cür inkişafına dərhal reaksiya verib və sürücüsünün maşınına xidmət göstərməyə hazır olub.
“Hər şey mənim üçün ideal anda baş verdi, – deyə o, zəfərli finişdən sonra şərh verib. – Bono məni xəbərdar etdi ki, VSC tətbiq oluna bilər, mən isə həmin vaxt artıq dövrənin son sektorunda idim və tempi azaltmışdım. Pit-leynə girişə qədər bu rejimin tətbiqinə reaksiya verməyə macal tapıb-tapmayacağımı görmək üçün qəsdən bir az yavaşladım. Və hər şey ideal alındı”.
Bu, Antonellinin peşəkar yetkinliyinin və trasda vəziyyətin necə inkişaf edəcəyini öncədən görmək bacarığının növbəti nümunəsi olub, yəni hər şey onu göstərib ki, o, pilotaj zamanı təkcə yarış maşınını inamla idarə etməklə kifayətlənmir, həm də düzgün qərarları şüurlu şəkildə qəbul edə bilir.





