F-1.az xatırladır ki, Fettel Meksika yarışında radio vasitəsilə rəqiblərini təhqir etmiş və media bunun səbəbi kimi almaniyalı ilə komandanın arasının pis olmasını göstərmişdi.
Mauritsio Arrivabene: “Fettellə aramızda problem yoxdur. Bunu bir neçə dəfə demişəm. Sebastyan emosional insandır. Bəzən almaniyalı kimi yox, ispaniyalı kimi davranır. Çox emosional və boliddə olarkən çox əsəbi. Bəziləri düşünə bilər ki, aramız pisdir, amma yox. Biz bir-birimizə qarşı dürüstük. O, özünü işinə həsr edir.
Bir neçə ay əvvəl demişdim ki, işinə çox fokuslanır. Amma bu, tənqid deyildi. Bəzən Meksikadakı kimi “Seb, sakit ol. Başını aşağı sal və işinlə məşğul ol” deyirik. Burada qeyri-adi heç nə yoxdur”.
Arrivabene Ekklstouna da cavab verib. Belə ki, Formula1-in 86 yaşlı rəhbəri bir neçə gün əvvəl “Arrivabenenin köməkçilərə ehtiyacı var” demişdi.
Mauritsio Arrivabene: “Berni öz sözünü inkar edən adamdır. Bunu hamımız bilirik. Səhv etmirəmsə, mənim köməkçiyə ehtiyacım olduğumu deyib. Amma mənim buna ehtiyacım yoxdur. Ferrari yarış şöbəsinin bir hissəsiyəm. Yanımda yüzlərlə adam var. Biz bir komandayıq.
Mattia Binotto tərəfindən idarə edilən texniki qrupumuz var. Onlar çox istəklidirlər və çox yaxşı işləyirlər”.