Komandalar maliyyə reqlamentinə dəyişiklikləri müzakirə edirlər

Formula1-də 2027-ci il mövsümü üçün maliyyə reqlamentinə mümkün dəyişikliklər müzakirə olunur. Məqsəd orta qrup komandalarının liderlərdən geri qalmasını azaltmağa kömək etməkdir.

The Race nəşrinin məlumatına görə, Williams komandasının rəhbəri Ceyms Vaulz reqlamentə xüsusi şərtin əlavə olunmasını təklif edib. Bu şərt ilk dördlüyə daxil olmayan komandaların büdcə məhdudiyyətlərinin nəzərdə tutduğundan daha çox vəsait xərcləməsinə imkan verəcək. Daha konkret təkliflər noyabrda Formula1 Komissiyasının növbəti iclasında təqdim olunacaq.

Vaulz öz təklifini belə əsaslandırıb ki, Formula1 tədricən iki kateqoriyalı çempionata çevrilib – birinciyə lider dördlük, ikinciyə isə qalan bütün komandalar daxildir.

Williams komandasının rəhbərinin fikrincə, hazırkı vəziyyət liderlərin büdcə məhdudiyyətlərindən əvvəl malik olduqları üstünlüklərin nəticəsi olub və müəyyən edilmiş maksimal büdcə həcmi onların liderliyini möhkəmləndirib. Buna görə də kiçik komandalar üçün fərqi azaltmaq praktiki olaraq mümkünsüz olub.

Təkliflərin artıq gələn mövsümdən qüvvəyə minməsi üçün onlar Formula1 Komissiyası tərəfindən təsdiqlənməlidir. Dəyişikliklərin lehinə FIA, FOM və on bir komandadan altısı səs verməlidir.

Bu halda söhbət Williams və daha beş komandadan gedir. Təklif olunan dəyişikliklərin 2028-ci ildə qüvvəyə minməsi üçün isə FIA, FOM və dörd komandanın təşəbbüsü dəstəkləməsi kifayətdir.

The Race-in məlumatına görə, bütün komandalar Ceyms Vaulzun təklifini dəstəkləmir. Lehinə olanlar Audi, Aston Martin, Alpine və Cadillac-dır. Maliyyə reqlamentinin dəyişdirilməsinə ən sərt şəkildə qarşı çıxan tərəf isə Haas-dır.

Amerika komandası onsuz da əlçatan büdcə limitinin hamısından istifadə etmir və əlavə xərc imkanlarının birbaşa rəqiblərinə daha böyük üstünlük verəcəyindən ehtiyatlanır.

Hesab olunur ki, bu məsələdə həlledici rol Racing Bulls-da olacaq. Faensadan olan komandanın təşəbbüsə dəstəyi, Red Bull rəhbərliyini belə dəyişikliklərin açıq şəkildə Racing Bulls-un xeyrinə olmasına baxmayaraq, Red Bull Racing-in əleyhinə işləyə biləcəyinə və buna rəğmən bütövlükdə Avstriya konserninin maraqlarına uyğun olduğuna inandırmağın mümkün olub-olmayacağından asılı olacaq.

Hazırda vəziyyət qeyri-müəyyən olaraq qalır və Sinqapur Qran Prisi günlərində təşəbbüslə bağlı müzakirələrin davam edəcəyi gözlənilir.

,