Komandalar yeni reqlamenti 2022-ci ilə qədər təxirə salmağa hazırdırlar

Koronavirus pandemiyası Formula1-in cari mövsümünə ciddi zərbələr vurmağa davam edir və artıq növbəti mövsümə də təsir etməyə başlayıb.

F-1.az xatırladır ki, 2021-ci ildə çempionatda yeni reqlament qüvvəyə minməlidir, amma indi komandalar onun tətbiqini 2022-ci ilə təxirə salmağa hazırdırlar.

Auto Motor und Sport-un verdiyi məlumata görə, komandalar Formula1-in icraçı direktoru Çeyz Keri ilə telefon konfransı keçirərək cari vəziyyəti müzakirə ediblər. On komandadan doqquzu 2021-ci il mövsümündə bu il istifadə etdikləri şassi, transmissiya və asılqanın detallarını dondurmağa razılıq verib, yalnız Ferrari razılaşmayıb – Skuderiyanın nümayəndələri İtaliyada koronavirusla bağlı ağır vəziyyət üzündən düşünmək üçün əlavə vaxt istəyiblər.

Yekun qərar bu gün axşamı veriləcək. Əgər bütün komandalar yeni reqlamentin 2022-ci ilə təxirə salınmasına razı olsalar, bu, növbəti mövsümün mövcud maşınlarla keçirilməsinə imkan verəcək. Bu qərar həm də komandaları müflisləşmədən xilas edəcək, çünki builki yarışların ləğvi və ya təxirə salınması səbəbindən mükafat pulunun bir hissəsini almayacaqlar və sadəcə növbəti mövsüm üçün yeni maşın hazırlaya bilməyəcəklər.

Racing Point komandasının başçısı Otmar Safnauer yeni reqlamentin təxirə salınmasını müdafiə edib: “Fövqəladə vəziyyəti nəzərə alsaq, başqa çıxış yolumuz yoxdur”.

Belə bir qərar Liberty Media-ya cari mövsüm üçün yeni təqvim tərtib etməkdə rahatlıq verəcək. Əgər çempionatı Bakıda başlamaq mümkün olmasa, mövsüm 2021-ci ilin yanvarına (və ya fevralına) qədər uzadıla bilər, növbəti çempionat isə apreldə (və ya mayda) başlaya bilər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*